İlləri qazanın yanında keçənlər...

 

Milli aşpazlar mükafatı təqdim olunub

 

Dünyanın ən qədim və ləziz mətbəxlərindən olan Azərbaycan milli mətbəxi zəngin ənənələrə malikdir. Mədəniyyətimizin bir hissəsi olan milli mətbəximizi yüksək səviyyədə təqdim və təmsil etmək isə bu sahənin peşəkarları olan aşpazların üzərinə düşür.

Fevralın 13-də Beynəlxalq Muğam Mərkəzində “İllərin sənətkarı” milli aşpazlar mükafatının təqdimat mərasimi keçirilib. Mükafatı “Azərbaycan Aşpazlar Gildiyası” “Diyar.Azqastronomiya xəritəsinin layihə rəhbəri, “Dünya Restoran İdmanı Federasiyası”nın vitse-prezidenti Nigar Əmirbəyova ilə birgə təsis edib.

Milli mətbəxin muğamı” adlı tədbirdə respublikanın təcrübəli şef-aşpazları, tanınmış kulinarlar, mədəniyyət xadimləri, sahibkarlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də bu günlər Türkiyədə baş vermiş zəlzələ zamanı dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin təşkilatçılarından Nigar Əmirbəyova mərasimdə kulinariya sahəsində uzun illər təcrübəsi olan və peşəkarlığı ilə seçilən aşpazların, həmçinin bu sahənin nümayəndələrinin mükafatlandırılacağını bildirib. Məqsəd həm də Azərbaycan milli mətbəxinin usta aşpazlarını bu sahəyə yeni gələn gənclərə tanıtmaqdır.

“Azərbaycan Aşpazlar Gildiyası”nın sədri İlkin Əkbərzadə bildirib ki, tədbirdə uzun illər milli kulinariyamızı, mətbəximizi ölkəmizdə və xaricdə layiqincə təmsil edən, 40-50 il təcrübəsi olan usta sənətkarlar iştirak edirlər. Tədbirə peşə təhsili müəssisələrindən gənc aşpazlar da dəvət olunublar.

Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov, “DAİR Hotellər və Restoranlar” Assosiasiyasının sədri Samir Dübəndi, Türkiyə Dənizli Gənc Aşpazlar Cəmiyyətinin nümayəndəsi Süleyman Kursak təşkilatçılara minnətdarlıqlarını bildirib, milli mətbəximizin beynəlxalq festivallarda təmsil və təbliğ olunmasında qocaman aşpazların fəaliyyətini yüksək qiymətləndiriblər.

Mərasimdə Azərbaycan aşpazları haqqında Bakı Media Mərkəzi tərəfindən hazırlanan film göstərilib. Dünyanın tanınmış aşpazları azərbaycanlı həmkarlarına videotəbriklərini çatdırıblar.

Sonra “İllərin sənətkarı” milli mükafatı təqdim edilib. Təltif edilənlər onların fəaliyyətini qiymətləndirdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Qonaqlar Azərbaycan milli mətbəxinin incisi sayılan “Şah plovun, milli mətbəximizin digər təamlarının, şirniyyatların dadına baxıblar.

Xanəndələrin ifasında səslənən “Qarabağ şikəstəsi”, İncəsənət ustalarının təqdim etdikləri “Arşın mal alan” operettasından səhnəcik tədbirə rəng qatıb.

 

 

Mədəniyyət.- 2023.- 15 fevral.- S.8.