Şuşa ilə Vesprem
dostlaşdı
Türk dünyasının və
Avropanın mədəniyyət paytaxtları
Xəbər verildiyi kimi, yanvarın 30-da Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı Azərbaycanın Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzalayıblar.
2023-cü ildə Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı”, Vesprem şəhəri isə “Avropanın mədəniyyət paytaxtı”dır.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev memorandumun əhəmiyyətini yüksək qiymətləndirib.
Baş katib qeyd edib ki, Türk dünyasının və Avropanın mədəniyyət paytaxtları arasında belə bir anlaşma sənədi qarşılıqlı fəaliyyətlərimiz üçün yeni imkanlar açır: “Bu fürsəti hər baxımdan dəyərləndirmək lazımdır. Mədəniyyət, maarifləndirmə, təbliğat fəaliyyətləri istiqamətində bu fürsətdən istifadə etməliyik”.
Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı da sözügedən memorandumun Türk dünyası ilə Avropa arasında mədəniyyət əlaqələrinin genişlənməsinə, Türk dünyası mədəniyyətinin Avropada tanınmasına təkan verəcəyini bildirib.
O diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı ilə imzalanan bu sənəd mahiyyət etibarilə Türk dünyası və Avropa mədəniyyətini bir araya gətirən ilk layihədir: “Avropanın müxtəlif şəhərləri hər il “Avropanın mədəniyyət paytaxtı” elan olunur və bu tədbirin açılışına TÜRKSOY nümayəndələri, eləcə də TÜRKSOY Daimi Şurasının qərarı ilə seçilən “Türk dünyasının mədəniyyət paytaxtı”ndan da nümayəndələr dəvət olunur. Artıq bir neçə ildir bu ənənə davam edir. Keçən il də Serbiyanın Novi Sad şəhərindəki mərasimə “Türk dünyasının mədəniyyət paytaxtı” Bursadan qonaqlar dəvət edilmişdi. Bu il də yanvarın 21-də Macarıstanın Vesperm şəhərində tədbir keçirildi. Bu tədbirdə iştirak edən TÜRKSOY-un baş katibi Sultan Raev də qardaşlaşmış şəhər təklifini verdi. TÜRKSOY hər zaman Avropa və Türk dünyası mədəniyyət paytaxtlarını birləşdirməyə çalışır”.
Elçin Qafarlının sözlərinə görə, Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” olması ilə əlaqədar may ayında nəzərdə tutulan tədbirə TÜRKSOY tərəfindən Avropadan da nümayəndələr dəvət olunacaq: “Biz Vespermdən də qonaqlar dəvət edəcəyik. İnanıram ki, bu, Şuşa ilə Vesperm, Azərbaycanla Macarıstan və bütövlükdə Türk dünyası ilə Avropa Birliyi arasında əlaqələrin inkişafına böyük töhfə verəcək. Fikrimcə, bu, çox təqdirəlayiq haldır. Bununla da, Şuşa vasitəsilə daha bir tarixi hadisəyə imza atılmış oldu”.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2023.- 1
fevral.- S.1;2.