Arif babanın “Azərbaycan nağılı”...

Xalq rəssamı yubiley ilində ilk sərgisini təqdim etdi

 

“Azərbaycan nağılı” adlı sərgi rəssamın 80 illik yubileyi və yaradıcılığının 55-ci ili münasibətilə Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi, “Azərxalça” ASC və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilirdi.

Muzeyin direktoru Şirin Məlikova bildirdi ki, öz zəhməti və sənəti ilə insanların hörmətini qazanan Arif Hüseynov əsl rəssam həyatı yaşayıb. İl ərzində sənətkarın yubileyinə həsr olunmuş silsilə sərgiləri keçiriləcək: “İlk ekspozisiyanın bizim muzeydə açılması çox xoşdur. Arif Hüseynovun yubileyindən danışarkən onun 80 yaşı olduğunu təsəvvür belə etmək çətindir. Ruhən hər zaman gənc, yeni yaradıcılıq ideyaları və planları ilə dolu insan olan rəssam həmişə aktual mövzulara müraciət edir. O, daim yaradıcı ruhdadır”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva dedi ki, insanların bu sərgiyə böyük maraq göstərməsi görkəmli rəssamın şəxsiyyətinə və sənətinə olan sevginin ifadəsi, əsərlərində ənənə ilə çağdaşlığın uğurlu sintezi ilə bağlıdır: “Mənim tanıdığım Arif Hüseynov həmişə gəncdir, dinamikdir, yaratmaq şövqü möhtəşəmdir. Düşünürəm ki, bu bir xoşbəxtlikdir. Arif müəllimin daxilindəki uşaqlıq duyğusu bu gün də yaşayır. Uşaqlara xitab etdiyi əsərləri onun sənət dünyasının parlaq səhifəsidir”.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, “Azərxalça” ASC-nin istehsalat üzrə direktoru Əlisəfa Nuriyev və digər çıxış edənlər Arif Hüseynovu yubileyi münasibətilə təbrik etdilər, sənətkarın yaradıcılıq məziyyətlərindən söz açdılar. Vurğulandı ki, həm respublikamızda, həm də xaricdə çoxsaylı sərgiləri keçirilən sənətkar mədəni irsimizin təbliğinə geniş yer ayırıb. Xalqın təfəkkürü, nağıl düşüncəsini sənətkarlıqla canlandıran rəssam bütün varlığı ilə bu sahənin özəlliyini, incəliyini çatdırmağa çalışır. O, həmçinin uşaq və gənclərlə işləməkdən zövq alır. Sənətkarın “Azərbaycan nağılı” silsiləsinə daxil olan əsərləri göstərir ki, Arif Hüseynov özündə ənənə ilə müasirliyin bədii vəhdətini yaşadan fərdi ifadə üslubunu sərgiləyə bilib.

Yubilyar çıxış edərək sərginin iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirdi: “İstəyirəm ki, gənc nəsil xalq nağıllarımızı oxusun, müasir müəlliflər də uşaqlar üçün yeni nağıllar yazsınlar. Bu gün Zəfərimizi, Şuşamızı təsvir edən yeni nağıllarımız yaranmalıdır. Nağıllarımızda böyük fəlsəfə var. Xalq şairi Bəxtiyar Vahabzadə deyirdi ki, insanlar gərək nağılları uşaqlıqda və qocalıqda oxusunlar. Yaradıcı adam üçün folklorda çox şey var”.

Sonra iştirakçılar sərgi ilə tanış oldular. Sərgidə görkəmli qrafika ustasının geniş və rəngarəng yaradıcılıq aləmindən bir silsilə – xalq nağıllarımıza, hər kəsin tanıdığı və sevdiyi nağıl obrazlarına həsr etdiyi 54 qrafik lövhəsi nümayiş olunur. “Azərbaycan nağılı” sərgisinin ekspozisiyasına daxil olan, rəssamın ilk dəfə rəqəmsal çap formatında işlədiyi rəsm əsərlərində nağıllarımıza parlaq və fərdi cizgilərlə yeni həyat bəxş edilib, onlardakı sehr, müdriklik, gözəllik, ülviyyət, xalqımızın mifoloji dünyagörüşü xüsusi peşəkarlıqla təsvir olunub. Bu əsərlər həm də Azərbaycanın xovsuzxovlu xalçalarının məşhur kompozisiyaları ilə haşiyələnib.

Arif Hüseynovun əsərlərində nağılların təsviri, koloriti detallarla zəngindir. İncəliklə işlənmiş ornamentlər, miniatürlər – nöqtə mirvarilərlə və digər qrafik elementlərlə xırdalanır və bütövləşir. Əsərlərə baxdıqca Arif müəllimin nağıl dünyasına və çəkdiyi rəsmlərə münasibətini bildirən bir fikri dolanır xəyalımda: “Ömründə iki dəfə bir nağıl oxuyursanbir çox kiçik olanda, birqocalanda. Təbii ki, qavrayış da fərqlidir. Uşaqlıqda “Kim yatmış, kim oyaq” sözlərini quru bir süjet kimi qəbul edirsən, böyük yaşlarda gizli alt mətni başa düşürsən: “Yatan adam həyatda ən vacib olanları əldən verir”.

Milli Xalça Muzeyində “Azərbaycan nağılı” sərgisi fevralın 24-dək davam edəcək.

 

Lalə Azəri

Mədəniyyət.- 2023.- 22 fevral.- S.5.