Adı kiçik, özü böyük...
Atalarımız deyib yol böyüyündür. Bəli, xalq təqviminə görə də qış fəslinin şərti bölgüsündə ilk olaraq Böyük çilləyə yol, meydan verilir. Ən uzun yol, zaman qət edən də elə odur – 40 gün.
Böyük çillə dekabrın 21-dən çıxdığı 40 günlük yolun sonuna yetişdi. Yanvarın 31-də Kiçik çillənin dövranı başladı. Ömrü iyirmicə gün olsa da, çiləsi adı kimi kiçik deyil. Sanki qış fəsli bütün zəhmini, qəzəbini bu iyirmi günə sığdırmağa çalışacaq. Hazırda dünyanın üzləşdiyi ciddi quraqlıq fonunda Kiçik çillənin qar-boranla müşayiət olunan şıltaqlığı toy-bayram kimi qəbul ediləcək...
Ulularımız həm də deyib ki, qışdan qorxmayın, çünki qarşıdan yaz gəlir. Amma zaman heç nəyə baxmır. İnsan fəsilləri də, illəri də günbəgün yaşayır. Özü də ümidlə, min bir arzuyla. Yoxsa dörd para olmuş ilin içində yeni bölgülər – Böyük çillə, Kiçik çillə, Boz ay və s. kimi təsəlli nöqtələri, istinadları tapardımı?!
Tanınmış folklorşünas-alim, professor Məhərrəm Qasımlı yazır ki, ulularımız qışı dərd-bəla, müşkül, çətinlik kimi qəbul etdiklərindən onu iki yerə bölərək “Böyük çillə” (böyük çətinlik) və “Kiçik çillə” (kiçik çətinlik) adlandırıblar. Qış yerini yaza təhvil verən zaman yandırılan tonqala el arasında “çillə qovan tonqal” deyilməsi və Novruzqabağı keçirilən mərasimlərə (qulaq falı, üzüksalma, oddan, sudan atlanma və s.) “çillə çıxartma”, “çillə kəsmə” adı verilməsi də qışın ağrı-acı, dərd-bəla, sıxıntı kimi “çillə” obrazında folklor biçimi qazandığını göstərir.
Əzəli elimiz, dağlıq ərazi olan Göyçə mahalında (Ağkilsə kəndi) ömür sürmüş Dədə Ələsgər də bəlkə elə beş aya yaxın sürən qış çiləsindən bezib usandığı üçün “Çəkmiyə” rədifli qoşmasını “İnsan payız ölə, yazda dirilə, Zimistanda boran-qarı çəkmiyə” misraları ilə başlayır. Daha bir ağkilsəli – Şair Məhəmməd (1857-1937) isə “Birdi” rədifli gəraylısında qışla bağlı ustadlar ustadı həmkəndlisindən fərqli düşüncə ortaya qoyur. O, həyat şəraitinin insanın duyğularına təsirsiz ötüşmədiyini dilə gətirir:
Kəklik ötər qış keçəndə,
Ovçu yanar boş keçəndə.
Güzəranın boş keçəndə
Qış da birdi, yaz da birdi...
İnsan
cavan çağının
bitməsini istəmədiyi
kimi, qış da Kiçik çillənin timsalında
öz “oğlan çağı” ilə vidalaşmaq istəmir... Yaxınlaşan yazın “təhlükəsindən” “duyuq
düşən” Kiçik
çillə bütün
qüvvəsini səfərbər
edərək qışın
adına layiq iz qoymağa
çalışır. Qar daha çox küləyin müşayiəti ilə
yağır, onu dalanlara, künc-bucağa toplamağa çalışır.
Sanki qarı əbədi
saxlamaq üçün
qoruyur, gizlədir.
Ancaq, necə deyərlər, qorxunun əcələ faydası
yoxdur...
Bir də baxacağıq ki, iyirmi gün də gəlib keçdi. Boz ay üz-gözünü bozardıb
Kiçik çilləni
birilliyə qeybə göndərəcək... Və biz də
əlimizi səməni
təmənnası ilə
dən kisələrinə
salacağıq. Çünki
çiçəksiz bahar
olmadığı kimi,
səmənisiz də
Novruz olmur...
Fariz Yunisli
Mədəniyyət.- 2023.- 1
fevral.- S.4.