Əlibaba Məmmədovun şəxsi əşyaları
muzey və arxivlərə təqdim olunub
Xalq artisti, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenli ustad xanəndə Əlibaba Məmmədovun (1930-2022) şəxsi əşyaları muzeylərə və Milli Arxiv İdarəsinə təqdim olunub.
Bu barədə Əlibaba Məmmədovun irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı məlumat verib. Musiqişünas bildirib ki, ustad xanəndənin öz vəsiyyətinə uyğun olaraq, şəxsi əşyaları dövlət muzeylərinə ailəsi tərəfindən təqdim edilib.
Bir neçə gün əvvəl musiqişünas müvafiq təşkilatların nümayəndələri ilə birlikdə sənətkarın evində olub və sənədlər çeşidlənərək aidiyyəti üzrə təhvil verilib.
Sənətkarın əşyaları Dövlət Səs Yazıları Arxivinə, S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Milli Kitabxanasının fonduna verilib. Buraya sənətkarın tar aləti, səhnə geyimləri, əl çantası, müxtəlif dövlət təltifləri, afişalar və fotoşəkillər, müxtəlif illərdə sənətkar haqqında yazılmış qəzet və jurnallardakı məqalələr daxildir.
Martın 2-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Səadət Təhmirazqızının “Ustad xatirələrdə” kitabının təqdimatı və sənətkarın muzeyə hədiyyə edilən şəxsi əşyalarının sərgisi keçiriləcək. Martın 29-da isə Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirəsinə həsr edilən konsert proqramı təqdim olunacaq.
Lalə Azəri
Mədəniyyət.- 2023.- 10
fevral.- S.3.