“Gəncliyin
səsi” festivalı başa çatdı
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 1-8 fevral tarixlərində keçirilən
IX “Gəncliyin səsi”
festivalı yekunlaşdı.
Fevralın 8-də Müslüm Maqomayev adına
Azərbaycan Dövlət
Akademik Filarmoniyasında
festivalın son konserti
təşkil olundu.
Konsertdən əvvəl qardaş Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Musiqi axşamında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (dirijor Səməd Süleymanlı) müşayiətində respublika və beynəlxalq müsabiqələr laureatları Ayla Həsənova, Firuzə Bəylərova, Zümrüd Əlizadə (hər üçü piano), Canel Nəcəfli, Zeyn Cəfərov, Zərrin Əliyeva, Kənan Məmmədzadə (hamısı violin), Nurlana Abdullayeva, Teymur Kazımov, Talıb İsgəndərli (hər üçü vokal), Orxan Hüseynov (violonçel) və Məhəmmədəli Paşazadə (klarnet) çıxış etdilər.
Gecədə F.Kreysler və S.Raxmaninovun “Sevgi əzabları”, A.Zeynallının “Muğamsayağı”, V.Adıgözəlovun “Bakı haqqında mahnı”, M.Falyanın “İspan rəqsi”, F.Listin “Məhəbbət xəyalları”, F.Əmirovun “Poema-monoloq”, Ç.A.Biksionun “Parlamid’amore, Mariu!”, A.Piazzollanın “Oblivion”, T.Quliyevin “Etibar”, P.Sarasatenin “Navarra” və İ.S.Baxın “Aus der tiefe rufe ich” əsərləri ifa edildi.
Bildirək ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən festivalın məqsədi gənclərin yaradıcı sahəyə marağının artırılması, onların istedadının üzrə çıxarılması və tanıdılması, sənət fəaliyyətinin təşviq edilməsidir.
Nurəddin
Mədəniyyət.- 2023.- 10 fevral.- S.3.