Unudulmaz musiqisi, mahnıları ilə əbədi yaşayacaq...”

 

Bakıda böyük bəstəkar Tofiq Quliyevin abidəsinin açılışı olub

 

Tofiq Quliyevin əsərləri bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır.

Prezident İlham Əliyev bu sözləri fevralın 8-də Bakı şəhərində (keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda) görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) abidəsinin açılışında çıxış edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkarı Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir: “Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir. Tofiq Quliyev həm görkəmli bəstəkar, həm Azərbaycanda caz sənətinin banisi də adlandırıla bilər. Eyni zamanda, böyük mədəniyyət xadimi Tofiq Quliyev Azərbaycan xalqının sevgisini qazanmışdır”.

Prezident qeyd edib ki, Tofiq Quliyev öz xalqına çox bağlı idi, onun Azərbaycan, Bakı haqqında əsərləri bunu göstərir. Eyni zamanda, onu tanıyanlar yaxşı bilirlər ki, çox gözəl insan, gözəl ziyalı idi, sözün əsl mənasında, böyük mədəniyyət xadimi idiöz fəaliyyəti, öz əsərləri, Azərbaycanın ictimai həyatındakı rolu ilə tarixdə öz layiqli yerini tutub.

Prezident diqqətə çatdırıb ki, Tofiq Quliyevin xatirəsi əbədiləşdirilib. Şəhərimizin küçələrindən birinə, musiqi məktəbinə onun adı verilib. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Tofiq Quliyevə Azərbaycanın ovaxtkı ən ali ordeni olanİstiqlalordeni verilmişdi.

Atam Heydər Əliyevi Tofiq Quliyevlə sıx dostluq əlaqələri bağlayırdı. Onlar onilliklər ərzində bir-birinə böyük hörmət göstərən insanlar idi. Baxmayaraq ki, Heydər Əliyev Azərbaycanın ovaxtkı Kommunist Partiyasının rəhbəri idi, ondan sonra müstəqil Azərbaycanın Prezidenti idi, Tofiq Quliyev isə ömrü boyu siyasətdən uzaq bir insan idi. O, sadəcə olaraq, öz yaradıcılığı ilə Azərbaycana həm sovet dövründə, həm müstəqillik dövründə o qədər böyük töhfə vermişdi ki, hamımız, hətta onu tanımayanlar da onun obrazını özümüz üçün çox əziz və yaxın tuturduq. Atam isə onu yaxından tanıyan insan kimi bilirdi ki, Tofiq Quliyev nə qədər böyük insani keyfiyyətlərə malik idi.

Onların dostluğu çox təbii idi, səmimi idi, təmənnasız idi, əsl dostluq idi. Tofiq Quliyevin 80 illik yubileyində Ulu öndər Heydər Əliyev məşhur sözləri demişdir, yəqin ki, hamımız o sözləri xatırlayırıq – biz hamımız dünyadan gedəcəyik, ancaq Tofiq Quliyevin musiqisi daim yaşayacaqdır. Artıq o gündən 26 il keçib və nə qədər dəqiq, həqiqətə uyğun sözlərdir, indi biz bunu bir daha görürük. Heç birimizdə şübhə yoxdur ki, əsrlər keçdikcə bu unudulmaz musiqi, bu mahnılar, Azərbaycan xalqının musiqi istedadını əyani şəkildə göstərən əsərlər yaşayacaq, bizi və sonrakı nəsilləri sevindirəcək”, – deyə İlham Əliyev bildirib.

***

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlu, Azərbaycan caz musiqisinin veteranlarından Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə çıxış edərək paytaxtımızda Tofiq Quliyevin abidəsinin ucaldılmasını həm böyük musiqiçinin xatirəsinə, həm də ümumilikdə Azərbaycan mədəniyyətinə, incəsənətinə diqqət və qayğının nümunəsi kimi yüksək qiymətləndiriblər. Vurğulanıb  ki, son illər Bakıda Bülbülün, Rəşid Behbudovun, Qara Qarayevin və Fikrət Əmirovun heykəllərinin ucaldılması bunun göstəricisidir.

Tofiq Quliyevi dahi bəstəkar, eyni zamanda görkəmli pianoçu, ictimai xadim, pedaqoq kimi xarakterizə edən Fərhad Bədəlbəyli onunla bağlı xatirələrini bölüşüb.

Polad Bülbüloğlu deyib: “1960-cı illərdə Tofiq müəllim filarmoniyanın bədii rəhbəri və direktoru idi. Biz gənc bəstəkar idik, o, bizə çox kömək edirdi, bizim əsərlərimizi alırdı, yəni, maddi yardım edirdi, bizə yol göstərirdi, tövsiyələrini verirdi. Onun mahnıları ölməzdir, ona görə ki, onlar insanın daxilindən, qəlbindən, saflığından gəlir. Ona görə onun mahnılarını milyonlarla insan sevirburada deyildiyi kimi, bu mahnılar, onun əsərləri daim yaşayacaqdır. Ona görə ki, o, insan kimi də gözəl insan idiböyük musiqiçi idi, böyük bəstəkar idi, böyük pianoçu idi”.

Polad Bülbüloğlu Tofiq Quliyevin Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərliyi, musiqi təşkilatçısı kimi fəaliyyətini də yada salıb.

Tofiq Quliyevin qızı Lalə Quliyeva atasının xatirəsinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailələri, doğmaları adından təşəkkür edib. Qeyd edib ki, Bakıda küçə, paytaxtın ən yaxşı musiqi məktəblərindən biri Tofiq Quliyevin adını daşıyır, Fəxri xiyabanda məzarüstü abidəsi və yaşadığı evin divarında barelyefi qoyulub. Heydər Əliyev Fondu tərəfindən bəstəkarın 100 illik yubileyi ilə bağlı yaradıcılıq irsinin bərpası və qorunub saxlanılması istiqamətində çox böyük görülüb. Əsərlərinin nəfis tərtibatda not və audioyazıları, kitablar nəşr olunub.

Sonra Prezident İlham Əliyev Tofiq Quliyevin ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib. Tofiq Quliyevin abidəsi önündə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Tofiq Quliyevin abidəsi Prezident İlham Əliyevin 20 may 2021-ci il tarixli sərəncamına əsasən ucaldılıb. Abidənin müəllifi heykəltəraş Tural Rzaquliyevdir.

 

Mədəniyyət.- 2023.- 10 fevral.- S.2.