Qara Qarayevin əbədiyaşar
sənət həqiqəti
Bəstəkarın 105 illiyinə həsr olunan konsert bunu bir daha
təsdiq etdi
Fevralın 6-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında dünya şöhrətli bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin (1918-1982) anadan olmasının 105 illiyinə həsr olunan konsert proqramı keçirildi.
Konsertdən əvvəl qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Proqramda bəstəkarın adını daşıyan Dövlət Kamera Orkestri çıxış edirdi. Kollektiv süslü, zərif nüanslarla əsərləri ifa edərkən insanı dahi bəstəkarın musiqisinin dərinliklərinə aparırdı. Dirijor pultu arxasında Əməkdar incəsənət xadimi Elşad Bağırov dayanmışdı. “Mən konserti idarə edəndə yalnız musiqini düşünürəm”, – deyən dirijor bütün zalı ovsunlayaraq diqqəti musiqi üzərindəki emosional dramaturgiyasına yönəltmişdi...
“Xəzər neftçiləri” filmindən “Vals”la başlanan konsert “Don Kixot” simfonik qravürləri ilə davam edir. Daha sonra istedadlı pianoçu Nərgiz Əliyeva orkestrlə birlikdə “Eskiz”i səsləndirir. İndi isə sıra “İnsan məskən salır” filmindən musiqidədir. Elə bu məqamda, musiqi-dirijor-orkestr harmoniyasında Qara Qarayevin müəllimi, görkəmli rus bəstəkar Dmitri Şostakoviçin vaxtilə tələbəsi haqqında söylədiyi fikirlər xəyalımda dolanır: “Qara Qarayev musiqisinin müvəffəqiyyətinin sirri milli ənənələri klassik irslə, ən müasir musiqi formaları ilə parlaq, yalnız onun özünəməxsus tərzdə birləşdirilməsidir”. Bu birləşmə “3 nömrəli prelüd lya major” Əməkdar artist Fəridə Məmmədovanın (soprano) ifasında “İki romans”da bir daha parlaq əksini tapır.
Konsert davam edir. Üç miniatür səslənir – “Yeddi gözəl” baletindən “Aişənin rəqsi”, “İldırımlı yollarla” baletindən “Laylay” və “Ehtiraslı qızın rəqsi”... Bu miniatürlər necə də qəlbəyatımlı, əsrarəngiz təsir bağışlayır. Əsərlər bir-birini əvəzlədikcə yenə də milli və Qərb musiqisinin mükəmməl sintezinin yaratdığı unudulmaz ab-hava tamaşaçıları xəyallara aparır. Görkəmli musiqişünas akademik Zemfira Səfərovanın bu barədə fikirlərini xatırlayıram: “Qarayev müxtəlif illərdə, müxtəlif məqalə və çıxışlarında Azərbaycan musiqi mədəniyyətində Şərq və Qərbin sintezi, vəhdəti haqqında danışırdı. O, bu sintezi Şərq və Qərbin mücərrəd toqquşmasında deyil, onların milli mədəniyyətinin yaradıcı təcrübəsinin qarşılıqlı əlaqəsində, beynəlmiləl yaxınlığında görürdü”. Həm də düşünürəm ki, Qara Qarayev bu əlaqəni, təcrübəni elə ustalıqla istifadə edib ki, bu gün deyil, bütün dövrlərdə insanların qəlbini riqqətə gətirəcək. Bəli, dünyaya adi insan kimi gələn bəşər övladı ölümündən sonra da öz istedadı, düşüncəsi ilə xalqına və dünyanın musiqi mədəniyyətinə xidmətini davam etdirir...
Konsert “Yeddi gözəl” baletindən
“Vals”la tamamlanır. Bu möhtəşəmliyin fonunda
isə daha bir böyük ümidverici mənzərəni
izləyirəm. Ən
arxa sıralarda oturan gənclər Qara Qarayev musiqisinin
sehrində öz təəssüratlarını bir-birinə səssizcə, mimikaları ilə nümayiş etdirirlər.
Bu mənzərə həm
də bir həqiqəti dönə-dönə
pıçıldayır: Qara
Qarayevin ecazkar, işıqlı musiqisi əbədi yaşayacaq və milyonların qəlbini fəth edəcək...
Lalə Azəri
Mədəniyyət.- 2023.- 8
fevral.- S.1;3.