Müasir kinomuzda
ədəbi dilin normalarına əməl olunurmu?
Ədəbi dil ümumxalq dilinin ən yüksək mərhələsidir. Bu dil cilalanmış, normaya salınmış, qayda-qanunları özündə
sabitləşdirmiş, formalaşmış
dildir. Bəs bu gün incəsənət, xüsusilə
də kino sahəsində ədəbi
dilin normalarına hansı səviyyədə
əməl olunur?
Bu sualım səbəbsiz
deyil. Çünki son vaxtlar bir
çox tamaşaçılar,
eləcə də mütəxəssislər yeni
çəkilən filmlərin,
serialların dilindən
gileylənirlər. Mən də
hərdən ekran əsərlərində vulqar
sözlərə rast
gəlir, kasad, sönük dialoqlara şahid oluram.
Məlum
olduğu kimi, bu il Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının
100 illiyidir. Milli kinomuz zəngin
inkişaf yolu keçib. Kino salnaməmizi nəzərdən
keçirəndə bu
zənginliyi yaradanların
hər baxımdan fədakarlığını görürük.
Rejissor, ssenari müəllifi, operator, fotoqraf,
işıqçı, qrim
ustası və təbii ki, aktyorlar... Bir də kinonun
dilinin qeydinə qalan redaktorlar. Etiraf edək ki, Azərbaycan kinosunun dilinin zənginliyi, səliqə-sahmanı,
saflığı klassik
filmlərimizdə daha
çox hiss olunur. Necə deyərlər, görünən
dağa nə bələdçi. Amma son illərdə
çəkilmiş bir
çox filmlərin dili ilə bağlı
bunu deyə bilmirik. Düzü, heç özüm
də bilmirəm ki, bugünkü rejissorları qınamaqda haqlıyam, ya yox? Amma istənilən halda
əgər tamaşaçılar
belə janrından asılı olmayaraq filmlərdə hansısa dialektin, şivənin bol odluğunu dilə gətirirsə, deməli, bu barədə düşünməyə
dəyər.
Xatırlayıram, orta məktəb illərində müəllimlərimiz
şagirdlərə ədəbi
dilə əməl etməyin zəruriliyini vurğulayırdılar. Məktəbimizdə
müxtəlif bölgələrdən
gəlmiş müəllimlər
dərs desələr
də, onların nitqində çox nadir hallarda şivə elementləri eşidə bilərdik...
Təbii
ki, filmlərdə bütün obrazların üslubu eyni cür ola
bilməz; müəllimlə
satıcının nitqində
fərqlər olmalıdır.
Ancaq hansısa filmdə təsvir edilən bir ailədə olan 4-5 nəfərin fərqli şivələrlə
danışması artıq
problemdir. Bir sıra məşhur filmlərimizdə, o cümlədən
“Böyük dayaq”,
“Ad günü”, “Yol əhvalatı”, “Bəxt üzüyü”, “Bir cənub şəhərində”
və s. müəyyən
epizodlarda ləhcələrə
rast gəlinir. Burada da hansısa bölgənin insanının
xarakterini açmaq üçün şivə
elementlərindən istifadə
edilib. Ancaq bu, həmin filmə xüsusi kolorit qatıb...
Personaj ədəbi dil normalarına uyğun danışmalıdır
Mövzu ilə bağlı vaxtilə “Azərbaycanfilm”
kinostudiyasında ssenari-redaksiya
heyətinin üzvü
(1969-1974) kimi çalışmış
Əməkdar incəsənət
xadimi İntiqam Qasımzadənin fikirlərini
öyrəndim. Müsahibim deyir ki, filmin səviyyəsi təkcə kinematoqrafik anlamla ölçülmür.
Əsas şərt
operator, rejissor, rəssam
işi olsa da, ədəbiyyatın da rolu var:
“Mən kinostudiyada işlədiyim dövrü
Azərbaycan kinosunun intibah dövrü adlandırırlar. O zaman ədəbiyyat da buxovlardan azad olmağa başlamışdı.
Kinonun, teatrın əsas qaynağı ədəbiyyat
idi. Həm də sözlə
işləyən insanların
birgə məhsulu ortaya çıxırdı.
İndi isə bu sahədə
ədəbi materialdan
istifadə azalıb.
Əgər ədəbi-bədii dil yoxdursa, o zaman bu məsələnin
haradan qaynaqlandığının
axtarışına çıxmağa
ehtiyac qalmır.
İstər kinoda, istərsə
də teatrda hər personaj öz dilində və təbii ki, ədəbi dil qaydalarına uyğun danışmalıdır.
Bunu isə həll edən yazıçıdır.
“Dəli Kür” filmini, “Bir cənub
şəhərində”ni
xatırlayaq. Hərəsinin öz dili var. Məsələn, biz “Bir cənub şəhərində”
filmində jurnalist xanımla Cahangirin dialoqlarına və Muradın dostları ilə dialoqlarına nəzər salaq. Obrazları canlı, öz dilində danışdırmaq
lazımdır. Bu canlılıq mədəniyyətə,
ədəbiyyata istinadla
olmalıdır. Ümumiyyətlə isə, müasir kinomuzun və serialların dili böyük təəssüf
doğurur. Həmin dövrdə
kinoda Anar, Yusif Səmədoğlu, İsmayıl Şıxlı,
Elçin kimi yazıçılarımız vardı. Uzun illər kinostudiyada
redaksiya heyətinə
İsa Hüseynov və Yusif Səmədoğlu
rəhbərlik edib.
Siz “Qətl günü” filmindəki dialoqlarda Yusif Səmədoğlunun
dilinə nəzər
salsanız, əlavə
şərhə ehtiyac
qalmayacaq. Yəni
redaktəyə nəzarət
edənlərin gücündən,
biliyindən asılıdır
bu iş. Bu gün isə
rejissor və ssenaristlər özləri
yazır, özləri
də çəkirlər.
Ona görə də kinomuzda dil, dialoq problemi yaranıb”.
Problem həm də redaktor işinin olmamağı ilə bağlıdır
Bir müddət “Azərbaycanfilm”də
baş redaktor işləmiş yazıçı,
ssenarist, Əməkdar
incəsənət xadimi
Orxan Fikrətoğlu deyir ki, kinomuzun
dilinin son dövrdə
səviyyə baxımdan
aşağı düşməsinin
əsas səbəbi cəmiyyətdə akademik
dilə münasibətin
dəyişməsi, kinoda
redaktor işinin olmamağıdır: “Vulqar
sözlərin mədəni
sahələrdə təbliğinə
rast gəlirik. Modernist dilin də
çərçivəsi olmalıdır.
Ədəbi dilimiz mətbuatda,
ədəbiyyatda qorunmadığı
üçün bu hal artıq kinoya da təsirsiz
ötüşməyib. Bir də dil
institutlarının özlərinin
də bu işdə qəbahəti
az deyil.
Bu gün qeyri-peşəkar
ssenaristlərin kinoya gəlməsi də bu mənzərənin yaranmasına səbəb olub. Vaxtilə görkəmli aktyorlarımız
özləri o qədər
savadlı və peşəkar idilər ki, ssenaridə, dialoqlardakı jarqon sözləri belə rejissorun, ssenaristin xəbəri olmadan incəliklə cilalayıb
təqdim etməyi bacarırdılar”.
“Rejissor və ssenaristlər dilimizdə olan ədəbiyyatı çox oxusunlar”
Şair, dramaturq İlqar Fəhmi isə məsələyə bir qədər fərqli yanaşır. Bildirir ki, son dövrdə
təkcə Azərbaycanda
deyil, bütün dünyada kino dilinin maksimum şəkildə danışıq
dilinə yaxınlaşdırılması
prosesi gedir. Bu, müəyyən mənada
kinonun daha doğma və xəlqi qəbul edilməsində müsbət
hal kimi qiymətləndirilə bilər:
“Amma burada çox incə bir detal var. Kino sadəcə reallığı
əks etdirməklə
yaradılan sənət
əsəri deyil. Kino həm də
milyonlarla insanın zövqünü, estetikasını
formalaşdıran sənət
nümunəsidir. Düşünürəm ki, yaradıcı insanlar mən daha cəsarətli görünüm deyə dil vasitəsilə yarışa çıxmalı
deyillər. Kim daha çılpaq dil nümayiş etdirirsə, o daha təbii və yaxşı aktyordur kimi qəbul edilməməlidir. Yəni sənətin
heç bir sahəsində, xüsusən
də dildə ifrata getmək düzgün deyil. Son dövrlərdə müəyyən platformalarda
bəzən açıq-saçıq
səhnələri və
qeyri-etik ifadələrin
çox olduğu filmlər nümayiş etdirilir. Hiss edirsən
ki, dialoqlar, cümlə quruluşları
ədəbi dilin qaydalarına cavab vermir. Bəzi yeni lentə
alınan filmlərimizin
tamaşaçılar tərəfindən
bəyənilməməyinin bir səbəbi də məhz elə dildəki pozuntular, qeyri-təbiilikdir.
Rejissor və ssenaristlər Azərbaycan dilində çoxlu ədəbiyyat oxusalar, filmlərin də dili səlisləşər,
zəngin olar”.
***
Ümummilli lider Heydər Əliyev mədəniyyət, ədəbiyyat və incəsənətlə bağlı çıxışlarında hər zaman Azərbaycan dilinin saflığının qorunub saxlanılmasına xüsusi diqqət ayırardı. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanılmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu nəzərə çatdıraraq deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Dövlət başçısı tərəfindən 2013-cü il aprelin 9-da imzalanan sərəncamla “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq olunub. Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir.
Əgər kino incəsənət sahəsində həm də vacib təbliğat vasitəsi hesab edilirsə, ana dilimizin təbliğində, yayılmasında da onun imkanlarından istifadə etməliyik.
Bəxtiyar Vahabzadənin “Ana dili” şeirində deyildiyi kimi,
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə
əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada
hər şeyi,
Bu dil əcdadımızın
bizə miras verdiyi
Qiymətli xəzinədir…onu
gözlərimiz tək
Qoruyub, nəsillərə biz də
hədiyyə verək...
Lalə Azəri
Mədəniyyət.- 2023.- 15
fevral.- S.7.