Onun cənnəti teatrdır...
Cənnət Səlimova: “Səhnəni,
kulisin qoxusunu, teatrın hər hücrəsini sevirəm...”
Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə bu rubrikada ömrünü səhnəyə həsr etmiş qocaman sənət xadimlərimizlə söhbət edəcəyik...
O, Azərbaycan teatrının yaşayan əfsanəsi, mənə elə gəlir ki, müasir teatrımızın ən böyük qadın rejissorudur. Səhnəyə gətirdiyi yeniliklər, quruluş verdiyi tamaşalar və sözsüz ki, mədəniyyətimizə bəxş etdiyi unikallıqlara görə və ümumiyyətlə, şəxsiyyət olaraq, bəlkə də elə bu dünyada cənnətini qazanıb...
Həmsöhbətim Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli rejissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Cənnət Səlimovadır.
– Cənnət
xanım, necəsiz?
– Babat demək
olar. 83 yaş sizə asan gəlməsin.
– Bu
yaşda həyat necə görünür?
– Mən
yaşamaq istəyirəm, həyatdan doymuram. Çünki
teatrdan başqa həyatımda heç nə yoxdur. Odur ki, işləyə bilirəmsə, tamaşa
qurub, aktyorlarım, tələblərimlə
çalışıramsa, deməli, yaşayıram. Amma teatrsız həyat mənə heç nə
ifadə etmir.
– Belə
başa düşürəm ki, sizin teatrdan kənardakı həyatınız
da elə teatrladır. Bu yaşam maraqlıdır, yoxsa
artıq monoton proses?
– Bu mənim
sevimli işimdir. Belə bir fikir var: əgər zövq almaq və
dinc yaşamaq istəyirsənsə, sevdiyin işi seç. Mən bütün həyatımı, onun hər
gününü sevdiyim işə həsr etmişəm.
Mənimçün bu, səadətdir. Səhnəni, kulisin qoxusunu, teatrın hər
hücrəsini sevirəm. Aktyorları, ən
əsası da, teatr vasitəsilə unikal insanlarla ünsiyyəti.
Və bu məndə yalnız teatrla olanda
alınır. Deyirsiniz monoton, amma mən hər an
Şekspirlə, Çexovla, Cavidlə, Axundzadə ilə…
ünsiyyətdəyəm. Onlar ilə həyat
çox maraqlıdır.
– Səhnədən,
ədəbiyyatdan öyrəndikləriniz həyatda işinizə
yaradımı və maraqlıdır, cavanlıq
doğruları yaşlandıqdan sonra üz döndərmir
ki?
– Hələ
də dahilərdən öyrənməyə, onların
dünyasına daxil olmağa çalışıram. Məsələn, Hüseyn Caviddən dünyaya,
insanlığa böyük sevgini öyrəndim. Bu qədər əsər oxumuşam, amma heç
birində onun qədər bəşəri sevginin
gücünə inanana rast gəlməmişəm. Onun sayəsində həm də bütün
dünyanı, insanları, insanlığı, hətta ən
pis hesab olunanları da sevdim. Axı, onun məhəbbəti
bütün dünya boydadır. Məncə,
Cavid daim müasirdir. Çünki o,
dünya insanı idi.
– Söhbət
bu məcraya köklənmişkən, gəlin, 80 il öncəyə qayıdaq. Əgər
kövrəlmədən qayıda bilsəniz...
– Söz
verə bilmərəm, amma gedək (gülür).
– O illərə
qayıtsaq, ilk olaraq yadınıza kim və
nələr gələr?
–
Uşaqlığım mənim həyatımın ən
gözəl çağıdır. Hərçənd
indi başa düşürəm ki, uşaqlığım
ağır müharibə dövrünə düşüb.
Bakının o dövrünü – həyəcan
siqnallarını, səsgücləndiricilərdən deyilən
“işıqları söndürün”
çağırışlarını xatırlayıram.
Aclıq, səfalət, kədər dolu illər
idi. Yadımdadır, bizə bir qoca
qarı gəlirdi. Tam yad biri idi. Anam onu yedirər, çimizdirib, pal-paltarın dəyişərdi.
Sonra o tənha qadını görmədim.
Anamdan soruşanda da sakitcə “Yəqin ki, ölüb”, – dedi.
Mən uşaq ağlımla ona “Niyə
ölüb” sualını verdim. O isə məni nəinki
onda, bütün həyatım boyu sarsıdacaq və
ağrıdacaq cavabı verdi: acından
ölüb. Dəhşətli dövr idi.
Amma 4-5 yaşlı uşaq kimi mən xoşbəxt
idim və hesab edirdim ki, həyat elə belə
olmalıdır. Yaşayırdım, əylənirdim,
valideynlərimi, dünyanı sevirdim. Evimizə
bağlı uşaq idim və öz hücrəmdə
xoşbəxt böyüyürdüm. Sonra
birdən hər şey dəyişdi. Evimizə
kədər köçdü və mən ondan qaçmaq, tənhalığımdan
imtina üçün teatrı seçdim. 5 yaşım vardı və qəfildən 15
yaşlı qardaşımı itirdik. Anam
gəzən ölüyə çevrildi. Düzdü,
heç də hər şeyi anlamırdım. Amma bilirdim ki, anam üçün həyat bitdi.
Atam yenə kişi idi, özünü ələ
alıb, həyatdan tutmağa çalışırdı. Axı, həm də mən vardım. Amma anamda təəssüf ki, bu alınmırdı.
Hərçənd mənə çox
yaxşı baxırdı. Amma... qardaşımdan
sonra anamın nə saçını
boyadığını, nə üz-gözünü bəzədiyini,
nə də yeni paltarlar alıb, toya-bayrama getdiyini
gördüm. Onun həyat sevinci
bitmişdi. Mənə acıdığını da hiss
edirdim. Onu da bilirdim ki, qardaşımın
kölgəsi daim mənim təsvirimin önündədir.
Axı, mən uşaq idim və heç bir
günahım yoxuydu. Sadəcə, oynamaq, əylənmək,
sevgi ilə böyümək istəyirdim. Ona görə də atam məni tez-tez teatra, kinoya
aparırdı. O, anlayırdı ki, mən kədərlə
böyüyə bilmərəm. Hər bazar
indiki Fəvvarələr bağının yanındakı evimizdən
Yasamal qəbiristanlığına piyada gedirdik. O,
qardaşımın məzarı önündə saatlarla
oturur və susur, mən isə susqun atamla gizlənqaç
oynayırdım. Atam məni gec tapsın deyə
hər dəfə də ən uzaq məzarları
seçirdim. Bir dəfə atam bunun günah olduğunu
dedi və bu oyunumu da əlimdən “aldı”. İndi
anlayıram ki, məni orada itirməkdən qorxduğundan belə
deyib.
Cənnət xanımı uşaqlıq
dövrünün kədərli xatirələrindən
çıxarmaq çətin oldu. Aramsız göz
yaşlarından, illər əvvəlin nisgilinə
qayıdıb qapanmasından qorxdum və cəld söhbəti
sevdiyi teatra gətirdim.
– Qəribə
səslənəcək, amma o kədər olmasaydı, bəlkə
siz teatra gəlməyəcək və biz də sizin kimi unikal
rejissoru tanımayacaqdıq...
–
Başqalarını deyə bilmərəm, amma mənim o kədərdən
və ümumən dünyanın yükündən qurtulmaq
yerim teatr oldu. Reallıqdan qaçmaq
üçün teatra sığındım və o, həyatımı
tamamilə dəyişdi. Mən nə
etdim? Klassikləri götürüb bizim
zamana, reallığa, cari problemlərə inteqrasiya etdirdim.
Beləcə, reallıqdan da qopmaqdım. Sözsüz ki, bu işdə Mirzə Fətəlinin
rolu böyükdür. Onun vətəninin
sabahı üçün ürəyi nə qədər
ağrıyıb ki, o, belə əsərlər yazıb və
çılpaqlığı ilə bizi bizə göstərib.
Məncə, Axundzadə Molyerdən daha
böyük, daha əzəmətlidir.
–
Özünüzü xoşbəxt hiss etmək
üçün gəldiyiniz teatr sizi xoşbəxt etdi?
– Xoşbəxtlik
anlayışını teatrda xüsusilə qəbul etmirəm.
Buradakı xoşbəxtlik qum üzərində yazı
kimidir. Gözəl bir rəsm çəkirsiz, dalğa gəlir,
təsvirinizi yuyub aparır və geridə yenə qum qalır. Bu mənada sadəcə,
xoşbəxtlik dəqiqələri olur. Mənim
üçün bu, tamaşaçının tamaşadan məmnunluğunda
bitir. Əgər o, mənim
hazırladığım nümunədən nə isə hiss
edib, öz qəlbinə, həyatına
köçürürsə, deməli, məni xoşbəxt
edir. Amma daimi xoşbəxtlik yoxdur və
bu primitiv xülyadır.
– Həmişə
həyata belə real baxmısız, yoxsa teatrda, onun kulisində,
qaynar intriqaların içində belə möhkəmlənmisiz?
– Deməli,
o intriqalar sizin də qulaqlarınıza qədər gəlib
çıxır? Elədirsə, çox pis.
Amma həm də maraqlı (gülür). Sualınıza gəlincə, bu hal məndə ildən-ilə
dəyişdi. Gəncliyimdə daha səbirsiz
və qəti idim. Daim əmin,
dönülməz yollara gedir və asan nəticəyə gəlirdim.
Özü də fikrimdən demək olar ki,
dönmürdüm. Amma zaman ötdükcə
insanları anlamağa başladım. Sözsüz
ki, çox şeydə onlara bəraət verməyi, haqq
qazandırmağı da bacardım. Çünki
bəzi məqamlarda bu, sadəcə, yaşaya bilmək
imkanıdır. İndi daha yaxşı
anlayıram və mühakiməni birmənalı rədd edirəm.
Bunu da teatrdan öyrəndim.
– Sənətdə
yaşamaq və qalmaq üçün gedən mübarizələr
bəzən həyatdakından daha ağır olur...
–
Düzdü. Amma bu nəticəyə gəlmək
üçün teatra olan sevgin qəlbinə
sığışmamalıdır. Çünki
ən əsası xidmət və sevgidir. Gəlin,
84-ün kandarında sizə bir etiraf da edim, başqaları
rahatlaşsın. Yaşından və statusundan asılı olmayaraq,
bütün aktyorlar mənim üçün uşaqdır. Çünki körpə necə anasından
asılıdırsa, aktyor da rejissorundan asılıdır.
Mən ona rol verirəm, xoşbəxt olur, məni
sevir. Bir mövsüm səhnəmdə
görmürəm, rol vernirəm, nifrəti minə
qatlanır və o, sözsüz ki, haqlıdır. Axı, rol onun qidasıdır. Əgər
mən bir ana, himayəçi olaraq ona qida vermirəmsə,
günahı məndədir. Ona görə
də zamanla aktyorları həm daha çox sevməyi, həm
də bağışlamağı öyrəndim.
“Teatr istənilən
insanı xoşbəxt edə bilirsə, bunun
üçün əzaba dəyər”
– Fərqli
teatrlarda çoxlu aktyorlarla işləmisiz. Sizin
üçün aktyorun məmnunluğu vacibdir, yoxsa
tamaşaçının?
– Əlbəttə, tamaşaçının. Ümumən
mən hesab edirəm ki, tamaşaçını sevməsən
işləmək olmaz. Xeyli əvvəl
idi. Rus Dram Teatrında
çalışırdım. Bir komik tamaşa
hazırladım və onunla az qala
bütün ölkəni gəzdik. Əsasən
də ucqar rayonlara, kəndlərə gedirdik. Yadımda deyil hansı kənd idi, amma ucqar idi.
Səhərdən yola çıxıb
axşam 5-də çatdıq. Səhnəni,
daha doğrusu, 2-3 stul və onun yan-yörəsini
apardığımız rekvizitlərlə bəzəyib
gözləyirik. Amma bir nəfər də
tamaşaçı yoxdur. Çox məyus
olduq. Bunu hiss edən inzibatçımız bizə
ürək-dirək verməyə başladı: narahat
olmayın, gələcəklər. Sadəcə,
gözləyin, qoy naxır gəlsin, sonra başlayarıq.
Üzərindən yarım saat
keçmişdi, inəklərin səsi ətrafa
yayıldı. Bu səs bizi necə
sevindirdi. Bir-birimizə baxıb start işarəsini
verdik. Kolxozun sədri cəld ortaya atılıb “Nəyə
sevinirsiz, hələ inəklərin sağılmağı
var. Sağıcılar sağıb, işlərin
qurtarsınlar, gələcəklər”, – dedi. Baho, işə
düşmədik?!. Biz bir
saat da sağımı gözlədik. Sağım
da bitdi və tamaşaçılarımız gəldi. Düzdü, onlar rus dilində oynanılan
tamaşanın sözlərini o qədər də
yaxşı anlamırdılar. Amma necə
heyranlıq və sevinclə bizə baxırdılar. Lap qabaqda, özü də yerdə balaca uşaqlar
oturmuşdu. Arxada da qadınlar. 5-6 nəfər
kişi vardı, qalanı hamısı
ağ yaylıqlı qadınlar idi. Dəhşətlidir, (Cənnət
xanım məni qəhqəhəyə boğan
inək əhvalatından sonra yenə göz yaşlarına
boğuldu – H. N) o qadınlar, onların qabarlı və
böyük əlləri, əzablı, yorğun üzlərinə
hopan ani sevinc məni məhv etdi. Hisslərimi
ifadə etməkdə indi də çətinlik çəkirəm.
Amma məhz o zaman anladım ki, teatr istənilən
düşüncədə və zövqdə insanı
xoşbəxt edə bilirsə, bunun üçün əzaba
da dəyər və məhz o sağıcı xanımlar sayəsində
mən özümü xoşbəxt hiss etdim. Bu mənada rejissorun əsas məqsədi, amalı
tamaşaçıya sevgidir. Odur ki, zala
baxıb qiymət verən, təyinlər edən rejissora da,
aktyora da nifrət edirəm. Çünki
tamaşaçı daim haqlıdır, ən yüksək
pillədədir və biz ona borcluyuq. Bu mənada
mən ən çox tamaşaçını sevirəm.
Xüsusən bizim tamaşaçını.
Axı, onlar sonsuz müharibələrdən,
keçid dövründən, itkilərdən, maddi və mənəvi
böhranlardan əzab çəkiblər və bu, davam edir.
– Deməli,
onları teatrla ovundurmaq lazımdır. Amma, məncə,
baxır hansı tamaşaçını...
– Mənim
üçün tamaşaçının heç bir fərqi
yoxdur. Birmənalı olaraq cəmiyyət necədirsə,
onun teatrı da elədir. Amma
tamaşaçı ilə ümumi dil taparaq, onu tərbiyələndirmək
də teatrın missiyasıdır. Amma bunu
“mən səni öyrədirəm” ilə eləmək olmaz.
Mənə görə tamaşaçı da daim
yaxşı, sağlam qidalanmalı olan uşaqdır. Hansı zaman olsa da mən onunla ümumi dili
tapmalıyam və ona mərhələli olaraq ədəbiyyatı,
həyatı, sənəti göstərməliyəm.
– Cənnət
xanım, dediniz tamaşaçılarım da mənim
uşaqlarımdır. Ümumiyyətlə,
teatr tərbiyə yeridir?
– İnanmıram. Teatr sadəcə, göstərir.
Hadisələrə real baxan adam kimi deyim
ki, teatr nələrisə dəyişə bilməz, amma
göstərmək, tamaşaçıya izah etmək
imkanı var. Məsələn, aktyor səhnədə Hamleti
oynayır, tamaşaçı da heyranlıqla baxır.
Xarakterindən, münasibətindən, yaşından
asılı olmayaraq, hamı özünü Hamlet kimi hiss edir
və heç kim özünü əclaf
Klavdinin yerinə qoymur. Beləcə, teatr
tamaşaçının yaddaşında hansısa
yaxşı cəhətə işarə ilə mütləq
qalır.
–
Yaradıcılığınızın 60 ilini arxada qoymusuz. Yəqin mövsümi və daimi tamaşaları
yaxşı seçə bilirsiz. Uğuruna
necə, əvvəldən inanırsız, yoxsa?
– Bu illər
ərzində bir dəfə də olsun cari hadisə, ötəri
fakt ilə bağlı tamaşa hazırlamamışam. Yəni tarix üçün tamaşa
qoymamışam və bu mənə maraqlı deyil. Bizim işimizdə hər şeyi
tamaşaçı təyin edir. Amansızdırmı,
bəli. Çünki kino, musiqi əsəri
öz real dəyərini illər sonra da ala bilir. Amma tamaşa bu gün, bu auditoriya üçün
ya var, ya da yoxdur. Odur ki, teatrı və onun
taleyini tamaşaçı təyin edir.
“Tamaşaçını
güldürmək daha çətindir, ağlatmaq su içmək
kimidir”
–
Teatrın sütunu həmişə klassik dramaturgiyadır?
– Fərqi
yoxdur, müasir əsərlər var ki, klassika hesab etmək
olar. Elə klassik nümunələr də var
ki, heç cür tamaşaçı ilə ünsiyyət
forması yoxdur və rejissora bu xüsusda “material” vermir.
–
Janrı rejissor müəyyən edirsə, bu, asan başa gəlir?
Əslində, bu da sizdə pis alınmır deyə
sualı işin sirrini soruşmaq kimi də başa düşə
bilərsiz.
– Lap
xoşuma gəldi bu məsələ (gülür). Dramaturji material yön verir, amma bütün hallarda
janrı özüm müəyyən edirəm. Adətən mənim seçdiklərim ilə
müəlliflərin janr təyinləri üst-üstə
düşür. Amma yaxşı materialdan
istənilən işıqlı nəticə çıxarmaq
olar. Onu da deyim ki, bütün zamanlarda
tamaşaçını güldürmək daha çətindir
və bunu hər rejissor bacarmır. Söhbət
həqiqi komediyadan, gülüşdən gedir. Amma tamaşaçını ağlatmaq su içmək
kimidir və bu zəif nöqtədən bəzi pis rejissorlar
asanlıqla istifadə edirlər.
–
Rejissorlar arasındakı rəqabətdə niyə daim
aktyorlar qurban verilir?
–
Teatrdır da, ola bilir bəzən. Amma, məncə, biz bunu çox şişirdirik.
Məsələn, bir həkimim vardı,
müalicə kursu xoşuma gəlmədi və onu
başqası ilə dəyişdim. Bilirsiz,
mənə nə xəbərdarlıq etdilər? “Nəbadə, o həkimin yanında bundan
danışasan. Onlar düşməndilər və hətta
iş yerlərini də buna görə dəyişiblər”,
- dedilər. Amma bizdə elə deyil. Sevmədən də, qəbul etmədən də
birlikdə işləyə və hətta bir-birini
alqışlaya bilirsən. Teatrda
bütün nifrətlər bir mövsümlükdü,
inanın. Məsələn, mən bu
mövsüm “Otello”nu qoyuram və baş rola Səmədi
seçirəm, budur, Əhməd mənə nifrət edir.
Ona elə gəlir ki, Otello yalnız odur və
rejissor yanılır. Haqlıdırmı,
bəli. Çünki elə hesab edir.
Sözsüz ki, rejissor daha haqlıdır.
Çünki o, tamaşasının uğurlu
olması üçün ən yaxşısını, ən
uyğun variantı seçməlidir. Zaman
ötür, yeni mövsümdə yeni tamaşanın rol
bölgüsü gəlir və bu dəfə baş rola
Əhmədi seçirəm və o mənə heyran olur,
bağlanır.
– Deməli,
aktyorun sevgisi caridir?
– Bəli,
təəssüf və elə həm də nə
yaxşı ki, bu, belədir. Özü də mən
bunu artıq uzun illərdir ki, rahatlıqla qəbul edirəm.
– Yəqin
buna görə yalnız bir neçə aktyoru
özünüzün məşhur “mənim uşaqlarım”
bölgüsünə daxil etmisiz?
– Əlbəttə. Çünki onların məhəbbətinə
inanıram.
–
Uşağım dediklərinizin yaşı artıq 50-ni ötüb. Onlardan sonra sənət
övladlarınız doğulmadı? Axı, siz fasiləsiz
olaraq həm də pedaqoji iş ilə məşğulsunuz.
– Yox, niyə
ki? Sadəcə, onlar burada, mənimlədirlər.
Amma bütün tələblərimə diqqət
göstərib, fəaliyyətlərini izləyirəm, onlar
üçün əlimdən gələni etməyə
çalışıram. İnanın, mən
onların hamısına qəlbimdə yer vermişəm və
əgər öz teatrım olsaydı, mütləq
hamısını yenə bir yerə toplardım.
–
Çox vaxt yeni nəsil tənqid olunur və onların az bir qisminin sonradan sənətdə
qaldığı deyilir. Razısız?
– Bəli.
Dərs deyirəm və bunu aydın
görürəm. Mədəniyyət və İncəsənət
Universitetinin keçid qəbul balı
aşağıdır deyə buradan təsadüfi yüzlərlə
tələbə gəlib keçir və ən azı 4 il
özlərinə də, bizə də əziyyət verirlər.
Bu çoxluqda məcbur həvəsi olan 3-4 nəfər
seçilir və biz də bununla barışırıq.
Sözsüz ki, çox çətindir.
– Elələri
də məzun olub teatrlara gəlirlər və burada da sənət
mübarizəsi başlayır...
–
Çoxu dözmür, gedir. Bu mənada o
“davakar”ları da qiymətləndirmək lazımdır.
Çünki onlar çətinliklərlə
döyüşə-döyüşə qalırlar.
Baxın, bir gün rejissor aktyoruna “Bu rüb “Dovşanın ad günü”
tamaşasını qoyuram və sən orada 5-ci dovşansan”,
- deyir və bu aktyor minimum 2 ay o
beşinci dovşanı oynamaq üçün şəhərin
o başından durub bu başına gəlir. Aldığı
cüzi məvacibi, zamanını, enerjisini səhnədə
bəlkə də cəmi bir dəqiqə səhnəyə
çıxmaq üçün verir. Bu
baxımdan düşünmədən hər rola “hə” deyən
aktyor teatra daha çox lazımdır. Kimlərsə
səhnədə olmaqdan xoşbəxtdir və onun
üçün rol fərqi yoxdur. Bəziləri
isə teatra maddi təminat yeri kimi baxır, sonra da əli ətəyindən
uzun çıxıb gedirlər.
– Teatr
daim maddi baxımdan kasıb olub?
– Bəli,
bütün zamanlarda. Sadəcə, bilet
satışı ilə teatr saxlamaq mümkün deyil.
Baxın, indi durum deyim ki, ay filan iş adamı, mənə
bir tamaşa üçün 200 manat pul lazımdır. Deyəcək, yoxumdur. Amma hansısa nə
oxuduğu bilinməyən mikrofon tutanlara (mən onlara elə
deyirəm) pullar xərcləyirlər...
–
Baxıram zəngin kitabxananız var. Amma əksər
kitablarınız köhnə, müəlliflər isə
klassiklərdir. Müasir dramaturqlardan kimlərlə
işləyirsiz?
Maraqla Əli Əmirli ilə işləmişəm. Elçini
çox sevirəm. Son illər İlqar Fəhmini
kəşf etmişəm. Ola bilər ki,
dramaturgiyası hələ mükəmməl deyil, amma
möhtəşəm şairdir. Onun qəzəlləri,
şeirləri orijinaldır. Məncə,
o, ədəbiyyatda öz yerini tapacaq. Təəssüf
ki, aktiv dramaturqlarımızın sayı azdır. Ola bilsin ki, biz onları cəlb edə bilmirik və
bu da bizim – teatrın, rejissorların günahıdır.
Çünki hər teatr, rejissor öz
dramaturqunu seçib, onunla işləməlidir. Bizdə
isə bu qarşılıqlı proses nizama salınmayıb.
–
Dramaturqlar da deyir ki, rejissorlar ölü müəlliflərlə
daha rahat işləyirlər. Çünki
onların əsərləri üzərində azad şəkildə
əməliyyatlar apara bilirlər.
– Razı
deyiləm. İstər klassik, istər müasir
əsər olsun, teatr tamam başqa şeydir. Hansısa əsər əsasında tamaşa
qururamsa, mütləq tamaşaçıya o dramaturji faktdan
çıxış edərək nə isə başqa bir
formada təsvir, ideya, məna verməliyəm. İstəməyən gedib kitabxanadan əsəri
onsuz da alıb oxuyur. Axı, tamaşa bir əsərin
hərəkət həlli deyil.
“Sənətə
3-4 tənqidçinin zövqünü oxşamaq
üçün gəlməmişəm”
–
Rejissorlar həmişə teatrın repertuar siyasətindən
asılı qalır?
– Əlbəttə. Çünki teatrda bir neçə
rejissor çalışır və hər mövsüm
üçün təyin olunan repertuar planındakı rəngarənglik
üçün mütləq düzgün bölgü
olmalıdır. Yəni sən faciə qoymaq istəyərsən,
amma komediya tapşırığı alarsan və icra etməlisən.
Bu, normaldır. Di gəl mən
festival və repertuar tamaşaları bölgüsünə
nifrət edirəm. Bu, əvvəldən o
tamaşaların taleyini həll edir. Sən
böyük heyətinlə aylarla bir tamaşa üzərində
işləyib ya minlərlə tamaşaçını
sevindirə bilərsən, ya da eyni enerji itkisi ilə 2-3 nəfər
teatr mütəxəssisini – tənqidçini,
teatrşünası. Mənə sözsüz ki,
kütləvi tamaşaçı lazımdır və rejissor
kimi vəzifəm 1-2 dəfə yox, 10-20 il
oynana biləcək tamaşalar qurmaqdır.
– Bəzən
baxımlı tamaşalar da repertuardan
çıxarılır.
– Bəli, reallıqla da barışmışam, çünki çox görmüşəm. Tamaşa da övlad kimidir və diqqət, sahiblənmək istəyir. Mən bütün tamaşalarıma gəlirəm, baxıram, izləyirəm və “dağılmağa” qoymuram. Tamaşanı ilk dağıdan da elə aktyorlar olur. Başlı-başına qalanda yersiz improvizələr edirlər, səhlənkar yanaşırlar və tamaşaçını nəzərə almadan asan yola qaçırlar.
– Belə
çıxır ki, improvizəni qəbul etmirsiz?
– Edirəm, niyə ki? Hətta, məncə, improvizə bacarmayan aktyoru teatra işə götürmək olmaz. Amma söhbət istedad və bacarıqla, düşünülmüş improvizədən gedir, daha tamaşanı xaosa sürükləyən lağlağıdan yox.
– İndi nə üzərində çalışırsız?
– Hazırda pandemiyaya görə oynanılmayan tamaşalarımın bərpası ilə məşğulam. “Dəli yığıncağı” və “Romeo və Cülyetta”nı bərpa etdim. “III Riçard” üzərində iş gedir.
– “Romeo və Cülyetta” dediniz, yadıma bu tamaşanızla bağlı yazılar düşdü. Tənqidə dözümlü adamdan çox onları vecinə almayan rejissor təsiri bağışlayırsınız. Yanılıram?
– Yox (gülür). Bu məsələdə daim mafiyanın qanunları gəlir ağlıma. Onlar deyir ki, dostlarını yaxında saxla, düşmənlərini isə lap gözünün önündə.
– Mən teatrşünaslardan danışıram, siz isə mafiyadan. Təzadlı müqayisədir.
– Mən böyük məmnuniyyətlə tənqidçiləri eşidirəm və düşünürəm ki, haradasa haqlıdırlar. Daim aktyorlara da deyirəm ki, siz daha çox sizi tənqid edənləri dinləyin, nəinki tərifləyənləri. Amma söhbət sağlam tənqiddən gedirsə. Özüm də bu prinsipə əməl edirəm. Amma həm də bilirəm ki, mən sənətə 3-4 nəfər tənqidçinin zövqünü oxşamaq üçün gəlməmişəm. Çünki bəzi tənqidçilər tamaşaya sadəcə öz zövq və düşüncələrinin diktəsi ilə baxırlar. Mənim isə əsas obyektim tamaşaçıdır və onun münasibəti mənə daha maraqlıdır. Mafiya məsələsinə gəlincə, əksər rejissorların öz dost tənqidçi çevrəsi var və mən buna heç vaxt maraq göstərməmişəm.
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2023.- 22
fevral.- S.6.