Mikayıl Hüseynov və
Sadıq Dadaşovun birgə abidəsi ilə
bağlı müsabiqə
Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan memarları Mikayıl Hüseynovun və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin eskiz layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan edib. Müsabiqə 17 fevral – 17 aprel 2023-cü il tarixlərində keçiriləcək.
Müsabiqə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 oktyabr 2022-ci il tarixində imzaladığı sərəncamın icrasını təmin etmək məqsədilə keçirilir.
Sərəncama əsasən, Azərbaycanda memarlıq sənətinin təşəkkülündə mühüm xidmətləri olan Mikayıl Ələsgər oğlu Hüseynovun və Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə onların vahid kompozisiya şəklində birgə abidəsi qoyulacaq.
Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə abidənin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Müsabiqəyə təqdim olunan eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.
Müsabiqənin qalibi barədə məlumat əsas mərhələ başa çatdıqdan 15 gün sonra – 15 may 2023-cü il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.
Müsabiqə şərtləri və qeydiyyat forması Mədəniyyət Nazirliyi saytının “Elanlar”
bölməsində.
Mədəniyyət.- 2023.- 17
fevral.- S.2.