Qazaxıstanın
etno-folklor ansamblının konserti
Xəbər verdiyimiz kimi, 2-4 dekabr tarixlərində
Bakıda Qazaxıstan Mədəniyyəti Günləri
keçirildi.
Dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində
Qazaxıstan Mədəniyyəti Günlərinin
açılış mərasimi oldu və dost ölkənin
“HasSak” etno-folklor ansamblının konserti təqdim edildi.
Açılış mərasimində diplomatik
korpusun təmsilçiləri, Qazaxıstandan incəsənət
ustaları, Mədəniyyət Nazirliyinin əməkdaşları
və digər qonaqlar iştirak edirdilər.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim
Bayel iki ölkə arasındakı ortaq mədəniyyətlərdən
danışdı. Bildirdi ki, türksoylu xalqlar olaraq Azərbaycan
və Qazaxıstanı ortaq mədəniyyətlər birləşdirir:
“Mədəniyyət günləri çərçivəsində
tamaşa nümayişi, rəsm sərgisi və incəsənət
ustalarının iştirakı ilə qala-konsert təqdim
olunacaq. Bu gün səhnəyə çıxacaq etno-folklor
ansambl qazax milli mədəniyyətinin özəlliklərini
sizlərə təqdim edəcək”.
Mədəniyyət nazirinin müşaviri Oleq
Əmirbəyov qeyd etdi ki, iki ölkə arasında əlaqələr,
digər sahələrdə olduğu kimi, mədəniyyət
sahəsində də inkişaf edib. Bu sahədə münasibətlərin
daha da dərinləşdirilməsi vacibdir.
Çıxışlardan sonra “HasSak” etno-folklor
ansamblının konserti təqdim edildi. Beş üzvdən
ibarət ansambl qazax milli musiqi alətlərində yüksək
performans nümayiş etdirdi. 30 milli alətdə məharətlə
ifa edən ansambl eyni zamanda milli kukla teatrı ənənələri
əsasında kompozisiyalarla tamaşaçıların
alqışını qazandı.
Qeyd edək ki, 2013-cü ildə yaradılan ansambl
ötən illər ərzində xalq musiqisi sahəsində
bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq
görülüb. Ansambl “Etnik musiqi” nominasiyası üzrə
“World folk vision” beynəlxalq müsabiqəsinin Qran-pri, “Central
Asia Got Talent” beynəlxalq istedad müsabiqəsinin
“Qızıl düymə” mükafatlarının sahibidir.
“Dörd ildən sonra Bakıda
tamaşaçılarla görüşümüzdən
çox şadıq”
Konsertdən öncə “HasSak” ansamblının rəhbəri
Yerjhan Jamenkeyevdən təəssüratlarını
bölüşməsini istədik. O, Bakıda olduqlarına
görə məmnunluğunu dilə gətirdi.
– Azərbaycan sevərək səfər etdiyimiz
ölkələrdən biridir. İlk növbədə dərin
tarixi köklər, zəngin mədəniyyət və qonaqpərvərliyinə
görə. Onu da deyim ki, ilk dəfə 2015-ci ildə burada
olmuşam. Sonra Azərbaycan Milli Konservatoriyasında magistr və
doktorantura təhsili almışam. Qrupumuzla isə 2019-cu ildə
gəlmişik. Dörd ildən sonra yenidən Bakıda
tamaşaçılarla görüşümüzdən
çox şadıq.
– 5 nəfərlik qrupda 30 alətdə ifa etmək
çətin deyil?
– Əsla. Biz 5 nəfər olmaqla hərə bir
neçə alətdə ifa etməyi, hətta solo
oxumağı da bacarırıq. İnanıram ki, Bakı
tamaşaçılarına maraqlı bir musiqi ərməğanı
edəcəyik.
– Səhnə üçün nəzərdə
tutduğunuz bu kiçik heyvan fiqurları nəyi ifadə
edir?
– İstinad etdiyimiz qazax nağılında olduğu
kimi, hekayənin əsas qəhrəmanı
dağkeçisidir. Onun ətrafında da maral, ayı, at və
digər heyvanlar var. Ata oğlunu Altaya səyahətə dəvət
edir və hekayə boyunca bu heyvanların da öz rolu var.
Kompozisiya uşaqlar üçün nəzərdə tutulsa
da, böyüklərə də maraqlı gəlir. Musiqi alətləri
ilə Altay üçün simvolik olan bu heyvanların səslərini
də çatdırırıq.
– Repertuarınızda Azərbaycan musiqisi yer
alırmı?
– Bu gün təqdim olunacaq “Qədim İpək Yolu”
adlı kompozisiyamızda bu yol üzərində olan ölkələrin,
eləcə də Azərbaycanın ritmlərini səsləndirəcəyik.
Bu əsər ümumtürk motivlərini əhatə edir.
– Ansamblınızın 10 yaşı var. Bu illər
kollektiv üçün necə keçib?
– Sizə bir sirr açım. Bizim birgə fəaliyyətlə
bağlı müqaviləmiz belə yoxdur. Buna baxmayaraq 10
ildir ki, sevə-sevə birlikdə milli musiqimizi təbliğ
edirik. Çünki mədəniyyətimizi çox sevirik.
Bundan gözəl nə ola bilər ki...
Lalə
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.3.