Tanınmış naşir,
tərcüməçi Azər Mustafazadə
dünyasını dəyişib
Ədəbiyyatşünas, tərcüməçi, publisist, naşir Azər Mustafazadə yanvarın 31-də, ömrünün 84-cü ilində vəfat edib.
Azər Abdulla oğlu Mustafazadə 27 mart 1939-cu ildə Bakıda dünyaya göz açıb. 1964-cü ildə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Tərcümə şöbəsini bitirib. 1964–1969-cu illərdə “Literaturnı Azerbaydjan” jurnalında ədəbi işçi, məsul katib işləyib. 1969–1971-ci illərdə Moskvada nəşr edilən “Literaturnaya qazeta”nın Azərbaycan üzrə xüsusi müxbiri olub. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin Azərbaycan ədəbiyyatı üzrə şurası sədrinin müavini (1972-1983), Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsi sədrinin müavini (1983-1985), Azərbaycan KP MK-nın Mədəniyyət şöbəsinin müdiri (1987-1988), Azərbaycan KP MK Şəki Şəhər Komitəsinin birinci katibi (1988-1990) vəzifələrində çalışıb. 1990-cı ildən Azərbaycan Dövlət Nəşriyyatının (“Azərnəşr”) direktoru olub.
1961-ci ildən bədii tərcümələr, publisistik və tənqidi məqalələri ilə mətbuatda çıxış edən A.Mustafazadə 1969-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Moskvada işlədiyi müddətdə Fərman Kərimzadənin “Qarlı aşırım”, Sabir Əhmədlinin “Yamacda nişanə”, Mirzə İbrahimovun “Mənim həyatımın kitabı” və s. kitabları rus dilinə çevirərək çap etdirib.
A.Mustafazadə Rusiyanın “Əməkdar mədəniyyət işçisi” (1982), Azərbaycan Respublikasının “Şöhrət” (2014) və II dərəcəli “Əmək” (2019) ordenlərinə layiq görülüb. 2009-cu ildən Prezident təqaüdçüsü idi.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2023.- 3
fevral.- S.6.