Yeniyetmə rəssamın uğurları
Xəbər verdiyimiz kimi, Mərakeş və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə bu ölkənin Bakıdakı səfirliyi tərəfindən “Mərakeş gənc azərbaycanlı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib. 6-18 yaş arasında iştirakçılar nəzərdə tutulan müsabiqənin məqsədi Mərakeş və Azərbaycan xalqları arasında əlaqələri təşviq etmək, eyni zamanda gənc nəsildə yaradıcılığa marağı artırmaq, istedadları üzə çıxarmaq idi.
Müsabiqədə əl işləri bəyənilərək təltif olunan müəlliflərdən biri də Bakıdakı 3 nömrəli Uşaq-gənclər yaradıcılıq mərkəzinin “Palitra” rəsm dərnəyinin (dərnək rəhbəri – Nərmin Abdulllayeva) yetirməsi Zivər Rzadır. 14 yaşlı rəssamın “Mərakeşdə bir gün adlı” çoxkompozisiyalı əsəri peşəkar münsiflər tərəfindən yüksək dəyərləndirilib. Onu da qeyd edək ki, müsabiqənin münsifləri iki ölkənin tanınmış rəssamları – Mahi Binebine və Abderrahim Yamou (Mərakeş), Əsmər Nərimanbəyova və Nərgiz Quliyeva (Azərbaycan) olub.
Zivər Rza erkən yaşlarından təsviri sənətə böyük maraq göstərir. İndiyədək bir çox müsabiqələrdə fərqlənib. Bu günlərdə ona daha bir diplom Rusiyanın Sankt-Peterburq şəhərindən gəlib. Ümumrusiya A.S.Puşkin Muzeyinin təşkilatçılığı ilə keçirilən “Hər şey uşaqlıqdan başlayır” adlı 5-ci Beynəlxalq Uşaq və Gənclər Yaradıcılıq Festivalının təsviri sənət müsabiqəsinə əl işini göndərən Zivər 1-ci dərəcəli diploma layiq görülüb. Yeniyetmə istedada yeni uğurlar arzulayırıq.
Mədəniyyət.- 2023.- 1
fevral.- S.7.