Türkiyəyə qardaş yardımı davam edir

 

Türkiyədəki dəhşətli zəlzələdən zərərçəkmiş insanlar üçün fevralın 7-dən Bakıda, eləcə də digər şəhər və rayonlarda başlanan yardım toplama kampaniyası davam edir. Kampaniyaya yerli şirkət və təşkilatlar, minlərə soydaşımız qoşulub.

Yardım kampaniyası Türkiyənin Azərbaycandakı Səfirliyi və Heydər Əliyev Fondu tərəfindən təşkil olunub.

Bakıda yardımların qəbul edildiyi Heydər Əliyev adına İdman Kompleksinə əsasən qış paltarları, yorğan-döşək, ərzaq məhsulları, qızdırıcı cihazlar, digər məişət əşyaları və ləvazimatlar gətirilir. Əşya və ləvazimatlar könüllülər tərəfindən çeşidlənərək qablaşdırılır, avtomobillərə yüklənir, sonra qardaş ölkəyə yola salınır. Kampaniyada yüzlərlə gənc, həmçinin sıravi vətəndaşlar könüllü kimi fəaliyyət göstərir.

Gəncədən Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün növbəti yardım karvanı yola salınıb. Yardım kampaniyası çərçivəsində 11 yük maşını yola düşüb. Yola salınan yardımlar Gəncə, Ağdam, Balakən, Oğuz, Şəki, Beyləqan, Zərdab, Ucar, Masallı, Lənkəran, Göygöl, Füzuli, Tərtər, Yevlax, Şəmkir, Göyçay, Daşkəsən, Samux və Gədəbəydən toplanıb.

Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztopun verdiyi məlumata görə, fevralın 11-də qardaş ölkəyə 125 ton yardım yola salınıb.

Sumqayıt sakinləri ilk günlərdən kampaniyada fəal iştirak edirlər. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən sumqayıtlıların yardım toplama məntəqələrinə axını müşahidə olunur. Vətəndaşlar tərəfindən gətirilən yataq dəstləri, isti geyimlər, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimat, eləcə də digər zəruri yardımlar məntəqələrdə çeşidlənib və qablaşdırılır.

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən insanların müvəqqəti yaşaması üçün 22 ədəd konteyner evin zəlzələdən zərər çəkmiş bölgələrə göndərilməsi nəzərdə tutulur. Bildirilib ki, fevralın 13-də həmin konteyner evlərdən ilkin olaraq 4 ədədi, həmçinin 230 min manat dəyərində təqribən 16 ton humanitar yardım Sumqayıtdan birbaşa Türkiyəyə yola salınıb.

Şamaxı sakinləri Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım kampaniyası çərçivəsində Şamaxı Olimpiya Mərkəzində təşkil edilən yardım toplanma məntəqəsinə imkanları çatan əşya və avadanlıqlar, ərzaq məhsulları və s. gətirirlər.

Zəlzələdən zərərçəkən şəxslərə kömək məqsədilə toplanan yardımları aparan növbəti avtomobil karvanı Qubadan yola salınıb. Yardımlar rayonun Qaraçay kəndindəki məntəqədə toplanaraq çeşidlənib.

Fevralın 13-də Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən 4 TIR humanitar yardım Türkiyəyə yola salınıb. Qardaş yardımına zəlzələ bölgəsində daha çox ehtiyac duyulan elektrik generatorları və içməli su daxildir.

Qardaş ölkəyə göndərilməsi üçün Naftalan Şəhər İcra Hakimiyyətinin xətti ilə humanitar yardım fevralın 10-da Gəncəyə gətirilib. Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yardım kampaniyası çərçivəsində zəruri geyim, yorğan-döşək dəstləri və tibbi ləvazimatlar göndərilib.

Ağdam sakinləri Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində təşkil edilən yardım toplanma məntəqəsinə gəlir, türk qardaşlarımıza dəstəklərini nümayiş etdirirlər. İki gün ərzində humanitar yardımlar yüklənmiş 2 TIR Türkiyəyə yola salınıb.

Qusardan olan ayrı-ayrı adamları, şəhid anaları, qazilər və digər vətəndaşlar Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün tibbi ləvazimatlar, qış paltarları, yorğan-döşək, məişət avadanlıqları, zəruri gigiyenik vasitələr və ərzaq malları, ümumilikdə 104 min manatlıq yardım yığılaraq qardaş ölkəyə göndərilib.

Lənkəranda ümumi dəyəri 50 min manat olan 15 ton Lənkəran düyüsü və 1 ton Lənkəran çayı zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədilə Kahramanmaraş şəhərinə yola salınıb.

Masallı şəhərində 187 min manat dəyərində olan müxtəlif ərzaq məhsulları, yataq dəstləri və digər zəruri ləvazimatların olduğu yardımlar qardaş ölkəyə göndərilib.

Eyni zamanda Astara, Lerik, Yardımlı, Qax, Bərdə, Hacıqabul, Neftçala, Saatlı, Salyan, Tovuz, Gədəbəy, Qazax və digər rayonlarda da sakinlər yardım kampaniyasına qoşulublar. Müvafiq məntəqələrə gətirilən yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə göndərilir.

 

Hazırladı: N.Məmmədli

Mədəniyyət.- 2023.- 15 fevral.- S.3.