“M. Teatr”da “Məhşər günü”
Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində müasir gürcü yazıçısı Gela Dumbadzenin “Gecə qonağı” əsəri əsasında hazırlanmış “Məhşər günü” tamaşasının premyerası olub.
Tamaşanı səhnələşdirən Xalq artisti Vidadi Həsənov, quruluşçu rejissor Gümrah Ömər, quruluşçu rəssam Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, xoreoqraf Oksana Rəsulovadır.
Rolları Vidadi Həsənov (Mən), gənc aktyorlar Şahanə Yusifova (Qadın əcəl) və Tohid Əzim (Oğlan əcəl) ifa ediblər.
Birbölümlü əcəl oyunu kimi
hazırlanan “Məhşər günü”
tamaşası uğurlu karyera
qurmuş, bu yolda bir sıra mənəvi
dəyərlərini itirmiş və
ölümə məhkum edilmiş,
istedadlı, təcrübəli dövlət müşavirindən
bəhs edir. O, hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü
öldürmək qərarına gəlir. Odur
ki, tapança ilə
rus ruletkasını vasitə seçərək
həyatı ilə oyuna başlayır. Hər
cəhdində gülləyə tuş gəlməyən
qəhrəman itirdiyi sevgilisini,
ustadını, dostunu xatırlayıb onlara layiq
olmadığını anlayır və israrla
amansız oyununa davam edir. Bir sözlə,
içində kök salmış laqeydliyi, təkəbbürü, xudbinliyi tədricən məhv edib
əvəzində sevgi, savab
kimi mənəvi keyfiyyətləri
dirçəltməyi bacarır. Nəhayət, anlayır ki, bu mənəvi keyfiyyətlər
insan həyatında əvəzi olmayan dəyərlər və həqiqətlərdir.
Mədəniyyət.- 2023.- 22
fevral.- S.4.