Qara Qarayev adına...

 

Dahi bəstəkarın doğum günü münasibətilə konsert

 

Dahi bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin (1918–1982) anadan olmasının 105-ci ildönümü (5 fevral) münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert keçirildi.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi (MİM) tərəfindən fevralın 3-də təqdim olunan konsertdən əvvəl qonaqlar mərkəzin foyesində şagirdlərin rəsmlərindən ibarət sərgiyə baxdılar.

Sonra musiqi axşamının aparıcısı MİM-in nəzəriyyə ixtisası üzrə müəllimi Nərgiz Kərimova bəstəkarın həyat və yaradıcılığı haqqında danışdı.

Bəstəkarın adını daşıyan məktəbin müxtəlif musiqi alətlərində ifa edən şagirdləri və müəllim heyəti dahi musiqi xadiminin doğum gününə böyük həvəslə hazırlaşmışdı.

Əməkdar artist Vaxtanq İmanovun bədii rəhbərliyi ilə MİM-in şagirdlərindən ibarət kamera ansamblı dahi bəstəkarın “İldırımlı yollarla” baletindən “Laylay” və “Ehtiraslı qızın rəqsi”ni böyük şövqlə ifa etdi.

Məktəbin direktoru Əməkdar artist Əziz Qarayusifli şagirdi Hüseyn Gözəlovla birlikdə “İldırımlı yollarla” baletindən “Gitaralı qızların rəqsi” əsərini klarnetdə ifa etdilər. Onların möhtəşəm ifası Lenay Seyidəlizadə və Aslana Əliyevanın gözəl rəqsləri ilə müşayiət olundu.

Konsertin sonunda çıxış edən Qarayusifli dedi: “Qara Qarayevin adını daşıyan məktəbdə çalışmaq kollektivimiz üçün həm fəxr, həm də məsuliyyətdir. Ümidvaram ki, şagirdlərin bugünkü çıxışı zövqləri oxşaya bildi. Biz dahi bəstəkarın zəngin irsini qorumalı və yaşatmalıyıq”.

Konsertin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinə təşəkkür edən direktor bütün qonaqlara minnətdarlığını bildirdi.

Konsertin qonaqlarından Xalq artisti, milli rəqs sənətinin görkəmli nümayəndəsi Roza Cəlilova Qara Qarayevlə bağlı xatirələrini bölüşdü, gənc istedadlara uğurlar arzuladı.

Qara Qarayev yaradıcılığından ibarət musiqi çələngi maraqlı tərtibatı və rəngarəng təqdimatı ilə məktəbin şagirdlərinin yaddaşına əbədi həkk olunacaq xatirələrdən birinə çevrildi.

 

Lalə Azəri

Mədəniyyət.- 2023.- 8 fevral.- S.7.