“Gəncliyin
səsi” festivalının
daha bir musiqi axşamı
Gənc ifaçılar Heydər Əliyev Sarayının səhnəsində
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə 1-8 fevral tarixlərində IX “Gəncliyin
səsi” festivalı keçirilir. Zəngin proqramı olan
festivalın növbəti
konserti Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Fevralın 4-də
festival çərçivəsində Heydər Əliyev Sarayında gerçəkləşən
konsert proqramında gənclər tərəfindən
Ulu öndərin sevdiyi musiqi əsərləri də ifa olunub. Ümummilli lider
Heydər Əliyevin gənclərə müraciəti
ilə bağlı videokadrlar nümayiş etdirilib.
Musiqi axşamında Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Avanqard” Kamera Orkestri və “DanceAbility” Azərbaycan” inklüziv rəqs şirkətinin heyətləri, eləcə
də “Aynabənd” rok qrupu və
Nicat Aslanovun caz kvarteti çıxış
ediblər.
Gənc
müğənnilər Nigar
Cəlilova, Emin Zeynallı, Zəminə Rəhimova, xanəndələr
Yusif Sadıxov, Rəvan Qaçayev, Sevinc Abdinova, Yaqut Xəlilzadə, aşıqlar Qəlbinur İbrahimli, Röya Mürsəlova, instrumental ifaçılar
Məqsəd Əzizov,
Mais Muradov (balaban), İsmayıl Zülfüqarov, Fərid Atazadə (tarzən), Fərrux Haşımlı
(kamança) və başqaları rəngarəng
çıxışlarla tamaşaçıların
rəğbətini qazanıblar.
Gecədə Fərəc Qarayevin
“Qobustan kölgələri”
baletindən fraqment, Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun” operasından Leyli və Məcnunun
dueti (“Ah eylədiyim”),
Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, Arif Məlikovun “Sehrli xalat” filminə
yazdığı musiqidən
fraqment, Azər Dadaşovun “Yuxu” filminə bəstələdiyi
musiqidən parça,
Rauf Hacıyevin “Ordan-burdan” operettasından
fraqment və digər əsərlər
təqdim edilib.
Musiqi axşamı
tamaşaçıların alqışları ilə
qarşılanıb.
Nurəddin
Mədəniyyət.- 2023.- 8
fevral.- S.3.