Ədəbiyyat İnstitutunda “Əlişir Nəvai və XXI əsr” mövzusunda beynəlxalq konfrans

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əlişir Nəvai və XXI əsr” mövzusunda 8-ci beynəlxalq konfrans keçirilib. Konfrans Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Özbəkistan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açılış sözündə bildirib ki, “Əlişir Nəvai və XXI əsr” mövzusunda beynəlxalq konfranslar indiyədək yalnız Özbəkistanda keçirilib. Bu il ilk dəfə Azərbaycanda təşkil edilir.

Diqqətə çatdırılıb ki, XIX əsrin sonu – XX əsrin əvvəllərindən başlayaraq Nəvainin əsərləri ölkəmizdə geniş yayılıb, tədqiqata cəlb olunub və xalqımız tərəfindən Füzuli, Nəsimi səviyyəsində qəbul olunur. 2020-ci ildə Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində “Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi” açılıb.

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru professor Şuxrat Sirojiddinov universitetin AMEA-nın Ədəbiyyat İnstitutu ilə əlaqələrindən danışıb. Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov tədbirin təşkilinə görə AMEA-ya təşəkkür edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında diqqətə çatdırıb ki, Nizami Gəncəvinin “Xəmsə”si birinci dəfə özbək dilinə tərcümə olunub: “Fəxrlə demək istəyirik ki, Nəvainin də “Xəmsə”si professor Ramiz Əskər tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Mərkəzin layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində ilk dəfə Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılmasına qərar verilib”.

Konfransın açılışında Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurboy Cabbarov, İstanbul Mədəniyyət Universitetinin professoru Vahid Türk, Macarıstanın Etvos Loran Universitetinin kafedra müdiri Benedik Peri və Cənubi Koreyanın Dongduk Universitetinin professoru Oh Eun-Kyung çıxış ediblər.

 

Mədəniyyət.- 2023.- 8 fevral.- S.6.