“Qərbi Azərbaycan
xalçaları: tarixi naxış yaddaşımız”
Dekabrın 5-də Milli Xalça Muzeyində “Qərbi
Azərbaycan xalçaları: tarixi naxış
yaddaşımız” adlı sərgi açılıb.
“Heydər Əliyev İli” çərçivəsində
təşkil edilən sərgi Mədəniyyət Nazirliyi,
Milli Xalça Muzeyi və Qərbi Azərbaycan
İcmasının birgə dəstəyi ilə ərsəyə
gəlib. Sərginin layihə rəhbəri Milli İncəsənət
Muzeyinin direktoru Şirin Məlikovadır.
Tədbirə “Ermənistandan didərgin
salınmış azərbaycanlıların təhlükəsiz
şəkildə və ləyaqətlə geri
qayıdışını təmin etmək: qlobal kontekst və
ədalətli həll” mövzusunda Bakıda keçirilən
beynəlxalq konfransın iştirakçıları da
qatılıblar.
Açılış mərasimində
çıxış edən Qərbi Azərbaycan
İcması Qadınlar şurasının sədri, Milli Məclisin
deputatı Məlahət İbrahimqızı Qərbi Azərbaycanda
xalça sənətindən danışıb. Bildirib ki,
soydaşlarımızın doğma yurdlarından deportasiya
olunması ilə bu bölgənin
xalçaçılığına da böyük zərbə
vurulub. Uzun illər mənimsənilən Azərbaycan
xalçaları erməni xalçaları kimi təqdim
edilib. Bütün maneələrə baxmayaraq, Qərbi azərbaycanlılar
hər zaman ata-babalarından miras qalmış sənəti
qoruyub saxlayıblar.
Qeyd edək ki, sərgidə Qərbi Azərbaycanın
Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək və
Loru mahallarına aid rayon və kəndlərdə müxtəlif
sənətkarlar tərəfindən toxunan 21 məşhur
kompozisiyalı xalça və xalça məmulatı
nümayiş olunur. Bunlar doğma yurdlarından deportasiya
edilmiş soydaşlarımızın özləri ilə gətirdikləri,
əziz, müqəddəs əşya kimi qoruduqları
“Qasımuşağı”, “Ləmpə”, “Muğan”,
“Qubadlı”, “Gəncə” və s. xalçalarıdır.
Sərgidə maraqlı kompozisiya quruluşu ilə
seçilən xovsuz xalça – şəddə və məişətdə
geniş istifadə edilən xalça məmulatı – xurcun
nümunələri də yer alıb.
Nümayiş olunan xalçalarla bağlı Azərbaycan
və ingilis dillərində kataloq da çap olunub.
Sərgi yanvarın 5-dək davam edəcək.
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.1.