Mədəniyyət
naziri qazaxıstanlı həmkarı ilə
görüşüb
Mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də
ölkəmizdə səfərdə olan Qazaxıstanın mədəniyyət
və informasiya naziri Aida Balayeva ilə görüşüb.
Nazir Aida Balayevanın rəhbərlik etdiyi nümayəndə
heyəti dekabrın 2-dən 4-dək Bakıda keçirilən
Qazaxıstan Mədəniyyəti Günləri ilə
bağlı ölkəmizə səfərə gəlib.
Görüşdə nazir Adil Kərimli ölkələrimizin
əməkdaşlıq əlaqələrindən bəhs edərək
bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında dostluq və
qardaşlıq münasibətləri, dövlət
başçılarımız tərəfindən əsası
qoyulmuş strateji tərəfdaşlıq, bütün sahələrdə
olduğu kimi, mədəniyyət sahəsinə də
müsbət təsirini göstərir. Adil Kərimli mədəniyyət
və incəsənətin müxtəlif sahələrində
əməkdaşlığın daha da möhkəmləndirilməsi
üçün birgə layihələrin həyata
keçirilməsinin önəmini vurğulayıb.
Nazir Aida Balayeva da iki ölkə arasında əlaqələrin
yüksək səviyyəsindən məmnunluğunu bildirərək
qeyd edib ki, ölkələrimiz arasındakı dostluq
münasibətləri mədəniyyət sahəsində əməkdaşlığın
dərinləşdirilməsinə də münbit zəmin
yaradıb: “Bu mənada Azərbaycanla Qazaxıstan arasında
ikitərəfli əlaqələrin uğurla
inkişafında tarixən dostluq və qardaşlıq prinsipləri
ilə yaşayan xalqlarımızın, xüsusən də
dövlət başçılarımızın etibarlı və
davamlı dostluğu mühüm rol oynayır. İntensiv ikitərəfli
və çoxtərəfli formatda əməkdaşlığın
mədəni sahədə də dinamik inkişafa təsirini
görürük”.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Mədəniyyət .- 2023.- 6 dekabr(№90).- S.2.