Qarabağın kişi geyimləri

 

Azərbaycanın Qarabağ bölgəsi tarixdən günümüzə mədəni zənginlikləri ilə diqqəti cəlb edib. Ədəbiyyat, musiqi, maarifçiliks. sahələrin inkişafı, təbii ki, insanların geyim mədəniyyətində də özünü göstərib. Geyim və bəzəklərin zənginliyi və özünəməxsusluğu xalqın yaradıcı əməyi, bilik və təcrübəsinə əsaslanır. Ənənəvi xalq geyim kompleksinin meydana gəlməsi həm də uzunsürən tarixi inkişaf prosesinin nəticəsi kimi təzahür edir.

XIX-XX əsrin əvvəllərində Qarabağ əhalisinin ənənəvi kişi geyimləri biçim üsulunatikiş texnikasına görə ümumazərbaycan, hətta ümumqafqaz səciyyəsi daşıyıb. Eyni zamanda məhəlli xüsusiyyətləri ilə seçilib. Ənənəvi kişi geyimləri altüst köynəyi, dizlik, şalvar, arxalıq, can arxalığı (canlıq, içlik, cılıtqa, pambıqlı) çuxa, kürk, yapıncı, eləcə də müxtəlif formalı və adlı başayaq geyimlərindən ibarət olub.

Tarix elmləri doktoru Fəzail Vəliyev və tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın həmmüəllif olduqları “Qarabağ geyimləri” kitabında qeyd edilir ki, XIX əsrin 80-ci illərində Cəbrayıl qəzasının kişi geyimləri göy bezdən tikilən gödək alt köynək, bel yerində nifəsi olan dizlik, qış aylarında geyilən enli yun şalvar, üst köynək, onun üstündən geyilən arxalıq və üstündən geyilən çuxadan ibarət olub. Başlarına ilboyu qoyun dərisindən hazırlanan və çox da hündür olmayan konusvarı papaq qoyublar. Ayaqlarına gödək yun corab, kəl və ya öküz dərisindən hazırlanan çarıq geyiblər. Bərdə əhalisi-kişilər üçün dizə qədər çatan gödək çuxa, şalvarcorab (yun və yarımipəkdən) hazırlanıb. Daha sonra ləzgi şalından hazırlanan çuxa (çərkəzi çuxa), çuxanın altından pamazı, atlas, triko, lastik, məxmər və müxtəlif çit parçalardan tikilən arxalıq (gödək beşmet) tikilib. Əksər əhali başlarına qoyun dərisindən olan papaq, varlılar isə bahalı papaqlar qoyublar. Demək olar ki, bütün gənc bərdəlilər gümüş kəmər taxır, qocalar, mollalar və digər şəxslər müxtəlif parçalardan hazırlanan qara rəngli qurşaq gəzdirirdilər. Bu geyimlər gündəlik ( paltarı) və boğçalıq (xeyir-şər paltarı) olmaqla iki dəstdən ibarət olub. Boğçalıq paltarlar qiymətli parçalardan tikilir, geyim elementlərinin çoxluğuna, təzəliyinə və s. görə gündəlik geyimlərdən fərqlənirdi.

Forma müxtəlifliyi, parça materiallarının çeşidi, rəng çalarlarının əlvanlığı, eləcə də azərbaycanlı kişilərin peşə, zümrə (sosial təbəqə) və yaş mənsubiyyəti üst geyimlərində daha çox nəzərə çarpan xüsusiyyətlər daşıyıb. XIX əsr və XX əsrin əvvəllərində kişi üst paltarları beldə saxlanan və çiyinə geyilən olmaqla iki qrupa bölünüb. Birinci qrupa şalvar, ikinci qrupa isə üst köynəyi, can arxalığı, arxalıq, çuxa, kürk, yapıncı və s. daxil olub.

Arxalıq. Qarabağ tarixi-etnoqrafik bölgəsi üçün xarakterik olan arxalıq kübar ailələrin, mötəbər şəxslərin, varlıların geyim dəstində əsas yer tutub. Adətən döşüaçıq arxalığın altından “yaxalıq” və yadöşlükadlanan bir geyimgeyilib. Digər arxalıq tiplərindən fərqli olaraq, döşüaçıq arxalıq daha erkən yaranmış geyim tipi hesab olunur. XIX əsrin əvvəllərindən başlayaraq bu biçimli arxalıq xalq geyim kompleksinin tərkibinə daxil edilib.

Çuxa. Kişi geyim dəsti içərisində çuxa da mühüm yer tutub. Qarabağda bu geyim tipi bəzən “bəlgə” də adlanıb. Azərbaycan ərazisində çuxanın qədim geyim tipi olmasına “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir. Burada çuxanın “adi” və “doqquzlama çuxaolmaqla iki forması haqqında məlumat verilir. Qarabağ geyimləri biçim üsuluna görə, ümumqafqaz səciyyəli olan çuxalar bir-birindən yalnız müəyyən lokal xüsusiyyətlərinə və adlarına görə fərqlənib. Çuxalar ətəyinin formasına görə “büzməli” (kəmərçin), “çinli” (kahlı) və “büzməliçinli”, qol yerinin formasına görə isə “qoltuqlu” və “qoltuqsuzolmaqla müxtəlif variantlarda mövcud olub. Qarabağ bölgəsi üçün isə daha xarakterik olanı oyma yaxalı çuxalar idi. Bundan başqa, ətəyi qısa “vəznəli çuxa” (“çərkəzi çuxa”) da xalqın geyim dəstində mühüm yer tutub.

 

Kürk. Qarabağın mövsümi səciyyəli kişi geyimləri arasında aşılı qoyun dərisindən tikilən kürk də əhəmiyyətli yer tutub. Azərbaycanda kürkün müxtəlif biçim üsulu ilə hazırlanan “kaval kürk” və “üzlü kürkolub. Qarabağda bunun “geyinmə kürk” (“çoban kürkü”) kimi iki tipi geniş yayılıb.

***

Qarabağın kişi baş geyimləri də formasına, materialına, geymə tərzinə, dəyərinə və hətta rənginə görə fərqlənib. Bu bölgəmizdə papaqçılıq sənəti kifayət qədər inkişaf edib. Xammalın aşılanmasından başlayaraq biçmə və tikmə də daxil olmaqla, hazır papaqların satışına qədər bütün istehsal prosesini papaqçı ustaonun şagirdləri həyata keçiriblər.

Mənbədə göstərilir ki, XIX əsrin sonlarında papaqçı Sadıq Şuşanın məşhur ustalarından olub. Oğlu Məşədi Cümşüd atasının sənətinin sirlərinə yiyələnərək dövrünün mahir papaqçılarından biri kimi tanınıb. O, 1918-ci ildə ermənilər Şuşada azərbaycanlılara qarşı qırğın törədərkən ailəsi ilə birlikdə Ağdama köçüb. Həmin ərəfədə Osmanlı dövlətindən Azərbaycana kömək üçün gələn Qafqaz İslam Ordusunun komandanı Nuru paşadan sifariş alıb. Bir gecəyə tikdiyi papaq gözəlliyi ilə türk paşasını heyran edib. Nuru paşa zəhmət haqqı olaraq ona Ağdamda 165 sotluq torpaq sahəsi ayırıb. Vaxtilə Məşədi Cümşüdün yurd saldığı həmin ərazi “Papaqçılar məhəlləsi” adlanıb. Ötən əsrin birinci yarısında görkəmli xalçaçı-rəssam Lətif Kərimovun atası Hüseyn kişi, digər tanınmış ustalar Həsən, Şəmsəddin, Adışirin, Əli, Fərrux Qarabağın məşhur papaqçıları olublar.

Başlıq. Kişi baş geyimlərinin bir növü də “başlıq” adlanıb. Onu adətən soyuq havalarda uzaq səfərə çıxan və dağ şəraitində yaşayanlar papağın üstündən geyiblər. Başlıq daha çox sıx toxunmuş yun parçadan (şaldan), mahuddan, ən qiymətlisi isə dəvə yunundan hazırlanıb.

Çalma və əmmamə. Qeyd olunan dövrdə Qarabağda baş geyimlərinin bir qisminiçalma və əmmamə təşkil edib. Çalmadan bir qayda olaraq, nüfuzlu elm adamları, şairlər, mötəbər şəxslər və dövlət qulluqçuları istifadə edib. Əmmaməni isə daha çox ruhanilər (molla, əfəndi, seyid, müftib.) geyiblər. Əmmamə başa kiçik papaq-araqçın qoyduqdan sonra xüsusi əndazə ilə sarınıb. Əmmamələr parçasının rənginə, ölçüsünə və başa dolama qaydalarına görə bir-birindən fərqlənib. Azərbaycanlı din xadimləri əsasən ipəkdən, hümayunbatist ağından hazırlanan əmmamə qoyublar. Qeyri-müsəlman din xadimləri isə qara, göy, yaxud da sarı rəngli əmmaməyə üstünlük veriblər. Azərbaycanda ali ruhani zümrələri arasında yaşıl əmmamə də dəbdə olub.

***

Qarabağ bölgəsinin ayaq geyimlərinə gəlincə, XIX əsrin sonlarına doğru rusAvropa fasonlu çəkmələr şəhər əhalisinin məişətinə sürətlə daxil olduğundan yerli ayaqqabıları sıxışdırır. Şəhər əhalisinin əksəriyyətinin, kənd əhalisinin isə varlı zümrələrinin ayaq geyimləri içərisində çust, məst və s. də mühüm yer tutub. Adətən, yumşaq aşılanmış dəridən altlıqsız hazırlanan məstin üstündən gəzməyə çıxan zaman başmaq geyilib. Dabanı açıq olan başmaqdan fərqli olaraq, çustun daban çevrəsi bağlı idi.

XIX əsrin sonu – XX əsrin əvvəllərindən başlayaraq xalqın geyim dəstinə rusAvropa ayaq geyimlərinin tədriclə daxil olması həm kişi, həm də qadın ayaq geyimi olan qaloşun kütləvi istehsalı çarıq, patava, dolaq, çust, başmaq, məst və s. kimi ayaq geyimlərini sıxışdıraraq məişətdən çıxarıb. Ayaq geyimlərində keyfiyyət dəyişiklikləri əmələ gəlib.

 

S.Fərəcov

Mədəniyyət.- 2023.- 17 fevral.- S.6.