Görkəmli bəstəkar, unudulmaz pedaqoq
Musa Mirzəyevin xatirəsi məzarı
başında anıldı
Bu il tanınmış bəstəkar, Xalq artisti, professor Musa Mirzəyevin (1933-2016) anadan olmasının 90-cı ildönümüdür. Bu münasibətlə yanvarın 27-də Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət xadimləri, bəstəkarın ailə üzvləri II Fəxri xiyabanda sənətkarın məzarını ziyarət etdilər.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova qeyd etdi ki, Musa Mirzəyev Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yer tutan bəstəkarlardan biridir: “Azərbaycan bəstəkarlıq məktəbinin seçilən nümayəndələrindən olan Musa Mirzəyev yaratdığı rəngarəng əsərləri ilə milli musiqi salnaməmizi zənginləşdirib. Mən xoşbəxt insanam ki, Musa Mirzəyev kimi müəllimim olub”.
F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayev bəstəkarla bağlı xatirələrini bölüşdü. Bildirdi ki, Musa Mirzəyevin əsərləri hər zaman yaşayacaq.
Sənətkarın oğlu, bəstəkar İlyas Mirzəyev atasının xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Xatırladaq ki, Musa Abdulla oğlu Mirzəyev 1933-cü il yanvarın 26-da Bakıda anadan olub. 1951-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) dahi bəstəkar Qara Qarayevin sinfini bitirib. Həmin ildən Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində gənclər xorunun konsertmeysteri, 1978–1979-cu illərdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının bədii rəhbəri olub. Sonra həyatını yaradıcılığa həsr edib. 1993-cü ildən ömrünün sonunadək BMA-da çalışıb, peşəkar musiqiçilər nəslinin yetişməsinə töhfələr verib.
Musa Mirzəyevin əsərləri tanınmış musiqi kollektivləri tərəfindən ifa edilərək respublikada və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. “I simfoniya”, “Simfonietta”, simli orkestr üçün “II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar, o cümlədən “Sədini oxuyarkən”, “Bayram poeması”, habelə kvartet, trio, sonata-kapriççio, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası, “Romantik poema”, vokal silsilələri, mahnıları, xor əsərləri və s. onun yüksək peşəkarlığının təzahürüdür.
Yaradıcılığı və Azərbaycan musiqi mədəniyyətində xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilən bəstəkar “Xalq artisti” fəxri adına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. M.Mirzəyev 2016-cı il yanvarın 29-da vəfat edib.
Nurəddin
Mədəniyyət.- 2023.- 1
fevral.- S.5.