“Yeni adlar”
layihəsi yeni mövsümdə də davam edir
Mədəniyyət Nazirliyinin 2022-ci ildən həyata keçirdiyi “Yeni adlar” musiqi layihəsi bu il də davam edir.
Müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihə bu il Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.
Layihənin yeni mövsümdə ilk konserti fevralın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi.
Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və digər qonaqlar vardı.
Konsertdən əvvəl qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatları Canel Nəcəfli (violin), Səid Bağırzadə (klarnet) və Zaur Məmmədov (gitara) öz ifaları ilə musiqisevərlərin könlünü oxşadılar.
Canel Nəcəflinin ifasında V.A.Motsartın “Violin və orkestr üçün 3 nömrəli konsert” (sol major, op.216), Səid Bağırzadənin ifasında K.Veberin “Klarnet və orkestr üçün 1 nömrəli konsert” (fa minor, op.73), Zaur Məmmədovun təqdimatında isə X.Rodriqonun klassik gitara və orkestr üçün “Concierto de aranjues” əsərləri alqışlarla qarşılandı.
***
Canel Nəcəfli 2002-ci ildə Bakıda doğulub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində violin ixtisası üzrə təhsil alıb. 2019-cu ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (professor Zəhra Quliyevanın sinfi – qiyabi) və Çexiyanın Plzen Konservatoriyasında (professor Roman Fedçukun sinfi – əyani) həmin ixtisas üzrə təhsilini davam etdirib.
Polşada “Mədəniyyət karvanı” beynəlxalq müsabiqə-festivalı, “Testene art Baku” beynəlxalq müsabiqəsi, Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş gənc ifaçıların III Respublika müsabiqəsi və Azad Əliyev adına violinçilərin beynəlxalq müsabiqəsində qalib olub. 2021-2022-ci illərdə “Worldvision” beynəlxalq müsabiqəsində Qran-pri mükafatı qazanıb. Azərbaycanın Çexiyadakı Səfirliyinin təşkilatçılığı ilə Zəfər Günümüzə həsr edilmiş solo konserti olub.
***
Səid Bağırzadə 2000-ci ildə
Bakıda anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyub.
2021-ci ildə Bakı Musiqi Akademiyasını fərqlənmə
diplomu ilə bitirib. 2013-2017-ci illərdə Azərbaycan
Dövlət Uşaq Filarmoniyası nəzdində
Uşaq-gənclər simfonik
orkestrinin solisti kimi fəaliyyət göstərib. 2016-cı ildə “Future stars” beynəlxalq
müsabiqəsində Qran-pri
mükafatına, 2018-ci ildə
İslam dünyası
gənc klassik musiqi ifaçılarının
VII beynəlxalq müsabiqəsində
II yerə layiq görülüb. 2019-cu ildə
Vaja Çaçava adına III beynəlxalq
kamera ansamblı müsabiqəsində I yeri
qazanıb.
***
Zaur Məmmədov
da 2000-ci ildə Bakıda anadan olub. Cövdət Hacıyev
adına 3 nömrəli Musiqi məktəbini klassik gitara ixtisası üzrə bitirib. 2021-ci ildə Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin bakalavr pilləsini başa vurub. ADMİU-da magistr pilləsi
üzrə təhsilini
davam etdirir. 2019-cu ildə “Legends of autumn” beynəlxalq incəsənət
müsabiqəsində I yerin
qalibi olub. 2020-ci ildə isə
“Art Olimpia” V beynəlxalq
incəsənət müsabiqəsində
və “Karabakh” beynəlxalq mədəniyyət
və incəsənət
müsabiqəsində I yerə
layiq görülüb.
Həmin il
“IMMC” Moskva beynəlxalq
musiqi müsabiqəsində
III yeri qazanıb.
Nurəddin
Mədəniyyət.- 2023.- 22
fevral.- S.1;3.