Ermənistanın mədəni irsdən
bəhs etməyə mənəvi haqqı yoxdur
Avropa Şurası Parlament Assambleyasının
(AŞPA) qış sessiyası ərəfəsində Parisdə
qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin
iclası keçirilib.
Komitə iclasında mədəni irs, təhsil, ifadə
azadlığı, mətbuat və jurnalistikanın aktual
problemlərinə dair məruzələr müzakirə
olunub.
Azərbaycanın AŞPA-dakı nümayəndə
heyətinin üzvü Rafael Hüseynovun sədrliyi ilə
keçirilən komitə iclasında ukraynalı deputat
Yevgeniya Kravçukun hazırladığı “Müharibə
və sülh dövründə mədəni özünəməxsusluğun
aradan qaldırılması”na dair məruzə müzakirə
olunub.
Müzakirələr zamanı R.Hüseynov erməni
deputatın Qarabağdakı erməni mədəni irsinə
guya Azərbaycanın arzuolunmaz münasibət bəsləməsinə
dair çıxışına münasibət bildirib. Ermənistanın
işğalçı qüvvələrinin 30 ilə
yaxın müddətdə Azərbaycanın zəbt
olunmuş ərazilərində milli mədəni irsimizə
vurduğu ziyanları faktlarla diqqətə çatdıran
R.Hüseynov qeyd edib ki, hər bir xalq özünəməxsus
mədəni irs yaratsa da, bu irs bəşəriyyətə məxsusdur.
Ona görə də, onların qorunması, xüsusilə də
hərbi münaqişələr zamanı qorunması
hamının borcudur.
O deyib: “Azərbaycanda, 2020-ci ilin noyabrında 28 illik
işğaldan sonra azad edilmiş Ağdam rayonunun Boyəhmədli
kəndində əlləri göyə
açılmış iri daş heykəl var idi. Bu heykəlin
2200 yaşı vardı və alimlər həmin bölgədəki
bu və digər qədim daş heykəllər barədə
tədqiqat aparıb və yazıblar. O heykəllərin
fotoları 1980-ci illərdə buraxılan albomlarda nəşr
edilib. 2200 yaşı olan bu abidə yalnız Azərbaycanın
sərvəti deyil, bəşəriyyətin sərvəti
idi. Yaşı min illərlə ölçülən mədəni
irs nümunəsini dünyanın hansı guşəsində
yerləşməsindən asılı olmayaraq, hamının
sərvəti hesab etmək olar. Hamımıza məxsus həmin
abidə artıq yoxdur. Müharibənin qurbanına
çevrilib. Bütövlükdə isə 30 ilə yaxın
davam edən işğal zamanı Azərbaycanın ölkə
və dünya əhəmiyyətli 100 mindən artıq mədəniyyət
nümunəsi yararsız hala salınıb və qəsb
edilib, 500-dək tarixi və 100-dən çox arxeoloji abidə,
22 muzey dağıdılıb”.
Deputat bildirib ki, Ermənistan tərəfinin guya
onların mədəni irsinə Azərbaycan tərəfindən
hər hansı zərər vurulmasına dair iddiaları ən
azı kinayəli gülüşlə qarşılana bilər.
Rafael Hüseynov Azərbaycan mədəni irsinə
qarşı erməni vandalizminə bilavasitə şahid
olmasından da söz açıb:
“İşğalçı həmin əraziləri xarabazara, əsl
cəhənnəmə çevirib. Nəinki mədəni
irsin hər hansı nümunəsi, hətta ən adi tikililər
belə bünövrəsinədək məhv edilib.
Bunları edən tərəfin heç bir əsas olmadan
qarşı tərəfi ittiham etməyə, ümumilikdə,
mədəni irsdən bəhs etməyə mənəvi
haqqı varmı?! Əlbəttə yoxdur, ən yaxşısı
susmaq və özünü biabır etməməkdir”.
Mədəniyyət .- 2023.- 6 dekabr(¹90).- S.2.