Muzeylər qapılarını gənclərə
açdı
2 fevral – Azərbaycan Gəncləri Günü hər il ölkəmizdə müxtəlif tədbir və aksiyalarla qeyd olunur. Mədəniyyət Nazirliyi tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili, onların Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olması üçün bu əlamətdar gün münasibətilə layihələr həyata keçirilir.
Xəbər verdiyimiz kimi, Gənclər Günü ilə əlaqədar 1-2 fevral tarixlərində nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” elan olunmuşdu. Biz də bu aksiya ilə əlaqədar paytaxtımızın bir neçə muzeyini ziyarət etdik.
Ziyarətimizə Üzeyir Hacıbəylinin Ev-Muzeyindən başladıq. Muzeyə gələn gənclər dahi bəstəkarın həyatı və yaradıcılıq irsi ilə bağlı eksponatlarla maraqla tanış olurdular. Onların aksiya barədə fikirlərini öyrəndik. Həmsöhbətlərimiz Gənclər Günündə muzeylərdə “açıq qapı” təşəbbüsünü məmnunluqla qarşıladıqlarını, bu fürsətdən yararlanmağa çalışdıqlarını bildirdilər.
Gənclərdən Leyla Əliyarzadə isə muzeydəki eksponatlar arasında ən çox bir rəsm əsərinin diqqətini cəlb etdiyini söylədi. Bu məqamda muzeyin Ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova həmin rəsm əsəri haqqında bizə məlumat verir. Öyrənirik ki, əsərin müəllifi görkəmli rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovadır. O, bu rəsmi 1952-ci ildə diplom işi olaraq çəkib. Əsərdə bəstəkarlar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Ədilə Hüseynzadə və Elmira Nəzirova təsvir olunub.
***
Növbəti ünvanımız Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi oldu. Muzeyin Ekspozisiyanın qorunması, izahı və audio müşayiətin təmini şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Tomiris Babanlı qeyd etdi ki, “açıq qapı” günündə paytaxt sakinləri və şəhərimizin qonaqları, habelə xarici vətəndaşlar kompleksi ziyarət edirlər. Muzeylərin bir çoxundan fərqli olaraq burada ziyarətçilərlə beş dildə – Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində ekskursiya aparılır.
***
Hüseyn Cavidin Ev-Muzeyində gənc ziyarətçilərin axını ilə qarşılaşdıq. Ziyarətçilər “səma şairi”nin estetik zövqü və dünyagörüşü barədə müəyyən bilgi verən eksponatlarla tanış olurdular. Gənclər eksponatlar içərisində yemək masasına xüsusi maraq göstərirdilər.
Xatırladaq ki, şair həmin masanın siyirmələrində əlyazmalarını saxlayırmış. 1937-ci ilin 4 iyun gecəsində Cavidin evinə girib axtarış aparan qalstuklu qatillərin süfrənin altında siyirmə ola biləcəyi ağıllarına gəlməyib və bu xoş təsadüf nəticəsində ədibin əlyazmalarının bir qismi xilas ola bilib.
***
Əsl “açıq qapı” ab-havası Azərbaycan Milli İncəsənət Muzeyində də hiss olunurdu. Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəfiqə Quliyeva dedi ki, ziyarətçilər “Qərbi Avropa incəsənəti”, “Rus incəsənəti”, “Şərq incəsənəti” bölmələri, o cümlədən Azərbaycanın çoxəsrlik mədəniyyətinin nümayiş olunduğu “Azərbaycan incəsənəti minilliklər boyu” daimi sərgisinə baxıblar. Gənclər həmçinin muzeydə hazırda davam edən Əməkdar incəsənət xadimi Hafiz Məmmədovun 100 illik yubileyinə həsr edilən sərgi, eləcə də “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” və Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Tək inci” sərgiləri ilə də tanış olurlar.
***
Unikal memarlığı ilə də diqqəti cəlb edən Azərbaycan Milli Xalça Muzeyindəyik. Muzeyin mətbuat katibi Ülvinə Fərzəliyeva məlumat verdi ki, “açıq qapı” günündə ziyarətçilər daimi ekspozisiya ilə yanaşı yanvarın 24-dən təşkil olunan “Mədəni irsə yeni baxış” adlı sərgi ilə də tanış olurlar. Sərgidə “Azərxalça” və “Afffair” moda brendinin birgə yaratdığı beş müasir xalça nümunəsindən ibarət kolleksiya nümayiş olunur. Xalça kolleksiyası Azərbaycanın Vətən müharibəsində Zəfərinə həsr olunub. Kolleksiyadakı hər nümunədən biri muzeyə hədiyyə edilib. “Mədəni irsə yeni baxış” sərgisi fevralın 10-dək açıq olacaq.
Ziyarətçi gənclərdən Şəfiqə Qəmbərova ilə həmsöhbət oluruq. Şəfiqə xanım Mədəniyyət Nazirliyinin “açıq qapı” aksiyasından xəbər tutub muzeyə gəldiyini deyir: “İlk dəfədir Milli Xalça Muzeyini ziyarət edirəm. “Açıq qapı” aksiyasından istifadə edib digər muzeyləri də ziyarət etməyi planlaşdırıram. Gənclərə belə bir şərait yaratdıqlarına görə Mədəniyyət Nazirliyinə təşəkkür edirəm”.
***
Əlamətdar gün münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyini də ziyarət etdik. Bu mədəniyyət ocaqlarında da ziyarətçilər arasında gəncləri görmək olardı.
***
Sonuncu baş çəkdiyimiz ünvan isə Azərbaycan İstiqlal Muzeyi oldu. Direktor Sədi Mirseyibli vurğuladı ki, “açıq qapı” günlərində muzeyə gələn qonaqlar həm muzeyin daimi ekspozisiyası, həm də 2021-ci ildən davam edən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində təşkil olunan “Vətənin qürur mənbəyi” adlı sərgi ilə tanış olurlar.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2023.- 3 fevral.- S.1;3.