Xoşbəxt və nümunəvi sənətkar
Elə aktyorlar var ki, sənətdə qazandıqları nailiyyətlərlə yanaşı, insanlarla xoş davranışlarına, səmimiyyətlərinə görə də sevilirlər, rəğbət qazanırlar. Xalq artisti Rafiq Əzimov da sənət uğurlarına və ətrafındakılara olan səmimi davranışına görə ikiqat hörmət qazanıb. Sənətə gəldiyi vaxtdan (1962) teatr və kino sənətimizin inkişafına töhfələr verən aktyor fevralın 6-da 85 yaşını qeyd edəcək. Yubilyara cansağlığı arzulayır, həmkarlarının söhbətlərində fərdi xüsusiyyətlərinə, sənət yoluna daha yaxından bələd oluruq.
Kinoda debüt işi “Əmək və qızılgül” filmində olan Rafiq Əzimov ümumilikdə 20-dən çox bədii filmdə çəkilib, həmçinin kinostudiyanın dublyaj şöbəsində çalışıb. “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmində Oleq, “Bir cənub şəhərində” sosial dramında Sabir, “Qızıl uçurum” kino dramında Qüdrət və başqa personajları ustalıqla səsləndirib, baxımlı edib.
Aktyorun səsləndirdiyi yaddaqalan ekran personajlarından biri də “Uşaqlığın son gecəsi” filmindəki Murad obrazıdır. Müstəqil həyata qədəm qoyan, cəmiyyətdəki yerini müəyyənləşdirməyə çalışan Murad ağıllı olduğu qədər də çılğın, baməzə xüsusiyyətə malikdir. Ətrafındakılara münasibətini, fərdi düşüncəsini çox vaxt qeyri-ciddi mimika və jestlərlə ifadə edir. İlk baxışda sadə, səmimi olduğu güman edilən gənc, əslində, tənbəl, ərköyün, bəzən mürəkkəb, bəzən coşqun, bəzən kədərli, düşüncəli davranışa malikdir. Rafiq Əzimovun ifadəli səsi rolun fərdi cəhətlərini dəqiqliklə çatdırır, obrazı həm də səsi ilə məharətlə canlandıraraq ifaçını (Xalq artisti Ənvər Həsənov) bir daha məhşurlaşdırır.
Əməkdar artist Əliqulu Səmədovun fikirlərinə diqqət edək: “Rafiq Əzimovun sənətinə, şəxsiyyətinə böyük hörmətim var. Onu ilk dəfə “Yeddi oğul istərəm” filmində görmüşdüm. Onda 17 yaşım vardı. Heç ağlıma gəlməzdi ki, Rafiq Əzimovla nə vaxtsa filmlərə çəkiləcəm, dublyaj olunan filmlərin səsləndirilməsində iştirak edəcəm. O, yüksək mədəniyyətə malik insandır, simasından nur tökülür. Ciddiliyi ilə yanaşı təvazökardır. Onu bir dəfə də olsun ucadan danışıb-gülən görməmişəm. Teatrda və kinoda yaratdığı obrazları elə bil həyatdakı xasiyyətini tamamlayır.
Mənim də rol aldığım “Bircəciyim” filmində çəkiliş proseslərində görüşürdük. Xasiyyəti o qədər mülayimdir ki, heç kim ondan incimirdi, rejissor da onunla rahat işləyirdi. Gecikməyi sevməzdi, çəkilişlərə həmişə vaxtından əvvəl gələrdi.
“Cavad xan” filmində də birlikdə çəkildik. Bu filmdə həm də ikinci rejissor kimi işləyirdim. Rejissor Rövşən Almuradlı Mirzə roluna sınaq çəkilişi etmədən onu təsdiqlədi. Hələ aktyor seçimi haqqında düşünəndə belə qərara gəlmişdik ki, bu rola nurani, müdrik, həm də savadlı bir insanı çəkmək lazımdır. Buna görə də Rafiq Əzimovu çəkməyə qərar verdik. Onun daxili və zahiri aləmi Mirzə obrazına çəkilməsinə əsas verirdi. Rafiq Əzimov doğrudan da rola yaraşdı, ustalıqla da oynadı. Ümumiyyətlə, tamaşaçılar onu çox sevirlər. Sənətkarın ən böyük mükafatı da xalqın sevgisidir...”.
Görkəmli sənətkar Mehdi Məmmədov “Səmimiyyət istedadın xislətindədir” deyirdi. Rafiq Əzimovun da dərin sənət duyumu rollarının səmimi alınmasına zəmin yaradıb, ekran əsərlərinin ideya məzmununu tamamlayıb. Aktyorun yüksək sənətkarlıq keyfiyyəti ilə sevdirdiyi rollar içərisində fərqli yaş dövrlərini canlandırdığı personajlar da diqqət çəkir, potensial genişliyini bir daha təsdiqləyir.
“Ömrün ilk saatı” və “Arxadan vurulan zərbə” filmlərinin qəhrəmanları olan Hüseynov və Sadıq rollarının təfsirində yaxın keçmişə aid hadisələrin şahidi olur, onların bələdçiliyi ilə hadisələrin məzmununu daha dərindən anlayırıq.
Azərbaycan neftçi ailəsinin üç nəsli haqqında danışan “Ömrün ilk saatı” filmində hadisələr ötən əsrin 20-ci illərində, İkinci Dünya müharibəsi dövründə və müharibədən sonrakı vaxtlarda neft buruqlarında baş verir. Neft ustası Mehdi ilə birlikdə işləyən Sadıq illər sonra Mehdiyevlərə (oğlu Yusifə, nəvəsi Azərə) neftçi dostunun iş prinsipindən, məqsədindən danışır. Sadıqın yaxın keçmişlə bağlı xatirələri ibtidai üsulla neft hasil edən insanların keşməkeşli həyat tərzini, çətin iş rejimini əks etdirir. Aktyorun doğru mizanladığı təqdimat filmin baş qəhrəmanlarının daxili aləmini, psixologiyasını tamaşaçıya daha yaxından tanıdır, xarakter tamlıqlarını səmimi mizanlarla nəql edir. Rafiq Əzimovun bu rolu ilə bağlı qeydlərindən: “Ömrün ilk saatı” filmində ssenarini oxuyanda dəhşətə gəldim. Sadıq rolunun həm cavanlıq, həm orta yaş, həm də qocalıq dövrü var. Düşündüm ki, bunları necə oynayacam?... Sən demə, bədii şurada filmin rejissoru Arif Babayevə deyiblər ki, Sadıq rolunun qocalığını başqa aktyor canlandırsın, Əzimov obrazın qocalıq vaxtını oynaya bilməz. Arif Babayev cavab verib ki, mən Rafiq Əzimovun teatrda oynadığı qoca rollarını çox görmüşəm. O özü oynaya bilər, oynayacaq da. Beləcə, mən bu filmdə obrazı üç fərqli yaşda canlandırdım...”.
“Ömrün ilk saatı” filmindən sonra Arif Babayev “Arxadan vurulan zərbə” filmində Rafiq Əzimova iki yaş dövrünü (cavanlıq və qocalıq) canlandıran Hüseynov rolunu həvalə etdi. Filmin ideya məzmununu tamamlayan rollardan biri olan Hüseynov aktyorun təqdimatında filmin aparıcı qüvvəsi kimi qəbul edildi, rəğbətlə qarşılandı.
Əməkdar artist Elnur Kərimov: “Rafiq
müəllim uca zirvədədir, ustad sənətkardır. “Buta”
filminin çəkilişləri üçün Şamaxının Zarat kəndinə getmişdik.
Filmin rəssam-fotoqrafı Pərviz Quliyev, Rafiq müəllim
və mən orda bir ay müddətində bir
evdə qaldıq. Rafiq müəllimin yüksək mənəvi
keyfiyyətlərinə daha yaxından bələd
oldum. Bir dəfə “Yeddi oğul istərəm”
filminin çəkilişlərində baş verən hadisələrdən
danışmasını xahiş etdim. Rafiq müəllim
maraqlı bir əhvalat danışdı.
Həmin əhvalatı yeri gələndə
məsəl kimi işlədirəm. Dedi ki, “Yeddi
oğul istərəm” filminin
çəkilişləri üçün
hərəmizə bir at
vermişdilər. Ənvər Həsənovun (Cəlal)
atı ağ olduğu
üçün ondan
xoşum gəlirdi. Bir
gün gördüm ki, heç kim yoxdur. Düşündüm
ki, bir az
atı sürüm. Ata mindim, bir az keçdi ki, at mənə tabe olmadı. Bir qədər getdikdən
sonra məni yıxıb qaçdı.
Mən ayağa qalxıb üst-başımı təmizləyə-təmizləyə
həmin yerə qayıtdım. Çatmışdım
ki, Adil müəllimin səsini eşitdim, “qadam, bəs bilmirdin ki, özgə atına minən tez düşər...”. Bu, qulağımda
sırğa oldu.
Nə sənindirsə, ona da qane olmağı
bacarmalısan, özgə
atına minməməlisən.
Rafiq müəllimin
hər məni görəndə görüşməyi,
söhbət etməyi,
xoş münasibəti
məni çox qürurlandırır. Onun fərdi xüsusiyyətlərindən,
sənətindən örnək
almaqla uğurlar əldə edirəm...”.
Xalq artisti Əbdül Mahmudov: “Rafiq Əzimov 60 ildən çoxdur ki, sənətdədir. İstedadı, bacarığı göz qabağındadır. Sənətkara el qiymət verir. Rafiq Əzimov da xalqın sevgisini qazanmış sənətkardır.
Bu gün də
onun sənətinə
ehtiyac var. Mütəmadi
olaraq teatr səhnəsindədir, filmlərdədir.
Ona tələbat varsa, demək Rafiq müəllim xoşbəxt
və nümunəvi sənətkardır. Sənətkarlıqdan əlavə, onun daha gözəl, önəmli xüsusiyyətini
vurğulamaq vacibdir.
O, çox gözəl
ailə başçısıdır
və nümunəvi bir ailəsi var”.
Xalq artisti Səidə Quliyeva: “Rafiq Əzimovla ailəvi dostuq. Xanımı, övladları ilə mehriban münasibətlərimiz var. Allah tərəfindən ona bütün xoşbəxtliklər bəxş edilib. Bir aktyor əgər ailədə rahatdırsa, deməli, onun yaradıcılığı da rahat olacaq, daim ona şərait yaradılacaq. Onun da məqsədi ancaq o olacaq ki, gözəl obrazlar oynasın, yaradıcılıq qalereyasını zənginləşdirsin. Söylədiklərim Rafiq Əzimova da aiddir”.
Əməkdar artist Elşən Rüstəmov: “İncəsənət İnstitutunda təhsil alanda Rafiq müəllim mənə aktyorluq sənətindən dərs deyib. Səmimi insan, təcrübəli pedaqoqdur. Böyüklüyü təmkinli olmasındadır. Bizimlə çox çalışırdı ki, təki biz tələbələri nəsə öyrənək, yaxşı kurs tamaşası ərsəyə gətirək. Sənətin incəliklərini başa salmaqdan yorulmurdu, bizə dost kimi davranırdı. Mizan nə deməkdir, gözəlliyi nədədir, aktyor öz mizanından necə razı qala bilər, bunların hamısını ondan öyrənmişəm. Sonralar “İtkin gəlin” serialında, “Nə gözəldir bu dünya...” filmində birlikdə çəkildik. Filmdə canlandırdığı Arif roluna baxanda kövrəlməmək mümkün deyil. Hazırda bir teatrda çalışırıq, tamaşalarda oynayırıq. İndi də ondan çox şey öyrənirəm...”.
Səidə Quliyeva: “Onun heç kimə bənzərliyi yoxdur. Zəngin repertuara malik aktyordur. Onunla ilk dəfə “Mən mahnı qoşuram” filmində çəkilmişəm. Filmdə o, mənim həyat yoldaşımı oynayırdı. Mən isə çoxuşaqlı ana rolunu canlandırırdım. Həmin vaxtlarda teatra yeni gəlmişdim. O isə həm yaşda məndən böyük idi, həm də neçə illər idi ki, teatrda çalışırdı, tanınırdı. Filmdə bir neçə səhnədə çəkilməli idik. Elə oldu ki, filmin rejissoru Tofiq İsmayılovla Rafiq Əzimov arasında mübahisə oldu. Rafiq müəllim rejissordan küsüb getdi Bakıya. Filmin çəkilişləri Qubanın Qəçrəş kəndində aparılırdı. Mən orda qaldım. Düşündüm ki, yəqin Rafiq qayıdıb gələr, çəkilişlərimiz davam edər. Bir gün Tofiq müəllimə yaxınlaşdım ki, mənə aid olan kadrlar çəkiləcəkmi, mən nə etməliyəm. Tofiq müəllim onda xatırladı ki, “aaa, sənin tərəf-müqabilin gedib axı... Sən isə buradasan. Eybi yoxdu, biz səni Bakıya göndərərik”. Mən qayıdıb gəldim Bakıya. Bizə aid olan digər səhnələr təbii ki, çəkilmədi. Amma ilk kino təcrübəmdən çox şey öyrəndim.
Rafiq Əzimovla çox tamaşada oynamışam. Güclü tərəf-müqabilidir. O, səhnəyə həyat gətirir, canlandırır. Xoşbəxt aktyordur ki, indi də teatrın repertuarındakı bir neçə tamaşada oynayır, tamaşaçılar onu sevərək gözləyirlər. Mən özüm də onun rollarını tamaşaçı kimi həmişə izləyirəm və öyrənirəm...”.
Şəhla Əmirli
Kinoşünas
Mədəniyyət.- 2023.- 3
fevral.- S.7.