Tanınmış şərqşünas,
ədəbiyyatşünas Mahirə Quliyeva
vəfat edib
AMEA Nizami adına Ədəbiyyat İnstitutu Erkən yeni dövr şöbəsinin müdiri, filologiya elmləri doktoru professor Mahirə Quliyeva vəfat edib.
Mahirə Həmid qızı Quliyeva 1950-ci il mayın 13-də Bakıda anadan olub. 1972-ci ildə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini bitirib.
1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunda (indiki M.Füzuli adına Əlyazmalar İnstitutu) elmi fəaliyyətə başlayan Mahirə Quliyeva XIII əsr alimi Siracəddin Əbu Yəqub əs-Səkkaki əl-Xarəzminin “Miftəhul-ülum” adlı əlyazması üzərində tədqiqat aparıb. 1984-cü ildə “Səkkakinin “Miftəhül-ülum” (“Elmlərin açarı”) əsərində ərəb ədəbiyyatının nəzəri məsələləri” mövzusunda namizədlik (fəlsəfə doktorluğu), 2001-ci ildə isə “Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
Elmi fəaliyyətini Nizami adına Ədəbiyyat İnstitutunda davam etdirən alimin 200-dən artıq elmi məqaləsi, “Klassik Şərq poetikası”, “Klassik Şərq bəlağəti və Orta əsrlər Azərbaycan ədəbiyyatı”, “Orta əsrin bədii təfəkkürü və klassik Azərbaycan ədəbiyyatı (M.Füzuli yaradıcılığı əsasında)”, “Quran” bəlağəti və Azərbaycan ədəbiyyatı”, “Şərq poetikasının əsas kateqoriyaları”, “Aşıq yaradıcılığı və dastanlar. Şərq poetikası və islami dəyərlər baxımından” kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Tədqiqatçı ölkəmizlə yanaşı Rusiya, Fransa, Türkiyə, Misir, Polşa və İranda beynəlxalq elmi konfranslarda Azərbaycan elmini layiqincə təmsil edib.
Uzun müddət Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərən professor M.Quliyeva 2018-ci ildə “Tərəqqi” medalına layiq görülüb.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2023.- 8
fevral.- S.6.