Vyanadakı AMM-də
Aşıq Şəmşirin 130 illiyi qeyd edilib
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət
Mərkəzində (AMM) XX əsr Azərbaycan aşıq sənətinin
görkəmli nümayəndəsi Aşıq Şəmşirin
(1893–1980) anadan olmasının 130 illiyinə həsr edilmiş
tədbir təşkil edilib.
AMM-in rəhbəri Leyla Qasımova giriş
sözündə ümumtürk mədəniyyətində, o
cümlədən Azərbaycan xalqının bədii-mənəvi
həyatında xüsusi yerə malik aşıq
yaradıcılığı barədə məlumat verib. Qeyd
edilib ki, aşıq sənəti musiqi, poeziya, rəqs, teatr
yaradıcılığı kimi elementləri özündə
birləşdirir. 2009-cu ildə Azərbaycan aşıq
yaradıcılığı UNESCO-da Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
daxil edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan
aşıq sənətində görkəmli sələflərinin
yolunu davam etdirmiş Aşıq Şəmşir də
özündən sonra zəngin irs qoyub, həmçinin el
havaları və dastanların mahir ifaçısı olub.
Azərbaycan aşıq sənətinin ilk tədqiqatçısı,
musiqişünas Eminə Eldarovanın qızı, filologiya
üzrə fəlsəfə doktoru Dilarə Mirəhmədova-Əlizadə
də Aşıq Şəmşirlə bağlı fikirlərini
bölüşüb. Qeyd edib ki, E.Eldarovanın təşəbbüsü
ilə Aşıq Şəmşirin ifasında 75 aşıq
havası lentə köçürülüb və
onların çoxu indi Azərbaycan Radiosunun fondunda
saxlanılır.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini, Aşıq Şəmşirin nəvəsi Cavid
Qurbanov babası ilə bağlı xatirələrini
bölüşüb. Bildirilib ki, 30 il bundan əvvəl Ermənistanın
işğalı nəticəsində Aşıq Şəmşir
və onun atası Ağdabanlı Aşıq Qurbanın əlyazmaları
Kəlbəcər rayonunda məhv edilib. Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə
qazandığımız şanlı Zəfər sayəsində
Dədə Şəmşirin yurdu Kəlbəcər də
azaddır, sənətkarın ruhu da şaddır.
Sonra Aşıq Şəmşirin həyat və
yaradıcılığına həsr olunmuş sənədli
film nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin dosenti, sənətşünaslıq üzrə
fəlsəfə doktoru Fəzail Miskinlinin rəhbərliyi ilə
aşıqlar çıxış ediblər. Vyanada
yaşayan gənc musiqiçilər Abuzər Manafzadə
(fortepiano) və Ruhulla Əzizin (kamança) də iştirak
etdiyi proqramda sözləri Aşıq Şəmşirə məxsus
el havaları ilə yanaşı, sevilən bəstəkar
mahnıları da ifa edilib.
Mədəniyyət .- 2023.-6 dekabr(№90).- S.8.