ADPU-da nadir kitab və əlyazmaların sərgisi
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə fevralın 15-də nadir kitabların sərgisi keçirilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, universitetin kitabxanası xeyli sayda qədim və nadir kitabların, əlyazmaların da qorunduğu bir məkandır. Kitabxanada müxtəlif dövrlərə aid min nüsxəyə yaxın nadir kitab və əlyazma qorunur ki, onların yüzdən çoxu “Azərbaycan kitab abidələri” elektron reyestrində qeydiyyata alınıb, digər kitabların da işlənilməsi məqsədilə ADPU-nun kitabxanaçıları sahə üzrə mütəxəssisləri cəlb etməklə iş aparırlar.
Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev qeyd edib ki, ADPU kitabxanasının fondunda ərəb, fars, rus, bir neçə Avropa dillərində, eləcə də əski əlifbada Azərbaycan dilində nəşr olunmuş müxtəlif sahələrə aid nadir nəşrlər qorunur. Onlardan ən qədimi 1741-ci ildə Sankt-Peterburqda nəşr olunmuş Osmanlı dövlətindən bəhs edən kitabdır.
Milli Məclisin deputatları Anar İsgəndərov və Etibar Əliyev belə bir irsin mühafizə olunmasının önəminə diqqət çəkərək nadir kitabların mütəxəssislər tərəfindən reyestrə salınması, transliterasiyası və s. məsələlərin vacibliyini qeyd ediblər.
Mədəniyyət.- 2023.- 17
fevral.- S.5.