“Əldə qələm, dizdə varaq...”

 

İslam Səfərli-100

 

Fevralın 12-də nəğməkar şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi İslam Səfərlinin (1923-1974) anadan olmasının 100-cü ildönümü tamam oldu. Ədibin həyat yolu və yaradıcılığı ilə bağlı bəzi maraqlı məqamları diqqətə çatdırırıq.

İslam Əhməd oğlu Səfərli 1923-cü ildə Naxçıvanın Şəkərabad kəndində anadan olub. Naxçıvandakı 1 saylı məktəbi bitirib. “Nizami yurdunda” adlı ilk şeiri 17 yaşında ikən, 1940-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunub. 1941-ci il müharibəsi başlayanda tay-tuşları kimi o da cəbhəyə gedib. Şimali Qafqaz, Krım, Ukrayna cəbhələrində döyüşüb. Müharibə illərində “Qızıl əsgər” və “Qırmızı bayraq” cəbhə qəzetlərində oçerk, məqalə və şeirlərini çap etdirib. Müharibə mövzusu şairin poemalarında da (“Sınaq gecəsi”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə”, “Qığılcım”, “Fırtınalar adası”, “Dəfinə” və s.) öz əksini tapıb. Ordudan tərxis olunduqdan sonra “Şərq qapısı” qəzeti, Naxçıvan Radio Komitəsi və “Azərbaycan gəncləri” qəzetində (bölgə müxbiri) fəaliyyət göstərib.

İ.Səfərli Azərbaycan poeziyasında sözlərinə ən çox mahnı bəstələnmiş şairlərdən biridir. Görkəmli bəstəkarlardan Cahangir Cahangirov, Tofiq Quliyev, Arif Məlikov, Səid Rüstəmov, Şəfiqə Axundova, Ramiz Mirişli, Emin Sabitoğlu, Nəriman Məmmədov, Tamilla Məmmədzadə və başqaları şairin sözlərinə qəlboxşayan musiqilər yazıblar. “Ana”, “Bakı, sabahın xeyir!”, “Pıçıldaşın, ləpələr”, “Dan ulduzu, bir də mən”, “Nə vaxta qaldı”, “ şanı, qara şanı”, “Şəhla gözlüm”, “Qonaq gəl bizə” və s. mahnılar dinləyicilər tərəfindən maraqla qarşılanıb, bu gün də sevilə-sevilə dinlənilir.

İ.Səfərlinin “Göz həkimi”, “Ana ürəyi”, “Yolayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və s. pyesləri ölkəmizin teatrlarında tamaşaya qoyulub, maraqla qarşılanıb.

Şair həmçinin A.Puşkin, M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski və başqalarının əsərlərini dilimizə çevirib. 1973-cü ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən İ.Səfərli bir il sonra, noyabrın 6-da vəfat edib. 2013-cü ildə 90 illiyi dövlət səviyyəsində qeyd olunub.

Üzeyir bəylə görüş, ali təhsil yolu...

İ.Səfərlinin istedadını ilk olaraq dahi bəstəkar Üzeyir Hacıbəyli Naxçıvanda olarkən, xalq deputatı kimi seçicilərlə görüşü zamanı kəşf edib. Professor Ramazan Xəlilov xatirələrində bu barədə deyib: “1945-ci il idi. Üzeyir bəy Naxçıvana seçiciləri ilə görüşə getmişdi. Biz oradaQonaq evi”ndə qalırdıq. Bir günQonaq evi”nə əsgər paltarında cavan bir oğlan gəldi. Müharibədən yenicə qayıtmış bu gənc oğlan İslam Səfərli idi. O, Üzeyir bəylə görüşdükdən sonra yazdığı şeirləri göstərdi. Sərraf söz ustası olan böyük sənətkar onları oxudu şeirləri bəyəndiyini söylədi. Gənc oğlana Bakıya gəlməyi tövsiyə etdi. Bildirdi ki, o, mütləq ali təhsil almalıdır. İslam utana-utana Bakıya gəlmək üçün maddi durumunun məhdud olduğunu dedi. Bu zaman Üzeyir bəy mənə işarə etdi ki, bu gənc oğlana pul verim. Mən zərfə beş yüz manat qoyub ona verdim. Üzeyir bəy onu Bakıda gözləyəcəyini söylədi”.

Çox keçmir ki, İslam Səfərli Bakıya gəlir birbaşa Üzeyir bəyin yanına gedir. Dahi bəstəkar onun Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbulu üçün rektor akademik Abdulla Qarayevə tapşırır. Beləliklə, gənc şair 1946-1951-ci illərdə universitetin Filologiya fakültəsində təhsil alır.

Hanı o mənə oxşayan Qara İslam?”

Tələbəlik illərində yazdığı şeirlər Xalq şairi Səməd Vurğunun da diqqətini çəkir.

Yazıçı Əlfi Qasımov xatirələrində yazır: “Üçüncü kursda oxuyurduq. Böyük şair tələbələrə qonaq gəlmişdi. O, xitabət kürsüsünə qartal kimi sinə gərib müasir poeziyamızın qarşısında duran vəzifələrdən danışdı. Səməd Vurğun nəyi isə xatırlayıb susdu. Ətrafa göz gəzdirdi dedi:

Hanı o mənə oxşayan qara İslam?

İslam cəld ayağa qalxdı dedi:

Buradayam, Səməd müəllim!

Bəri gəl görüm... İslam sıxıla-sıxıla kürsüyə yaxınlaşdı.

Səməd Vurğun soruşdu:

Yadındamı, Yazıçılar İttifaqında ötənGənclər günü”ndə bir şeir oxudun. İndi həmin şeiri oxuya bilərsənmi?

Oxuya bilərəm.

Səməd Vurğun kənara çəkildi. İslam xitabət kürsüsünə qalxıbBeşik başındaşeirini şövqlə oxudu. Alqış səsləri salonu titrətdi...”.

Vətənin poetik xəritəsi

İ.Səfərli Vətən sevdalı şair kimi tanınıb. O, şeriyyəti ilə sanki Azərbaycanın poetik xəritəsini canlandırıb. Ana yurdun təbiət mənzərələri, təbii sərvətləri onun qələmi ilə yüksək poetik dillə vəsf olunub.Bağrıma basmışam AzərbaycanıAraz bir qolumdur, Kür bir qolumdur”, – deyən şair həm bu sevgisinin onu əbədi yaşadacağını ifadə edib:

 

Günlər keçir birəm-birəm,

Bir uğurlu yol gedirəm.

Yurdumuzu vəsf edirəm,

Əldə qələm, dizdə varaq,

Mənə qalan bu olacaq.

 

Abşeron”, “İstisu”, “Batabata gəlmişəm”, “Bilgəh bağları”, “Bərdə”, “Masallı”, “Gəlin daşı”, “Xalxal meşəsi s. şeirlərdə müəllif insanlara təkcə Vətənin dilbər guşələrini tərənnüm etmir, həm bu məkanları qarış-qarış gəzməyə, zövq almağa çağırır:

 

Bakı işıqlarla alışan kimi,

Parlayır döşündə bir nişan kimi.

Sahil qəndilləri kəhkəşan kimi,

Hüsnünü daima bəzər, Abşeron,

Mavi ətəyindir Xəzər, Abşeron!

 

 

 

Hansı əsəri Bağırovu qəzəbləndirmişdi?

Nəğməkar şair Vətənə ülvi məhəbbətlə bağlı olsa da, onu sevgiylə tərənnüm etsə , gözlərini qan örtmüş əliqanlı rejimin rəğbətini qazana bilmirdi. Mərhum şair, ədəbiyyatşünas, tərcüməçi Qasım Qasımzadə yazır: “Yaşadığımız dövrlərin dözülməz sitəmlərini ancaq 37-ci il qurbanları çəkməmişdi. 40-cı illərdə, həmçinin 50-ci illərin əvvəllərində yaradıcı ziyalıların bütün nəsilləri vahimə-qorxu içərisində idi. O vaxtlar az-çox cürətlə yazılan hər hansı əsər “Qlavlit”dən əlavə partiya süzgəcindən, Mərkəzi Komitənin nəzarətindən keçmədən işıq üzü görə bilməzdi. İslamın Dövlət Dram Teatrında bəyənilmiş “Göz həkimi” pyesi bir bədxahın təhriki ilə Mərkəzi Komitə bürosunda müzakirə ediləndə əsərin müəyyən məqamlarından şübhələnən, xüsusən amirlik-diktatorluq mücəssəməsi professor Şahbazovun simasında özünü görən Mir Cəfər Bağırov qəzəblənmiş, pyesi də, onun müəllifini də təhqiramiz hücuma məruz qoymuşdu.

O gün İslamın ad günü imiş. Axşama az qalmış qapının zəng səsinə çıxdım. İslam idi. İçəri keçmədi. Bir qədər kövrək səslə dedi ki, səni öz ad günümə çağırıram. Məsələdən halisən. Özün bilərsən... Gəlsən sağ ol, gəlməsən , inciyən deyiləm. Zarafatla əlavə etdi: “Xalq düşməninin məclisində iştirak etməyə cəsarətin çatırsa, buyura bilərsən. Yenə özün bil...”.

Həyatı tez tərk edəcəyəm...”

İslam Səfərli sanki qısa ömür yaşayacağını əvvəlcədən duyub öz yaxınlarına deyərmiş: “Mən canım qədər sevdiyim torpağın vurğunuyam. Həyatı tez tərk edəcəyəm. Sizə start meydanını qoyub gedirəm. Bu meydanı mənə layiq qoruyun, gələcək nəsillərə layiqincə çatdırın...”.

Bəli, İslam Səfərli həyatı tez tərk eləyibyaradıcılığının ən qaynar çağında, 51 yaşında. Ancaq şair bir-birindən mənalı, nəğməyə dönmüş şeirləri, dram əsərləri ilə adını unudulmayanların sırasına yazdırıb...

 

Hazırladı: N.Məmmədli

Mədəniyyət.- 2023.- 15 fevral.- S.6.