“Gəncliyin səsi”

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti festival

 

2 fevral Azərbaycan Gəncləri Günüdür. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan əlamətdar gün Azərbaycan gəncliyinə, gənclərin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Ulu öndər tərəfindən təməli qoyulmuşbu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.

Yaradıcı gənclərə diqqət və qayğı da bu sahədə dövlət proqramlarının prioritet istiqamətlərindəndir. Bu məqsədlə müxtəlif layihələr həyata keçirilir, yaradıcı gənclərin xaricdə təhsilinə dəstək göstərilir, beynəlxalq festival və müsabiqələrdə iştirakı təmin edilir.

Gənclər Günü ənənəvi olaraq hər il ölkəmizdə müxtəlif mədəniyyət layihələri ilə qeyd olunur.

1-8 fevral tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əlamətdar günə həsr olunmuş IX “Gəncliyin səsi” festivalı keçiriləcək. Festivalın məqsədi gənclərin yaradıcı sahəyə marağının artırılması, onların istedadının üzrə çıxarılması və tanıdılması, sənət fəaliyyətinin təşviq edilməsidir.

Festival çərçivəsində Bakıda və Gəncədə silsilə tədbirlər keçiriləcək. İncəsənətin müxtəlif sahələrini təmsil edən gənclərin ölkənin aparıcı teatr-konsert müəssisələrinin səhnəsində çıxışı onlara stimul olacaq. “Gəncliyin səsi” festivalı gənc muğam ifaçılarını, vokalçıları, aşıqları, instrumental ifaçıları, rəqqas və balet artistlərini, aktyorları sənətsevərlərlə bir daha görüşdürəcək.

“Gəncliyin səsi” festivalının rəngarəng proqramı var.

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində VIII “MuğamTeleviziya Müsabiqəsi qaliblərinin iştirakı ilə konsert keçiriləcək.

Gənclərin bayramında – fevralın 2-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesinin motivləri əsasında eyniadlı tamaşa ingilis dilində nümayiş olunacaq.

Gənc bəstəkarların diplom işlərindən ibarət konsert proqramı Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq. Fevralın 3-də keçiriləcək konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Heydər Əliyev Sarayında gənc istedadların xeyriyyə konserti isə həm də Ulu öndərin 100 illik yubileyinə həsr olunub. Musiqisevərlər festivalın bu konsertini 4 fevralda izləmək imkanı qazanacaqlar.

Nizami yurdu Gəncə də festivala ev sahibliyi edəcək. Fevralın 6-da Gəncə Dövlət Filarmoniyasında “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti keçiriləcək.

ADA Universitetində (7 fevral) Azərbaycan Dövlət Simli Kvartetinin konserti isə tələbə gənclərə əsl bayram töhfəsi olacaq.

Festivala ayın 8-də filarmoniyanın Kameraorqan musiqisi zalında yekun vurulacaq. Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətində gənc solistlər çıxış edəcək.

 

Lalə Azəri

Mədəniyyət.- 2023.- 1 fevral.- S.1;2