Ağsu rayonundakı mədəniyyət müəssisələrinə baxış keçirilib

 

Musiqi məktəbinin binası qəzalı olduğu üçün tədris başqa binada davam etdiriləcək

 

Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini Adil Kərimli nazirliyin məsul şəxsləri ilə birlikdə Ağsu rayonundakı Heydər Əliyev Mərkəzi, Ağsu rayon Mədəniyyət Mərkəzi, şəhər Mədəniyyət evi, rayon MKS-nin Mərkəzi Kitabxanası, şəhər Uşaq musiqi məktəbi və Ağsu Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib.

Müəssisələrin fəaliyyəti ilə tanışlıq zamanı əməkdaşların şəraitinin yaxşılaşdırılması, yaradıcı insanlara, o cümlədən istedadlı gənclərə dəstək göstərilməsi, onların yerli və ölkə əhəmiyyətli müsabiqələrdə təmsil olunmasına şərait yaradılması, tədris şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

84 nəfər müəllim və texniki işçi heyətinin çalışdığı, 271 şagirdin təhsil aldığı Ağsu şəhər Uşaq musiqi məktəbinə baxış zamanı binanın qəzalı vəziyyətdə olduğu və belə şəraitdə  tədrisin davam etdirilməsinin mümkünsüzlüyü müəyyən edilib. Rayon üzrə Fövqəladə Hallar Komissiyasının müvafiq aktı da öyrənildikdən sonra məktəbin müəllim və şagird heyətinin müvəqqəti olaraq binadan çıxarılması, tədrisin bu müddətdə başqa binada keçirilməsinə qərar verilib.

 

Mədəniyyət.- 2023.- 24 fevral.- S.4.