“Sarı əlcək”dən başlanan sənət yolu
Bu il Azərbaycan
peşəkar milli teatrının 150 illiyidir.
“Yadımdadır...” rubrikası altında ömrünü əsasən
bölgə teatrlarının
inkişafına həsr
etmiş, hazırda müəyyən səbəblərdən
səhnədən uzaq
düşmüş insanların
həyat və sənət yoluna işıq salacağıq.
“Təzəcə o vaxtkı Ticarət Texnikumundan məzun olub Bakının mərkəzindəki mağazalardan birində işə başlamışdım. Bir gün yenə o gəldi. Sakitcə mənə yaxınlaşıb “Qızım, məncə, satıcılıq sənin üçün deyil. Səndən yaxşı aktrisa çıxar. Nə deyirsən, bəlkə fikirləşəsən?” – dedi. Düzü, onu bir-iki dəfə bu mağazada görmüşdüm. Hər dəfə diqqətlə mənə baxdığı gözümdən yayınmamışdı. Bu şəxs gözəl aktyorumuz, sevilən rolların ifaçısı, Əməkdar artist Məcid Şamxalov idi. Aramızda keçən qısa dialoqdan sonra təklifinə “hə” dedim və onun məsləhəti ilə Xalq artisti, görkəmli rejissor Lütfü Məmmədbəyovun Xalq teatrına getdim. Məcid müəllim məni Lütfü müəllimə bərk-bərk tapşırdı və beləcə, xatirimdə özünə əbədi yer tutdu. Yadımdadı, orada ilk rolum “Sarı əlcək” tamaşasında oldu. Beləliklə, bu sənətdə addımlarımı atmağa başladım. Orada səhnəmizin ən parlaq aktyorlarını gördüm. Təsəvvür edin, həm uşaqlıq arzum reallaşmışdı, həm də sənətin ulduzlarını görüb onlarla səhnəyə çıxa bilirdim. Bundan gözəl nə ola bilərdi?! Eh, o illər mənim həyatımın ən gözəl dövrü idi...”.
Onun sözünü kəsmirəm. İstəyirəm bu buzovnalı xanımın Bakıda başlayıb Ağdamda bitən səhnə yoluna öz dilindən səyahət edim. Axı hər kəsin öz həqiqəti var...
Əslində, qəhrəmanım həyat dolu, şən-şaqraq qadındır. Çöhrəsindən təbəssümü də əskik etmir. Üstəlik onu qiyabi (videobağlantı ilə) müsahibəyə çəkməyim ad gününə təsadüf etdiyindən bir başqa ovqatda idi. Uzaq-yaxın keçmişdən xeyli danışdıq.
Ömrünü Ağdam Dövlət Dram Teatrına bağlayan Əməkdar artist Cəmilə Məmmədzadə bu teatrın səhnəsində 200-dən artıq rol oynayıb. Teatrda “Adamın adamı” tamaşasında epizodik rolla səhnəyə çıxsa da, sonrakı səhnə tərcümeyi-halına daha çox baş qəhrəmanları yazıb.
Düşünürəm ki, bu məqamda onun ömür və sənət yoluna qısa nəzər salsaq yaxşıdır.
Cəmilə Məhərrəm qızı Məmmədzadə 1948-ci il fevralın 6-da Bakıda anadan olub. Orta təhsil və texnikumdan bir müddət sonra taleyini teatra bağlayır.
1974-cü ildən fəaliyyətini Ağdam Dövlət Dram Teatrında davam etdirir. Bir-birinin ardınca maraqlı obrazlar yaradan aktrisa qısa zamanda bölgə tamaşaçılarının diqqətini cəlb edə bilir.
“Xalq teatrından bir qrup olaraq bizi Sumqayıt Dövlət Dram Teatrına, oradan da İrəvan Dövlət Azərbaycan Dram Teatrına apardılar. Qısa fəaliyyət dövrü olsa da, indi hamısı xoş xatirədir. Oturub düşünəndə elə bilirəm bu həyat bir göz qırpımında keçdi. Amma yox, sözsüz ki, onun hər günü, hər ili səhnəyə məhəbbətə sərf olunub deyə mənə elə gəlir an olaraq ötdü. Vaxtilə səhnədə tərəf-müqabil olduqlarım, birlikdə səhnə, sənət sevinclərimi bölüşdüklərim bir-bir həyatdan köçdülər... İndi qəribsəyirəm, darıxıram onlar üçün. Amma bizim teatrda indi də dostluq, sevgi, səmimiyyət var. Teatrı sevən, onun sehrinə inanan tamaşaçımız həmişə olub, bu gün də var. Biz sənət adamlarına hörmət, ehtiram göstərirlər. Bilirsiz niyə? Çünki bizlər bütün həyatımızı, sağlamlığımızı, sevgimizi səhnəyə, teatra vermişik. Tamaşaçı bunu heç vaxt itirmir. Bir də əlahəzrət səhnə. Onun başqa bir sehri, gücü, sirri var...”.
Bu teatrda səhnə yozumu tapan aktrisa “Fərhad və Şirin”də Məryəm, “Təhminə və Zaur”da Təhminə, “Pəri cadu”da Pəri, “Yaşar”da Yaqut, “Xoşbəxtlər”də İnci və s. kimi aparıcı rolları ifa edir.
Onun Ağdam həyatı heç də həmişə rəvan olmayıb. Cəsarəti, əzmkarlığı və əsası da ötkəmliyi sayəsində qarşısına çıxan maneələri dəf edə bilib. O günləri qürurla yada salan Cəmilə xanım deyir: “80-ci illərin sonları, çətin vaxtlar idi. Moskvadan bölgə teatrlarına yoxlama gəlmişdi. Öz aralarında danışdıqlarını eşitdim. Bildim ki, bizim teatrı bağlamaq istəyirlər. Onlar elə bildi ki, mən rus dilində başa düşmürəm. Söhbətlərindən təşvişə düşdüm. Adam cavan olanda başqa bir enerjidə olur. Ani düşündüm və artıq yola düşməyə hazırlaşan heyətin önünü kəsib rus dilində “Xahiş edirəm, başqa bir tamaşamız da var. Ona da baxın, əgər xoşunuza gəlməsə, bağlayarsınız”, – deyib susdum. Qəhər məni boğmuşdu. Bir-birinə baxıb könülsüz razılaşdılar. “Təhminə və Zaur” tamaşasını bu dəfə sırf onlar üçün oynadıq. Hətta mərhum aktyorumuz, Əməkdar artist Tofiq Qarayevdən xahiş etdim tamaşanı rus dilində yerində tərcümə də etdi. Baxmayaraq ki, Tofiq tərəf-müqabilim idi, Zauru oynayırdı. Amma razılaşdı. Nazir Rüstəmov və mən səhnəyə çıxdıq. Qəhrəmanlarımızın dramı və bizim inandırıcı oyunumuz onların xoşuna gəldi. Hətta ağladılar da. Onların göz yaşları bizi sevindirdi (gülür). Tamaşadan sonra bizi təbrik edib “Sizlərə görə bu teatr yaşayacaq” deyib getdilər və teatrımız bağlanmadı. Düzdü, ondan sonra qaçqınlıq, köçkünlük kimi daha ağır sınaqlar da gördük. Amma yenə də yolumuzdan dönmədik”.
Deyir 90-cı illərin ağır müharibə, işğal dövrü idi. Hamı Bakıya üz tuturdu. Mən Bərdədən çıxmadım: “Asan olmadı, xeyli əziyyət çəkdik. Aylarla maaş almadıq. Amma teatrdan qopmadıq, onu yaşatdıq. Qruplar şəklində cəbhə bölgələrinə, orta məktəblərə gedirdik. Beləcə, az tapıb çox işlədik. Sənət sevgimiz bizi səhnədən qopara bilmədi. “Qarabağ teatrı Qarabağda qalmalıdır! Çünki biz gec-tez Ağdama qayıdacağıq!” şüar-inamı ilə müvəqqəti Bərdədə məskunlaşsaq da, şükür, sonradan Ağdamımıza qayıtdıq”.
Bəli, teatr fədailərin hesabına, çətinliklə olsa da, yaşadı, yeni-yeni səhnə işləri ilə tamaşaçılarını sevindirməyə nail oldu. Cəmilə xanımın əməyi diqqətdən yayınmadı və o, 2000-ci ildə “Əməkdar artist” fəxri adına layiq görüldü. 67 yaşında doğma səhnəsindən enən Cəmilə xanım indi xatirələri ilə ovundurur özünü. “Teatr mənim həvəsim, nəfəsimdi. Elə bilirəm teatrdan çıxandan qocalmışam. Tərəf-müqabillərim də artıq yoxdur. Elə bilirəm dünya boşalıb onların gedişi ilə”, – deyən Cəmilə xanımla söhbətə nikbin notla nöqtə qoymaq üçün “Əsl aktyor necə olmalıdır” sualını verdim. Və mənə elə gəldi ki, məhz bu sualı eşitmək istəyir. Yanılmamışdım: “Aktyor nümunə olmalıdır: səhnədə də, həyatda da. Hə, bir də adilikdən qaçmalıdır. Siz buna əlçatmazlıq desəniz də, mən seçilmək deyirəm. Özü də bu xudbinliklə yox, sadəlik, səmimilik, mehribanlıq və peşəkarlıqda, əsas da sənətə sevgidə olmalıdır”.
Aktrisa haqlıdır. Bəlkə elə ömrü boyu bu sadə həqiqətlərlə yaşadığına görə məsuddur. Keçilən yol nə qədər ağır və məhrumiyyətli olsa da, şərəflidir, əzizdir, arzulanandır. Belə olmasaydı, nənənin sevgi ilə başladığı yolu nəvəsi də keçməzdi. Bəli, bu gün Ağdam teatrının səhnəsində Cəmilə xanımın sənət yolunu aktyor nəvəsi Anar Əhmədov davam etdirir. Deməli, o həm də sənət sevgisini nəvəsinə ötürə bilib. Nə yaxşı...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2023.- 10
fevral.- S.7.