“Ana dili
– milli varlığın təməli”
kitabının təqdimatı olub
Ədəbiyyatşünas, Bakı Dövlət Universiteti (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı və yazıçı-publisist İrəc İsmayılın birgə tərtib etdiyi “Ana dili – milli varlığın təməli” kitabı çapdan çıxıb. Fevralın 21-də – Beynəlxalq Ana Dili Günündə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda kitabın təqdimatı keçirilib.
Tədbirin aparıcısı türkoloq, professor Tofiq Məlikli Azərbaycan dilinin siyasi statusu ilə bağlı məqamları vurğulayıb, Sovet İttifaqının dağılmasından sonra milli dilin inkişafı istiqamətində görülən və görülməsi zəruri olan məsələlərə toxunub.
Akademik Nizami Cəfərov Azərbaycan türkcəsinin mifoloji qatları, folklor qaynaqları, tarixi kökləri, türk dilləri içərisində yeri, o cümlədən çağdaş problemlərinə toxunub, həmçinin dilin adı ilə bağlı bu və ya digər şəkildə davam etməkdə olan mübahisələrə aydınlıq gətirib.
Vaqif Sultanlı kitabın nəşrini zəruri edən məqamlardan söz açıb. Alim Güney Azərbaycanda qırx milyondan artıq türkün ana dilində təhsil imkanlarının olmamasını milli dili təhdid edən amil kimi dəyərləndirib.
BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli ana dilinin saflığının qorunmasında mətbuatın rolundan və televiziyaların üzərinə düşən vəzifələrdən bəhs edib.
Professorlar Həbib Zərbəliyev, Rüstəm Kamal, Almaz
Əliqızı, Rahid Ulusel,
türkiyəli alim Seyfəddin Altaylı,
Misirin Ayn Şəms Universitetinin professoru
Əhməd Sami əl-Aydi, folklorçu alim Əli Şamil, yazıçı Bəsti Əlibəyli
və başqaları təqdim olunan kitab barədə fikir və
mülahizələrini bildiriblər.
Mədəniyyət.- 2023.- 24
fevral.- S.7.