“Azərbaycan iqtisadiyyatı 100 ildə” çoxcildliyinin təqdimatı

 

 

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” çoxcildliyinin təqdimatı keçirilib.

İnstitutun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov beşcildliyi Azərbaycan iqtisad elmi üçün böyük töhfə kimi dəyərləndirib.

Akademik Ziyad Səmədzadə bildirib ki, Ulu öndər Heydər Əliyev 1997-ci il yanvarın 17-də AMEA-nın üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı fikirlərini bölüşmüş, alimlərə bu yöndə tövsiyələr vermişdi. Çoxcildliyin ərsəyə gəlməsində bu fikir və tövsiyələr əsas götürülüb.

Alimlər İlqar Niftəliyev, Cəbi Bəhramov, Əsədulla Cəfərov, Hacı Həsənov, Mais Əmrahov, Müşfiq Atakişiyev, Məhiş Əhmədov çoxcildliyin əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, monoqrafiyada Azərbaycan iqtisadiyyatının 1918-ci ildən, Cümhuriyyət dövründən başlayaraq tarixi, əsas problemləri araşdırılır və təhlil edilir. Çoxcildlikdə respublika iqtisadiyyatının keçən əsrin 70-ci illərində yeni inkişaf mərhələsinə keçirilməsini şərtləndirən amillər, müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyi, iqtisadiyyatının strukturunun şaxələndirilməsi, tarazlı inkişafı, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafla demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi kimi taleyüklü əhəmiyyət kəsb edən məsələlərə müəllifin baxışları metodoloji baza kimi müəyyənləşdirilib. Hər bir cildin strukturu xronoloji-problem əsasında qurulub. Monoqrafiya zəngin arxiv sənədləri, mətbuat materialları, statistik məlumatlar əsasında yazılıb. I-IV cildlər son 100 ildə Azərbaycan iqtisadiyyatına, sonuncu V cild həmin dövr ərzində Qarabağın iqtisadiyyatına həsr olunub.

 

Mədəniyyət.- 2023.- 10 fevral.- S.6.