Yerin bağrından gələn fəlakət...
Son yüz ilin ən böyük tələfat doğuran zəlzələləri
Türkiyədə fevralın 6-da baş verən 7,7 gücündə zəlzələ son yüz ildə qeydə alınan ən dağıdıcı və böyük tələfat doğuran zəlzələlərdən biri sayılır.
Zəlzələnin gücü Rixter şkalası ilə ölçülür. 12 ballıq şkala 1935-ci ildə amerikalı seysmoloq Çarlz Frensis Rixter tərəfindən tərtib edilib. 7 baldan yuxarı yeraltı təkanlar güclü zəlzələ hesab edilir. İndiyədək seysmoloji stansiyalar tərəfindən qeydə alınan ən güclü zəlzələlər 9-10 bal olub. Lakin zəlzələnin nə dərəcədə dağıntı və tələfata səbəb olması onun episentrinin dərinliyindən (yer səthindən), davametmə müddətindən və s. asılıdır. Bu baxımdan şkala ölçüsü 7 bala yaxın, amma, məsələn, 3-5 km dərinlikdə meydana gələn zəlzələ 8-9 bal gücündə, lakin 15-20 km dərinlikdə baş verən zəlzələdən daha fəlakətli olur.
Son yüz ildə Yerin bağrını dəlib böyük fəlakətlər törətmiş zəlzələlər haqqında qısa məlumatları diqqətə çatdırırıq.
1 sentyabr 1923-cü ildə episentri Yaponiyanın paytaxtı Tokio yaxınlığında olan zəlzələ (7,9 – 8,2 bal arasında) nəticəsində 140 minə yaxın insan ölüb.
27 dekabr 1939-cu ildə Türkiyənin Erzincan vilayətində baş verən 7,9 bal gücündə zəlzələ Sivas, Samsun vilayətlərini də əhatə etməklə 40 mindən çox insanın həyatına son qoyub. Sərt qış tələfatın böyük olmasında ağır rol oynamışdı.
6 oktyabr 1948-ci ildə gecə saat 2 radələrində Türkmənistanın paytaxtı Aşqabadda baş verən 7,3 bal gücündə zəlzələ şəhəri tamamilə dağıtmışdı. Tələfat barədə rəsmi məlumat verilməsə də, sonralar açıqlanan statistikaya görə, 30 mindən çox (şəhər əhalisinin üçdənbiri) həlak olmuşdu.
22 may 1960-cı ildə Çilidə, Sakit okean sahilindəki Valdiviya şəhəri yaxınlığında baş verən zəlzələ seysmoloji aparatlar tərəfindən 9–9,5 bal gücündə qeydə alınmışdı. Zəlzələnin episentrinin okeanda və 33 km dərinlikdə olması real dağıdıcılıq gücünü qismən azaltsa da, 6 min nəfər (əksəriyyəti zəlzələnin doğurduğu sunami nəticəsində) həlak olmuşdu.
26 aprel 1966-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə 8 bal gücündə zəlzələ olub. 30 mindən artıq tikili qismən və tamamilə dağılmışdı. İnsan tələfatı barədə nə o vaxt, nə də sonra konkret rəqəm açıqlanmadı.
31 may 1970-ci ildə Peruda baş verən 7,9 bal gücündə zəlzələ torpaq sürüşməsinə səbəb olub. Yungay şəhəri torpaq altında qalıb və 60 minə yaxın insan ölüb.
28 iyul 1976-cı ildə Çinin şimal-şərqində 7,8 bal gücündə zəlzələ nəticəsində Tyanşan şəhəri dağılıb, 200 mindən çox insan ölüb.
19 sentyabr 1985-ci ildə Meksikanın paytaxtı Mexikoda 8 bal gücündə zəlzələ baş verib, 10 mindən çox insan həlak olub.
7 dekabr 1988-ci ildə Ermənistanda episentri Spitak şəhərində olan 7-8 bal gücündə zəlzələ baş verib. Rəsmi statistikaya görə, zəlzələ nəticəsində 25 minə yaxın adam həlak olmuşdu.
17 avqust 1999-cu ildə Türkiyədə 7,4 bal gücündə Mərmərə zəlzələsi (episentri Kocaeli-Gölcük) nəticəsində 17 mindən çox insan həyatını itirib.
26 yanvar 2001-ci ildə Hindistanın Qucarat ştatında 7,9 bal gücündə zəlzələ baş verib, 20 min insan ölüb.
26 dekabr 2004-cü ildə İndoneziyada baş verən zəlzələ 9,1 bal gücündə olub. Ölü sayının 100 mindən çox olduğu bildirilib.
28 mart 2005-ci ildə İndoneziyanın Nias adasında baş verən 8,7 bal gücündə zəlzələ 1300 nəfərin həyatına son qoyub.
12 yanvar 2010-cu ildə Haitinin paytaxtı Port-o-Prinsdə baş verən 7,7 bal gücündə zəlzələdə 220 mindən çox insan həlak olub.
11 mart 2011-ci ildə Yaponiyada baş verən 9 bal gücündə zəlzələ zamanı 19 min insan ölüb.
25 aprel 2015-ci ildə Nepalda baş verən 7,8 bal gücündə zəlzələ 8 min nəfərin ölümü ilə nəticələnib.
Qeyd edək ki, Azərbaycanda ötən əsrdə ən dağıdıcı zəlzələ 31 yanvar 1902-ci ildə Şamaxı şəhərində baş verib. O vaxt seysmoloji aparatlar olmadığı üçün gücü bəlli deyil.. Şamaxıda və ətraf kəndlərdə 2 mindən çox sakin həlak olmuş, 20 min nəfərədək əhali evsiz qalmışdı.
V.Kamal
Mədəniyyət.- 2023.- 8
fevral.- S.8.