Firəngiz Əlizadənin musiqisi
yenə dünya səhnələrində
Almaniyada musiqi nəşriyyatının (“Sikorski
Musicverlage”) əsasını qoyan və uzun illər rəhbəri
olan professor Hans Sikorskinin qeyd etdiyi kimi, Firəngiz Əlizadə
Avropa və Amerikanın konsert səhnələrində və
musiqi həyatında yüksək nüfuza malik olan bəstəkardir.
Sikorskinin fikirləri bu günlərdə Almaniyada təşkil
olunmuş konsertlərdə bir daha öz təsdiqini tapıb.
Bamberq, Münxen və Dortmund şəhərlərində Firəngiz
Əlizadənin yeni əsəri – “Overcoming” (“Müqavimət”)
Laxav Şaninin (Lahav Shani) rəhbərliyi ilə böyük
simfonik orkestrin ifasında səslənib.
Qustav Maler adına dirijorların beynəlxalq müsabiqəsində I yeri
qazanmış Laxav Şani müasir dövrün məşhur
musiqiçisidir. O, əfsanəvi Zubin Metanın varisi olaraq,
dünyanın bir çox məşhur simfonik orkestrləri ilə
çıxış edir.
Firəngiz Əlizadənin “Bamberq Symphoniker”
kollektivinin konsertlərində səslənən əsəri,
musiqi hadisəsi olmaqla yanaşı, həm də siyasi amilləri
özündə ehtiva edir. Konsertlərdə Azərbaycan bəstəkarının
əsəri ilə bərabər, yəhudi bəstəkarı
– Paul Ben-Haimin (Paul Ben-Haim), həmçinin alman klassiki Anton
Bruknerin möhtəşəm 7-ci simfoniyası da ifa olunub.
Əsərlərin müxtəlif dövrlərdə və
müxtəlif məkanlarda yazılmasına baxmayaraq, bu bəstəkarların
hər biri öz musiqisi ilə dünyada sülhün, əmin-amanlığın
əbədi olmasını arzulayır və ifadə edir.
30 noyabr və 1 dekabrda keçirilən konsertlərdə
Bamberq və Dortmund şəhərlərinin rəhbərləri
çıxış edərək, “Şərqin güclü
təfəkkürünə malik olan” Firəngiz Əlizadəni
dünya musiqi mədəniyyətində məxsusi yeri olan
görkəmli bəstəkar kimi xarakterizə ediblər.
Diqqətə çatdırılıb ki, səslənən
əsərlərin əsas mahiyyəti dünyada sülh və
əmin-amanlığın musiqi vasitəsilə tərənnümü
və bu əsərlərin cəmiyyətdə humanist
ideyaların inkişafına mühüm təsiri ilə
bağlıdır. Bu əsərlərin bədii-estetik təsiri
gələcək həyatımızda da insanların mənəvi
zənginliyinin qorunmasına təkan verəcək. Sanki bu əsərlər
gələcəyə də bir mənəvi
körpüdür.
Onu da əlavə edək ki, noyabrın 30-da Firəngiz
Əlizadənin “Oazis” və “Dance” əsərləri Monreal
şəhərində Kanadanın “Molinari” kvartetinin
ifasında da səslənib. Gecədə dünyaca kvartet
musiqisinin məşhurları Bela Batok və Klod Debüssinin əsərləri
ilə yanaşı, Azərbaycan bəstəkarının da əsərlərinin
yer alması musiqi və mədəniyyətimiz adına
qürurverici hadisədir.
Fidan Nəsirova-Əhmədova
BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşı
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.6.