Brüsseldə “Xocalı: yaralı ruhlar”
Reza Deqatinin sərgisi
açılıb
Brüsseldə məşhur Azərbaycan əsilli fotojurnalist Reza Deqatinin “Xocalı: yaralı ruhlar” adlı fotosərgisi açılıb. Ölkəmizin Belçikadakı səfirliyi tərəfindən təşkil edilən sərginin açılışında əvvəlcə Türkiyədə, Suriyada və Cənubi Azərbaycanın Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Vaqif Sadıqov çıxış edərək, 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı haqqında məlumat verib. Bildirib ki, 613 mülki şəxsin öldürüldüyü, o cümlədən 8 ailənin tamamilə yox edildiyi Xocalı qətilamı insanlığa qarşı cinayətdir.
Reza Deqati bir vaxtlar əsas sənəti olan memarlığı atıb fotojurnalistika ilə məşğul olmasının məhz insanlığa sevgisindən irəli gəldiyini söyləyib, həqiqətlərin mədəniyyət və sənət vasitəsilə yayılmasının ən qüvvətli vasitə olduğuna inandığını qeyd edib. O, insanların ölümünə, binaların, tarixi abidələrin, həyati infrastrukturun dağılmasına səbəb olan müharibələrin, təbii fəlakətlərin, böhranların sağ qalan insanların yaddaşlarında sağalmayan yaralar açdığını bildirib.
Tədbir çərçivəsində dahi bəstəkarımız Fikrət Əmirovun nəvəsi, istedadlı pianoçu-bəstəkar Nəzrin Əfəndiyevanın Belçikada yaratdığı “Trio Manestri”nin Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş konsert keçirilib. Trionun (pianoda Nəzrin Əfəndiyeva, skripkada Mari-Karmen Suarez, fleytada Astrid Gallez) ifasında Azərbaycan xalq mahnılarını, F.Əmirovun, A.Rozmanın, K.Azedianın, L.Einaudinin, V.Azaraşvilinin bəstələrini, eləcə də N.Əfəndiyevanın “613 xatirəsinə” və xüsusilə bu tədbir üçün ərsəyə gətirdiyi “Azərbaycan miniatürləri” kompozisiyaları səsləndirilib.
Açılış mərasiminə qatılan diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri sərgi ilə maraqla tanış olublar.
Mədəniyyət.- 2023.- 22
fevral.- S.8.