Tar ifaçılığı sənətində parlaq imza sahibi

 

Baba Salahov-100

 

Tar ifaçılığı sənətindən söhbət düşəndə böyük tarzən Sadıqcandan üzü bu yana sənət tariximizdə iz qoyan onlarla ustadın adını çəkə bilərik. Bu gün də Azərbaycanda tar ifaçılığında görkəmli sənətkarlar fəaliyyət göstərirlər və hər birinin musiqi mədəniyyətimizdə öz xidməti var.

Əməkdar artist, tarzən, musiqi təşkilatçısı Baba Salahov da belə unudulmaz sənətkarlardan biridir. Uzun illərdir ki, televiziya ekranlarından konsertlər zamanı aparıcıların təqdimatında “Çıxış edir Baba Salahov adına “ArazXalq çalğı alətləri ansamblı” ifadəsini eşidirik. Bəli, bu il qocaman ansamblı yaradan, uzun illər həm pedaqoji, həm də ifaçı kimi sənətə xidmət edən tarzənin 100 illik yubileyidir.

Ağababa Əliheydər oğlu Salahov 5 fevral 1923-cü ildə Bakıda dünyaya gəlib. Tarda ifa etməyi Əhməd Bakıxanovdan öyrənib. 1940-cı ildən ömrünün sonuna qədər Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri olub. 1965-ci ildə Azərbaycan TeleviziyaRadiosunun Xalq çalğı alətləri orkestrini yaradaraq ömrünün sonunadək kollektivin bədii rəhbəri olub. Burada o, Hacıbaba Hüseynov, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov və başqa məşhur xanəndələri tarda müşayiət edib. Sənətkar 1964-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Baba Salahov 12 avqust 1981-ci ildə Bakıda vəfat edib. Bədii rəhbəri olduğu ansambl həmin ildən “Araz” adlandırılıb. Kollektivə 1992-ci ildə onun adı verilib.

Akademik Rafael Hüseynov Azərbaycan Radiosunda tarzənlə bağlı verilişlərinin birində onu belə təsvir edir: “Elə görkəmindən ziyalılıq yağırdı. Gözlərində qalın sağanaqlı eynək, sifətində həmişə daxili təmkinini nişan verən ciddi ifadə, hərəkətləri, danışığı, rəftarı sahmanlı, ölçülü-biçili. Tanımayan olsa, ilk baxışdan onu bir alim, təcrübəli müəllim, oturuşmuş qələm sahibi zənn edərdi. Amma istedadlı, qabiliyyətli və elə o qədər də təvazökar, özünü diqqət mərkəzinə çəkmək duyğusundan, şöhrət hisslərindən çox uzaq olan bu sadə insan musiqiçi idi, tarzən idionu bütün Azərbaycan tanıyırdı”.

Bu gün bütün Azərbaycanın tanıdığı mərhum tarzəni vaxtilə onunla birgə çalışmış musiqiçilərlə, ailə üzvləri ilə birgə yad etdik.

Xalq artisti, tarzən Ağasəlim Abdullayev deyir ki, bu gün sənətdə tanınmağında, Xalq artisti tituluna qədər yüksəlməyimdə Baba müəllimin əməyi danılmazdır: “Çox gözəl sənətkar və insan idi. Baba müəllimi xatırlayanda ötən əsrin 60-70-ci illəri yadıma düşür. Onu qiyabi olaraq musiqi məktəbində təhsil aldığım illərdən televiziya vasitəsilə tanıyırdım. O zaman Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri idi. Belə bir mötəbər ansamblın konsertmeysteri olmaq da hər ifaçıya nəsib olmur. Baba Salahov çox savadlı idi. Not yazılan kimi əzbərə ifa edirdi. Sonra tale elə gətirdi ki, o vaxtkı Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olunanda onu tez-tez üzbəüz görməyə başladım. Həmin texnikumda dərs deyirdi. 1969-cu ildə məni rəhbəri olduğu kollektivə dəvət etdi. Bu ansambla gələndən sonra bizim ata-oğul münasibətlərimiz başladı. O vaxt üçüncü kursda təhsil alırdım... Belə insanlar heç zaman unudulmazlar. Kim ki sənə yaxşılıq edir, gərək onu hər zaman ehtiramla yad edəsən. Baba müəllim mənə hədsiz yaxşılıqlar edib. Həftədə bir dəfə ansamblla konsertlərimiz olurdu və hər zaman da mənə solo hissələrdə yer verirdi. Bu soloteleviziyada ansamblla çıxışlarımla da, demək olar ki, məni xalqa tanıtdı”.

Möhlət müəllim sonradan həmin ansambla rəhbər təyin edilməsindən də danışır: “Baba Salahov 1981-ci ildə dünyasını dəyişəndən sonra ansambla mən rəhbərlik etməyə başladım. Hazırda fəaliyyətdə olsaq da, müəyyən səbəblərdən gec-gec konsertlərə çıxırıq. Çalışıram ki, ustadımın adı “ArazXalq çalğı alətləri ansamblı ilə hər zaman qoşa səslənsin. Azərbaycanda elə bir xanəndə yoxdur ki, Baba müəllimin ansamblı ilə ifa etməsin. Tələbələri də çox idi. Onlardan bəziləri musiqi kolleclərində direktor, bəziləri də tanınmış tarzən kimi fəaliyyətlərini davam etdirdilər. Şəxsiyyət kimi də nümunəvi insan idi. Çox sadə, təmkinli və mədəni insan idi. Heç unutmuram. Hətta məşq zamanı bir neçə dəfə səhv edən musiqiçiyə belə əsəbiləşəndə özünəməxsus şəkildə “ay, çox sağ ol” ifadəsi işlədərdi. Çox böyük hörmət sahibi idi...”.

***

Əməkdar artist, kamança ifaçısı Mirnazim Əsədullayev də B.Salahovu işıqlı xatirələrlə yad edir. Deyir ki, Baba müəllimin not oxumaq istedadına heyran olarmış: “İkinci elə bir tarzən tanımırdım. Onunla tanışlığımın tarixçəsi 1969-cu ilə təsadüf edir. Asəf Zeynallı adına Musiqi Texnikumunda Elxan Zəfərov adlı tar müəllimi var idi. Ondan ansamblda çıxış etməyimi xahiş etdim. Elxan müəllim bu barədə B.Salahova məlumat vermişdi. Məni məmnuniyyətlə ansambla dəvət etdi. 1969-cu ildən onun ansamblında çalışmağa başladım. 1971-ci ildən S.Rüstəmov adına ansamblda da işləməyə başladım. Azərbaycanda bütün tanınmış və gənc xanəndələr, ifaçılar B.Salahovun ansamblı ilə çıxış edirdilər. Həftənin beş günü biz naharı Baba müəllimlə birlikdə edirdik. Ağasəlim Abdullayev, Aftandil İsrafilov, rəhmətlik Vəli Qədimov və ansamblın digər üzvləri birgə olardıq. O, kollektivdə özünü rəhbər kimi deyil, adi üzv kimi aparırdı. Çox mülayim və rəhmli insan idi. Heç vaxt ucadan danışmaz, kiminsə xətrinə dəyməzdi, hər kəsə hörmətlə yanaşardı. Evlərinə tez-tez gedib-gəlirdim. Bir gün evlərinə zəng vurub Baba müəllimi soruşdum. Dəstəyi rəhmətlik anası götürmüşdü. Dedi ki, oğul, uşaq yatıb, qoy oyansın deyərəm sənə zəng vurar. Uşağım deyəndə məəttəl qaldım. Üstündən illər ötüb, indi başa düşürəm ki, həqiqətən də, insan hansı yaşda olmasından asılı olmayaraq valideyn üçün elə uşaqdır. Baba müəllimlə məhsul bayramlarında çoxsaylı konsertlər vermişik. Naxçıvanda və digər rayonlarımızda ona böyük hörmətlə yanaşırdılar. O, əsl ziyalı idi. Ağasəlim Abdullayevlə dost idik. Baba müəllim mənə deyəndə ki, ansambla tarzən lazımdır, ona müraciət etdim. Ağasəlimin ifası ilə tanış olandan sonra dedi ki, sən həmişə ansamblda mənim yanımda olacaqsan. Ağasəlim Baba müəllimlə bərabər çalışmağa başladı. Rübabə Muradova, Sara Qədimova, Məmməd Salmanov, Zeynəb Xanlarova, Leyla Şərifova və digər xanəndə və müğənniləri müşayiət edirdik. Heç kimə yox demirdi Baba müəllim. O, heç zaman toylara getmirdi. Deyirdi mən səhnə adamıyam, daim ekrandayam, o boyda xalq çalğı orkestrində işləyirəm, ansambl rəhbəriyəm, yaraşmaz ki, toylara gedim. Əvəzində beş yerdə işləyirdi. Cəmi bir dəfə Aftandil onu bölgələrimizdən birinə toya aparmağa razı sala bildi. Bir solo ifa etmişdi və qayıdandan sonra da həmin toydan qazandığı pulu ansamblın üzvlərinə xərclədi. Təəssüf ki, qəfildən dünyasını dəyişdi. Mənim tanınmağımda onun böyük rolu olub. Fevralın 5-də unudulmaz sənətkarın 100 illik yubileyidir. Dostlarımızla Buzovnada məzarını ziyarət edəcəyik. Xatirəsi  hər zaman qəlbimdə yaşayır”.

***

Tarzənin oğlu Nadir Salahovla əlaqə saxladıq. Atası ilə bağlı xatirələri və sənətə gəlişinin maraqlı tarixçəsini bizə nəql edir. Bildirir ki, atasının böyük qardaşı Böyükağa Salahov hava gəmisinin kapitanı olub. Əmim 1941-ci ildə müharibədə həlak olub. O, həvəskar tar ifaçı imiş, evdə tarı varmış. Atam da həmişə onun tarını götürüb ifa edərmiş. Bu hal bir neçə dəfə təkrar olunanda evdə belə məsləhət bilirlər ki, atamı musiqi məktəbinə yazdırsınlar. Musiqi məktəbində onun bacarığı yüksək qiymətləndirilib və skripka sinfinə yazıblar. O, skripkaya getsə də, evdə yenə də tarda ifa edirmiş. Bu zaman onu Əhməd Bakıxanovun yanına aparırlar və orada dərs alır. 16 yaşında Səid Rüstəmov adına orkestrə qəbul edilir. Daha sonra burada konsertmeyster kimi fəaliyyətini davam etdirir. Ömrünün sonuna kimi bu orkestrdə çalışmaqla bərabər, həm də məlum olduğu kimi, öz ansamblını yaradır. Atam hətta ali savadı olmayan istedadlı ifaçıları da ansambla cəlb edirmiş. Ona bu barədə irad tutanda deyirmiş ki, bu uşaqların böyük gələcəyi var. Zaman da göstərdi ki, həqiqətən də, Vəli Qədimov, Aftandil İsrafilov və digər sənətkarlar instrumental ifaçılıq tariximizə öz imzalarını yaza bildilər. Atamın ən etibarlı musiqiçilərindən biri də Ağasəlim Abdullayev idi. Onu atama Mirnazim tövsiyə etmişdi. Onun əsl müəllimi olmasa da, daim Ağasəlimə dəstək oldu. Biz ailədə üç uşaq idik. Böyük bacım Firəngiz – Həsən Əblucun həyat yoldaşı, qardaşım Əliheydər və mən. Ailəmizdə atamın sahəsini davam etdirən olmadı. Mən mədəni-maarif işi üzrə uzun müddət çalışmışam. Hazırda təqaüddəyəm. Atam 58 yaşında dünyasını dəyişdi. Onun bizim üstümüzə acıqlanmağı yadıma gəlmir. Xarakteri həlim idi. Atam deyirdi ki, qışqırmaqla, qorxutmaqla uşaq tərbiyə olunmaz. İşini çox sevirdi.

Atamgil əslən İçərişəhərdən – Bababəylər nəslindən idilər. Bəzən soruşurlar ki, niyə Baba müəllim Buzovnada dəfn olunub. Vaxtilə babamonun qardaşı imkanlı olduqları üçün Buzovnada bağ əraziləri olub. Sonradan sovet qurulanda ərazi onlardan alınıb. Bizim qohumların əksəriyyəti o dövrdə Buzovnada dəfn olunub deyə atam da orada torpağa tapşırılıb.

***

Baba Salahov sənəti mədəniyyət tariximizin unudulmayan səhifələrindən biridir. Bu gün sənətkarın adı həm də Buzovna qəsəbəsində bir küçədə yaşadılır. Yazının sonunda görkəmli aktyorrejissor Həsən Əblucun qızı, B.Salahovun nəvəsi rejissor Elnaz Əbluca ailə arxivindən təqdim etdiyi fotolara görə təşəkkür edirəm.

 

Lalə Azəri

Mədəniyyət.- 2023.- 3 fevral.- S.6.