Muğam ustadının 85 illiyi qeyd olundu
Bir neçə nəslin nümayəndələri
muğamı Arif Babayevin ifasında dinləyib seviblər
Azərbaycan muğam ifaçılığında
özünəməxsus dəst-xətti
ilə seçilən,
xalq tərəfindən
sevilən görkəmli
xanəndələrimiz çox
olub. Muğamlarımızın mahir ifaçısı
və bilicisi, Xalq artisti Arif
Babayev də belə ustad sənətkarlardan biridir.
Ömrünün böyük
hissəsini bu ulu sənətin inkişafına və təbliğinə həsr
edən qocaman xanəndə bu il 85 yaşını
qeyd edir.
Fevralın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə,
“Şöhrət”, “İstiqlal”
və “Şərəf”
ordenli Arif Babayevin yubileyinə həsr olunmuş konsert keçirildi.
Tədbirdə tanınmış mədəniyyət
və incəsənət
xadimləri, musiqisevərlər
və digər qonaqlar iştirak edirdilər.
Konsertdən əvvəl jurnalistlərə
müsahibə verən
görkəmli xanəndə
sənətinə göstərilən
diqqət və qayğıya görə ölkə rəhbərliyinə
təşəkkür etdi,
yubiley gecəsinin təşkilatçılarına və iştirakçılara
minnətdarlığını bildirdi.
Tədbirdə Mədəniyyət Nazirliyinin
kollektivi adından yubilyara ünvanlanan təbrik məktubu oxundu. Məktubda Arif Babayevin
zəngin ənənələrə
malik Qarabağ muğam məktəbi ustadlarının sənət
yolunu uzun illərdir layiqincə davam etdirərək həm bənzərsiz ifası ilə, həm də təcrübəli xanəndə-pedaqoq
kimi fəaliyyəti ilə Azərbaycan muğam sənətinə,
xalq musiqisinə böyük töhfələr
verdiyi vurğulanır.
Bildirilir
ki, xanəndənin muğam operalarında yaratdığı yaddaqalan
obrazlar sənət salnaməmizin parlaq səhifələrini təşkil
edir.
Azərbaycan Milli Konservatoriyasının
rektoru Xalq artisti, professor Siyavuş Kərimi çıxışında
qeyd etdi ki, Arif Babayev
mahir muğam ifaçısı kimi təkcə Azərbaycanda
deyil, bütün müsəlman Şərqində
və Türk dünyasında şöhrət
qazanıb. Onun ifa etdiyi “Şur”,
“Rast”, “Bayatı-Şiraz”,
“Çahargah”, “Mirzə
Hüseyn segahı”, “Zabul segah” və
“Segah” muğamları,
xalq mahnıları, təsniflər, bəstəkar
mahnıları musiqi mədəniyyətimizin xəzinəsinə
daxil olub. Arif Babayev müxtəlif
illərdə “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında
Məcnun, Kərəm,
“Aşıq Qərib”də
Qərib, “Şah İsmayıl”da Şah İsmayıl, “Gəlin qayası”nda Camal rollarının ən mahir ifaçılarından
olub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
baş rejissoru Əməkdar incəsənət
xadimi Hafiz Quliyev bildirdi ki, bir
neçə nəslin
nümayəndələri muğamı
Arif Babayevin ifası ilə dinləyib seviblər. Azərbaycan
muğam ifaçıları
arasında ilk dəfə
professor elmi adına
layiq görülən
müğənni məhz
Arif Babayevdir. O, hazırda Azərbaycan Milli Konservatoriyasında Muğam kafedrasının
müdiridir. Onun tələbələri həm ölkə daxilində, həm də xaricdə muğamımızı uğurla
təbliğ edirlər.
Daha sonra tamaşaçıların gur
alqış sədaları
altında yubilyar səhnəyə dəvət
olundu.
Gecədə Xalq artistləri
Mənsum İbrahimov,
Zabit Nəbizadə, Nəzakət Teymurova, Aygün Bayramova, Əməkdar artistlər Cabir Abdullayev, Təyyar Bayramov, Firuz Səxavət, Zakir Əliyev, Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva,
Səbuhi İbayev, Elnur Zeynalov, Sevinc Sarıyeva, Əməkdar incəsənət
xadimi Aqil Məlikov, Əməkdar müəllim Qəzənfər
Abbasov, xanəndələr
Aytən Məhərrəmova,
Vüqar Əliyev, Hüseyn Məlikov, Mirələm Mirələmov,
Rəvanə Əmiraslanlı,
Günay İmamquluyeva,
Xəyal Hüseynov və Orxan Hüseynli
ustad xanəndənin repertuarından musiqi nümunələrini
səsləndirdilər.
Proqramda B.Kərimovun “Bəxtiyaram mən”, A.Babayevin “Tar-kamanım, gəl-gəl” və “Qurban edim”, “Mahur” təsnifi, xalq mahnısı “Gəl-gəl”, Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasından parça, N.Məmmədovun “Mən dünyada olmayanda”, Ş.Axundovanın “Neyçün gəlməz?”, R.Mustafayevin “Elə bağlıyam”, “Qarabağ şikəstəsi” və digər musiqilər ifa olundu.
İfaçıları Xalq artistləri Firuz Əliyev, Elçin Həşimov (hər ikisi tar), Elşən Mansurov (kamança), Əməkdar artistlər Rauf İslamov, İsmayıl Həmidov, Xəyyam Məmmədov, Elnur Əhmədov (hamısı kamança), Ələkbər Ələkbərov, Əliağa Sədiyev (hər ikisi tar), həmçinin Elman Sadıqov, Rəşad İbrahimov, Altay Niftəliyev (hər üçü tar) və Təbriz Yusubov (kamança) müşayiət edirdilər.
N.Məmmədli
Mədəniyyət.- 2023.- 22
fevral.- S.1;3.