Bakı Marionet Teatrı yenidən Fransaya festivala dəvət alıb
Bakı Marionet Teatrı Fransanın Şarlövil-Mezyer
şəhərində keçirilən
ənənəvi Beynəlxalq
Marionet Teatrları Festivalına yenidən dəvət alıb. Bu barədə teatrın təsisçisi, bədii
rəhbəri və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu məlumat verib.
Xatırladaq ki, Bakı Marionet Teatrı pandemiyadan əvvəl, 2019-cu ildə 20-ci Şarlövil-Mezyer Beynəlxalq Marionet Teatrları Festivalında iştirak edib. Kollektivin festivalda nümayiş etdirdiyi “Leyli və Məcnun” marionet tamaşası böyük maraqla qarşılanıb. Kollektiv ilk dəfə qatıldığı festivalda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası əsasında hazırladığı marionet tamaşası ilə seyrçilərin böyük rəğbətini qazanıb.
1961-ci ildə əsası qoyulmuş Şarlövil-Mezyer Beynəlxalq Marionet Teatrları Festivalında dünyanın hər yerindən truppalar tamaşalar təqdim edir. Əvvəllər 3 ildən bir keçirilən festival 2009-cu ildən etibarən 2 ildən bir keçirilir.
Tərlan Qorçu qeyd edib ki, teatrın qastrol səfərləri ilk dəfə 1990-cı ildə Fransadan başlamışdı. Teatrın hazırladığı “Arşın mal alan” marionet tamaşası da ilk dəfə orada göstərilmişdi. “Uzun illər səhnəmiz olmadığından əsasən qastrol səfərlərinə gedirdik. Səfərlərimiz daha çox Avropa ölkələrinə olurdu, çünki orada marionet teatrlarını daha çox sevirlər. Bu teatrların repertuarı əsasən opera və musiqili tamaşalardan ibarətdir. Bu səbəbdən də marionet teatrlarını böyüklər üçün olan teatr da adlandırmaq olar”, – deyə o bildirib.
Ötən illərdə teatr Fransadan savayı Polşa, İsveçrə, Almaniya və sair ölkələrdə tamaşalar göstərib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə 2013-cü ildən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrının 2018-ci ildən artıq öz binası da var.
Hazırda teatrın repertuarında iki tamaşa – Üzeyir Hacıbəylinin ölməz əsərləri əsasında hazırlanmış “Arşın mal alan” və “Leyli və Məcnun” marionet tamaşaları var. Tərlan Qorçu bildirib ki, marionet tamaşa hazırlamaq çox maliyyətli və 4-5 il vaxt tələb edən işdir. Bədii rəhbər növbəti tamaşa kimi Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasını Bakı Marionet Teatrının səhnəsinə gətirmək istəyir.
Mədəniyyət.- 2023.- 1
fevral.- S.3.