“Nəğməmə inan”
Musiqili Teatrdan Polad Bülbüloğlunun
doğum gününə hədiyyə
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında “Nəğməmə inan” adlı tamaşa hazırlanıb.
Teatrın rus bölməsinin iştirakı ilə səhnəyə qoyulan musiqili komediyanın premyerası bəstəkarın doğum günündə – fevralın 4-də təqdim olunacaq. Tamaşa fevralın 5-də də oynanılacaq.
Teatrdan bildirilib ki, tamaşanın librettosunun və mahnıların mətninin müəllifi Mixail Şerbaçenko, quruluşçu müəllifi teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edəcək.
Xatırladaq ki, vaxtilə
Rusiyanın bir neçə teatrında
oynanılan bu əsərin
radio-tamaşasında baş rolu Polad Bülbüloğlunun
özü səsləndirib.
Mədəniyyət.- 2023.- 3
fevral.- S.5.