Azərbaycan-Almaniya: stabil
və perspektivli əməkdaşlıq
Berlində ölkəmizin
mədəni irsi və Ermənistanın bu irsə
qarşı törətdiyi əməllərdən də bəhs
olunub
Almaniyanın “Business & Diplomacy“ jurnalının təşkilatçılığı ilə Berlində “Azərbaycan və Almaniya: stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib.
Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici diplomatlar, media nümayəndələri, elm və mədəniyyət xadimlərinin qatıldığı tədbirin əvvəlində Azərbaycana dair qısa videoçarx nümayiş etdirilib.
Sonra Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirin aparıcıları – “Business & Diplomacy“ jurnalının əməkdaşları Frank Şüttiq və Rayner Şubertin sualları əsasında Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi-sosial inkişafı, qonşuları ilə münasibətləri, Azərbaycandakı alman irsi, Azərbaycan-Almaniya münasibətləri və s. barədə iştirakçılara məlumat verib.
Diplomat Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk demokratik respublikanın qurulduğu, zəngin mədəniyyətə və multikultural dəyərlərə malik ölkə olduğunu bildirib. Səfir Azərbaycanın enerji sahəsində Avropa ilə fəal əməkdaşlıq etdiyini və Avropa İttifaqının (Aİ) etibarlı tərəfdaşı olduğunu qeyd edib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, TAP, TANAP və s. kimi transregional layihələrdən bəhs edən N.Ağayev bu qarşılıqlı faydalı əməkdaşlığın Aİ, o cümlədən Almaniya ilə münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb.
N.Ağayev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni və dini abidələrinə qarşı törədilmiş mədəni soyqırımı, Laçın-Xankəndi yolu ətrafında ölkəmizə qarşı aparılan qərəzli kampaniya və s. barədə də məlumat verib.
Tədbir zamanı iştirakçılara Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində dağıntıların
miqyasını əks etdirən məlumatlar, turizm
kitabçaları, habelə digər materiallar
paylanılıb.
Mədəniyyət.- 2023.- 17
fevral.- S.2.