“Yerlə göy arasında”
Xalq rəssamı Fərhad Xəlilovun sərgisi
Noyabrın 30-da YARAT Müasir İncəsənət Məkanı
XX - XXI əsrlər Azərbaycan Rəngkarlığı
Muzeyində Azərbaycan Rəssamlar İttifaqının sədri
Xalq rəssamı Fərhad Xəlilovun “Yerlə göy
arasında” adlı fərdi sərgisini təqdim edib.
Sərgidə rəssamın son illərdə
yaratdığı rəngkarlıq tabloları, həmçinin
bu günə qədər nümayiş olunmayan qrafika əsərləri
yer alıb.
YARAT Müasir İncəsənət Məkanının
bədii rəhbəri Fərəh Ələkbərli diqqətə
çatdırıb ki, sərginin adından da
göründüyü kimi, burada müəllifin daha çox
abstrakt mövzulu əsərləri nümayiş olunur.
Ötən əsrin 60-70-ci illərində
ümumittifaq sərgilərində fərqli dəst-xətti
ilə fərqlənən Fərhad Xəlilovun həqiqi “sənət
məktəbi” o dövrdəki Moskvanın qeyri-rəsmi bədii
həyatı olub. O, İlya Kabakov, Oleq Tselkov, Yuri Kuper, Yevgeni
Çubarov kimi rəssamların mühitində yetişib,
püxtələşib və yüksək bədii dəyərlər
aləminə bələd olaraq, milli ənənələrə
bağlı rəssam kimi formalaşıb. Moskva Ali Bədii-Sənaye
Məktəbində təhsilini bitirəndən sonra Azərbaycana
dönən rəssamın sənətdə əsas həmfikirləri
Cavad Mircavadov, Əşrəf Murad və Sənan Qurbanov olub.
“Yerlə göy arasında” adlı sərgidə rəssamın
uzunillik yaradıcılığına istiqamətlənən
və poetik mövzulardan ilham alan əsərləri
nümayiş olunur. Ətrafı hiss etdiyi kimi kətanda təsvir
edən rəssamın əsərlərində təbiətin
müxtəlif halları ifadə olunub. Məhz bu halların
açıqlanması sərginin qayəsini təşkil edir.
“Yerlə göy arasında” rəssamın ilham
aldığı ünsürlərə
bağlılığıdır.
Tədbirdə Fərhad Xəlilov haqqında
qısametrajlı sənədli film də nümayiş olunub.
Gənc rejissor Türkan Hüseynin çəkdiyi filmdə rəssam
ömür yolu, həyata, sənətə baxışı
barədə danışır, Abşeron mühitindən,
sevgisindən, gənclik dostları və sənətdə həmfikirləri
haqqında söhbət açır.
Sərginin təşkilatçılarına və tədbirə
qatılanlara minnətdarlığını bildirən rəssam
öz sənət dünyasından və ekspozisiyada yer alan əsərlərdən
danışıb.
Fərhad Xəlilovun XX - XXI əsrlər Azərbaycan
Rəngkarlığı Muzeyində sərgisi gələn il
fevralın 17-dək davam edəcək.
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.8.