Dost gəlişi
bayram olar...
Qazaxıstan Mədəniyyəti Günləri sərgi
və qala-konsertlə başa çatdı
Xəbər verdiyimiz kimi, 2-4 dekabr tarixlərində
Bakıda Qazaxıstan Mədəniyyəti Günləri
keçirildi. Mədəniyyət günlərinə
dekabrın 4-də Heydər Əliyev Mərkəzində sərgi
və qala-konsertlə yekun vuruldu.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin
sədri Sahibə Qafarova, mədəniyyət naziri Adil Kərimli,
Qazaxıstanın mədəniyyət və informasiya naziri
Aida Balayeva və digər rəsmilər, iki ölkənin mədəniyyət
və incəsənət xadimləri iştirak edirdilər.
Tədbirdən öncə nazir Aida Balayeva media
nümayəndələrinə açıqlama verdi. Azərbaycan
xalqını ərazi bütövlüyünün bərpası
münasibətilə təbrik edən nazir dedi ki,
xalqlarımız ən çətin vəziyyətlərdə
həmrəy olub və bir-birlərinin qələbələrinə
ürəkdən seviniblər. Ölkələrimiz
arasında dil və mədəni yaxınlıq bütün
istiqamətlərdə quruculuq fəaliyyətini gücləndirməyə
imkan verir.
O, Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin
iki ölkə prezidentləri arasında əldə olunmuş
razılıq əsasında keçirildiyini diqqətə
çatdırdı: “Gələn il Qazaxıstanda Azərbaycan
mədəniyyəti günlərinin keçirilməsi
planlaşdırılır. Bu da öz növbəsində
ölkələrimiz arasında mədəni-humanitar sahədə
qarşılıqlı münasibətlərə yeni təkan
verəcək”.
Qala-konsertdə Qazaxıstanın ən yaxşı
kollektiv və ifaçılarının
çıxış edəcəyini vurğulayan nazir dedi:
“Belə mədəniyyət tədbirlərinin keçirilməsi
bizə bir-birimizi daha da yaxından tanımaq,
qarşılıqlı əlaqələr qurmaq və iki
ölkənin incəsənət xadimləri arasında gələcək
əməkdaşlıq planlarını müəyyən etmək
imkanı verir”.
Aida Balayeva Azərbaycan Respublikası Prezident
Administrasiyasının məsul əməkdaşları və
mədəniyyət naziri Adil Kərimli ilə mədəni-humanitar
sahədə əməkdaşlıq üzrə konkret fəaliyyət
planlarının müzakirə olunduğu görüşləri
də xatırlatdı: “Kitabxana və muzey işi,
kinematoqrafiya sahəsində təcrübə mübadiləsindən
danışdıq. Əməkdaşlarımızın
ixtisasını artırmağımız və
yaradıcı təcrübə mübadiləsi
aparmağımız çox vacibdir. Gələn ildən
münasibətlərimizdə yeni, yaradıcı mərhələ
başlayacaq. Biz yalnız nailiyyətlərimizi deyil, mədəniyyət
və informasiya sahəsində mövcud olan bir sıra
problemli məsələlərin müzakirəsinə kömək
edəcək müxtəlif tədbirlərin keçirilməsini
planlaşdırırıq. Düşünürəm ki,
bütün bunlar bütövlükdə xalqlarımız
arasında dostluq münasibətlərinin möhkəmlənməsinə
kömək edəcək.
“Sərgi xalqımızın milli ruhunu əks etdirir”
Sonra qazax mədəniyyətini özündə əks
etdirən sərginin açılışı oldu.
Nazir Aida Balayeva çıxış edərək
ölkələrimiz arasında mədəni əlaqələrdən
söz açdı. Bildirdi ki, dost ölkələr olaraq Azərbaycan
və Qazaxıstan hər zaman bir-birinin rifahı və regionda
sülhə nail olmaq üçün çalışıb:
“Qazax rəssamların tarix və mədəniyyətimizi əks
etdirən sərgisi xalqımızın keçmişinə
bir səyahətdir. Bugünkü sərgi
xalqımızın milli ruhunun tərənnümüdür.
Biz bu sərgidə həm də qazax xalqının qədim
keçmişini və rəssamlarımızın mədəni
irsə baxışını görəcəyik”.
Bəzən siyasətdən də güclü olan mədəniyyətin
xalqların həyatında mühüm rol
oynadığını vurğulayan qazaxıstanlı nazir
qeyd etdi ki, mədəni əlaqələr xalqları
yaxınlaşdırır, ölkələri birləşdirir,
sülh yaradır: “Azərbaycana gətirdiyimiz sərginin
ekspozisiyasında Qazaxıstanın gənc rəssamlarının
işləri yer alır. Biz bu nümunələr arasında ənənəvi
sənətlə müasir tətbiqi sənət növlərinin
sintezini görürük. Ümid edirəm ki, rəngkarlıq,
qrafika, toxuma, dekorativ-tətbiqi sənət növlərinin
müasir nümunələri və instalyasiyalar azərbaycanlı
sənətsevərlər tərəfindən maraqla
qarşılanacaq. Sərgidə qazax rəssamlarının
müxtəlif janr və üslublarda 46 əsəri
nümayiş olunur. Onların hər biri qazax incəsənətinə
və mədəniyyətinə yeni yanaşmaları
nümayiş etdirir”.
Aida Balayeva çıxışından sonra üzərində
görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın
portreti olan xalçanı Milli Məclisin sədri Sahibə
Qafarovaya hədiyyə etdi.
Daha sonra Heydər Əliyev Mərkəzinin
böyük zalında mədəniyyət günlərinin
qala-konserti oldu.
Salamlama nitqi üçün səhnəyə
çıxan nazir Aida Balayeva qeyd etdi ki, iki ölkə
arasında əlaqələr xalqlarımızın
qardaşlığı ilə yanaşı, dövlət
başçılarımızın dostluq münasibətləri
üzərində qurulub. Bu dostluq və hərtərəfli əməkdaşlıq
bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə
daha da yaxınlaşdıracaq.
Nazir bildirdi ki, Qazaxıstanda mədəniyyət sahəsinə
xüsusi diqqət ayrılır: “Biz azərbaycanlıların
qazax xalqına olan sevgi və hörmətini hər zaman hiss
edirik. Ortaq dəyərlərimizin tanınması və təbliğində
də hər zaman Azərbaycanın dəstəyini hiss
etmişik. Bu günlərdə Odlar Yurdu Azərbaycan təkcə
ümumi kökləri deyil, həm də mehriban qonşuluq və
dostluğun yeni cəhətlərini kəşf edərək
qardaş qazax xalqının mənəvi dünyasına qərq
olub. Bu, ölkələrimizin son dövrdə dövlət
başçılarımızın iradəsi və səyləri
sayəsində reallaşan siyasi, sosial-iqtisadi və mədəni-humanitar
yaxınlaşmasının məntiqi nəticəsidir”.
Qazaxıstanda Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin xatirəsinin əziz tutulduğunu,
adının əbədiləşdirildiyini deyən xanım
nazir iki ölkənin görkəmli ədib və mütəfəkkirlərinə
də xalqlarımız tərəfindən
qarşılıqlı şəkildə ehtiram bəslənildiyini
vurğuladı. Qazaxıstanda Məhəmməd Füzuli, Azərbaycanda
Abay Kunanbayev, Əhməd Baytursınulı adına
küçələrin olması da bunun təsdiqidir: “Bizim
üçün Azərbaycan etibarlı qonşu, inamlı
dost və qardaş ölkədir. Bizi, sadəcə, Xəzər
sahilləri ayırır. Bu möhtəşəm ölkə
dünyaya dahi Nizami, Füzuli ilə yanaşı, müasir
dövrdə Müslüm Maqomayev, Rəşid Behbudov, Polad
Bülbüloğlu kimi sənətkarlar bəxş edib”.
“Azərbaycan bizim üçün Türk
dünyasının mədəni mərkəzidir.
Qazaxıstan Mədəniyyəti Günləri çərçivəsində
biz bir daha Azərbaycanın
böyük mədəni potensiala malik olduğunun
şahidi olduq” deyən Aida Balayeva nitqinin sonunda tədbirlərin
təşkilinə görə Azərbaycanın Mədəniyyət
Nazirliyinə və Qazaxıstanın Azərbaycandakı Səfirliyinə
minnətdarlığını bildirdi.
Yaddaşlarda yaşayacaq musiqi axşamı
Sonra səhnə Qazaxıstan incəsənət
ustalarının ixtiyarına verildi. Rəqs, vokal və milli
musiqilərdən ibarət proqram tamaşaçılar tərəfindən
alqışlarla qarşılandı. Qazaxıstanın “Səltənət”
Dövlət Rəqs Ansamblının “El səltənəti”
adlı xoreoqrafik kompozisiyası ilə başlayan gecədə
“T&Y” qrupu (dombra), Medet Çotabayev və “Sazgen sazı”
etno-folklor ansamblı, “Şöhrət” ordenli Zarina
Altınbayeva, beynəlxalq müsabiqələr laureatları
Nazim Saqıntay, Ulpan Abdikərimova, Qalımcan Narımbetov
(akkordeon), beynəlxalq müsabiqələr laureatı
Bakıtjan Janturqanov (violonçel), “Violas” qrupu, beynəlxalq
müsabiqələr laureatı Satjan Şamenov ifaları ilə
tamaşaçıların könlünü oxşadılar.
Əməkdar incəsənət xadimi Əlişir Kərimov,
Astana Dövlət Opera və Balet Teatrının solistləri
– Əməkdar incəsənət xadimi Aygerim Beketayeva, beynəlxalq
müsabiqələr laureatı Bekzat Orınbayev, “HasSak”
etno-folklor ansamblı, “Ulytau” və “IL Canto” qruplarının
çıxışları xüsusi alqış qazandı.
Qala-konsert “Səltənət” ansamblı və Fikrət
Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının birgə müşayiətində
Qazaxıstanın Xalq artisti Roza Rımbayevanın ifası ilə
yekunlaşdı.
Bununla da ölkəmizdə keçirilən
Qazaxıstan Mədəniyyəti Günləri başa
çatdı.
Dost ellərə səfər növbəsi bundan sonra
bizdədir. 2024-cü ildə Qazaxıstanda Azərbaycan Mədəniyyəti
Günlərinin keçirilməsi nəzərdə tutulur.
L.Azəri
Mədəniyyət .- 2023.- 6 dekabr(¹90).- S.1;3.