Gec qalmayın deyə...
Antalya teatrının “Gecikənlər”i Bakı səhnəsində
Çətindir. Həm də dözülməz.
Əlin hər şeydən üzülüb və sən ən
doğmalarını itirib özünlə təkbaşına
hesab çürüdürsən. Nə dava eləməyə,
nə hesab soruşmağa, nə də edib-etmədiyin
yanlışlarına görə üzr istəyəcək
kimsən qalıb. Sən hamı və hər şey
üçün gecikmisən...
Dekabrın 4-də Mədəniyyət Nazirliyi və
Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı
ilə gerçəkləşən “Qonaq teatr” layihəsi
çərçivəsində Antalya Böyükşəhər
Bələdiyyəsi Şəhər Teatrı Pərvin
Ünalpın “Gecikənlər” (“Gec kalanlar”)
tamaşasını təqdim etdi. ATXİ-nin səhnəsində
təqdim olunan tamaşaya Əməkdar artist Nofəl Vəliyev
quruluş verib.
Nümayişdən əvvəl çıxış
edən Xalq artisti, ATXİ-nin sədr əvəzi Hacı
İsmayılov qonaq kollektivi salamlayaraq onları Bakıda
görməkdən məmnunluğunu bildirdi. Dedi ki, iki
qardaş ölkə arasındakı teatr sahəsində əlaqələr
intensiv xarakter alıb. Azərbaycanlı rejissorlar Türkiyənin
teatrlarında mütəmadi tamaşalar hazırlayırlar.
Eyni zamanda Azərbaycan teatrlarının Türkiyəyə
qastrol səfərləri təşkil olunur.
Sonra Antalya teatrının təqdimatında iki ruh –
ana və oğul ilə iki canlı – bacı və
qardaşın həyatla ölüm, xəyalla gerçəklik
arasındakı var-gəlinə tamaşa etdik.
Avtomobil qəzasında ölən ərinin itkisi ilə
barışmayıb gününü onunla ruh
bağlantısında keçirən, çox sevdiyi
arvadını öldükdən sonra da “tərk etməyən”
gənc kişinin kədəri bütün tamaşa boyu izləyicini
qarabaqara izləyir və “Mən gecikdim,
yanlışlıqlara yol verdim, hissə qapıldım.
Çalış, sən belə etmə” deyə
pıçıldayır...
Alqışlarla qarşılanan tamaşadan sonra
Antalya Böyükşəhər Bələdiyyəsi Şəhər
Teatrı Türkiyə-Azərbaycan mədəni əlaqələrinin
inkişafındakı xidmətlərinə görə və
yaranmasının 40 illik yubileyi münasibətilə
ATXİ-nin fəxri fərmanı ilə
mükafatlandırıldı. Həmçinin teatrın
yaradıcı heyətindən Mehmet Özgür, Hasibe
Aygül Özgür, Sencan Köymen, Safinaz Özgür,
Anıl Şereflioğlu, Selim Turqay Deli, Seyfi Albayrak, eləcə
də tamaşanın rejissoru Əməkdar artist Nofəl Vəliyev
fəxri fərmanla təltif olundular.
Həmidə
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.1;2.