“Tarix: şəxsiyyətlər
və proseslər”
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqə
Elm və Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Tarix: şəxsiyyətlər və proseslər” adlı məktəblilərin respublika tədqiqat və yaradıcılıq işləri müsabiqəsinin açılış mərasimi olub.
Müsabiqənin məqsədi məktəblilərin ictimai fəallığının formalaşdırılması, tədqiqat və yaradıcılıq qabiliyyətlərinin təşviqidir.
Rəsmi açılışdan öncə beynəlxalq müsabiqələr laureatı Özcan Cabbari (skripka – müşayiətçi Svetlana Əhmədova), Selcan Cabbari (kontrabas – müşayiətçi Svetlana Əhmədova) və Jasmin Dadaşovanın (fortepiano) ifaları dinlənilib. Keçmiş mərkəzi Pionerlər Sarayının arxiv plakatlarından ibarət sərginin təqdimatı olub.
Mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, RUGİM-in direktoru Firuzə Sultanzadə çıxış ediblər.
Heydər Əliyev Mərkəzinin mütəxəssisi Nailə Həsənovanın təqdimatında Ümummilli iider haqqında film nümayiş olunub.
Tarix elmləri doktoru Dilarə Seyidzadə Ulu öndərin həyat yolu, zəngin və çoxşaxəli irsi, siyasi uzaqgörənliyi, qətiyyəti, dövlətçilik təcrübəsi haqqında danışıb. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusu ətrafında məktəblilər arasında sual-cavab təşkil olunub.
Qonaqlar əsaslı təmir və bərpadan sonra yenidən istifadəyə verilən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin binası ilə tanış olublar.
Tədbirin plenar
sessiyalarında Heydər Əliyev adına Müasir
Təhsil Kompleksinin tarix
müəllimi tarix üzrə fəlsəfə
doktoru Leyla Hüseynova “Heydər Əliyev irsində Azərbaycan
tarixi məsələləri” mövzusunda çıxış edib. Tarixçi,
“Bakının sirləri” televiziya layihəsinin
müəllifi Fuad Axundov
“Tarixi şəxsiyyət və proseslərin
öyrənilməsində tədqiqatçıların rolu” mövzusunda interaktiv master-klass keçib.
Mədəniyyət.- 2023.- 8
fevral.- S.6.