“Mən Qədirəm!...”
O, həyatının mənasını
kinoda tapmışdı. Filmlərə
çəkilməklə, ekranın görünən tərəfində
olmaqla kifayətlənmir, onun
hər əziyyətinə qatlanırdı. Rejissor assistenti,
II rejissor, film direktoru,
mühəndis, inzibatçı
kimi də titrlərdə görünürdü.
69 illik ömrünün
39 ilini kinoya
həsr etmişdi...
Bahadur Atabala oğlu Əliyev 1933-cü il fevralın 24-də
Masallı rayonunun Sığıncaq kəndində
dünyaya göz açmışdı. Uşaqlıqdan
özünəməxsus keyfiyyətləri
olduğunu duymuş, gələcək həyat
yolunu da özü təyin etmişdi: aktyor olacaqdı.
Orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Kino və
dram aktyorluğu fakültəsinə
daxil olur. İnstitut həyatı,
görkəmli sənətkarlardan
aktyorluq sənətinin
sirlərinə yiyələnməsi,
kurs tamaşalarında
rol alması onu daha da
həvəsləndirir. 1956-cı ildə institutu bitirir və “Bakı” kinostudiyasına (indi “Azərbaycanfilm”) göndərilir,
rejissor assistenti vəzifəsinə işə
qəbul edilir.
1957−1959-cu illərdə ekranlaşdırılan “Kölgələr
sürünür”, “Bir
məhəllədən iki
nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq
olarmı?” filmlərində
epizodik rollarda çıxış edir.
Kiçik, bəzən heç
adı olmayan, kütləvi səhnələrdə
görünsə də,
böyük arzularla yaşayır, yeni filmlərin, qəhrəmanların
xəyallarını qururdu.
Amma arzular bu dəfə yarı yolda qalır. Böyük həvəslə işlədiyi bir vaxtda – 1959-cu ildə “kinostudiyada işin həcmi azaldığına
görə” işdən
azad olunur. Amma sənətdən soyumur, Bakıdakı fiziki məhdudiyyətli (lal-karlar)
insanlar üçün
ixtisaslaşan mədəniyyət
evinə bədii rəhbər vəzifəsinə
işə düzəlir.
Kinostudiya ilə də
əlaqəsini kəsmir.
Bu müddətdə “Əsl
dost” filmində Fərmanın
köməkçisi, balıqçı,
“Qəribə əhvalat”da
milis işçisi rollarını ifa edir.
1961-ci ildə yenidən
“Azərbaycanfilm”ə qayıdan
aktyor bu dəfə korrektor ştatına götürülür. Aktyor kimi “Telefonçu qız”, “Əmək və qızılgül”,
“Romeo mənim qonşumdur”
filmlərinə çəkilir,
“Böyük dayaq”da komsomolçu, “Möcüzələr
adası”nda neftçi,
“Sehrli xalat”da xanın əsgəri rollarında çıxış
edir.
Geniş tamaşaçı auditoriyası onu daha çox “Ulduz” filmindən (1964) tanıyır. Bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında çəkilmiş ekran əsərinin sevilən qəhrəmanlarından biri də kolxoz sədri Qədirdir. Böyük tamaşaçı rəğbəti qazanmış filmdə Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Bəşir Səfəroğlu, Siyavuş Aslan kimi sənətkarlar rol alıblar. “Ulduz”un ulduzları sırasında Bahadur Əliyev də öz parlaqlığı ilə seçilə bildi.
“Ulduz”da parlayan Bahadur Əliyev bu dəfə də umduğunu – yeni filmlərdə əsas rolları deyil, tam əksini bulur. 1965-ci ildə böyük inzibatçı vəzifəsinə keçirilir. Yenə də ruhdan düşmür, epizodik rollarla kifayətlənməli olduğunu anlayır. “Dağlarda döyüş”, “Uşaqlığın son gecəsi”, “Yenilməz batalyon” bədii, “Yun şal” bədii televiziya filmlərində çəkilir. “İstintaq davam edir” filmində kapitan Əliyev, “İyirmialtılar” tarixi-inqilabi filmində gənc fəhlə...
1968-ci ildən kinostudiyanın dublyaj qrupu direktorunun müavini vəzifəsinə təyin olunur və 1973-cü ilə kimi bu işdə çalışır. Xarici və sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində aktyor kimi iştirak edir, inzibatçı kimi dublyaj işini təşkil edir. Bu dövrdə ekranlaşdırılan “Axırıncı aşırım”, “Bizim küçənin oğlanları”, “Həyat bizi sınayır”, “O qızı tapın” və s. kinolentlərdə yenə epizodlarda görünür.
Nəhayət, 1973-cü ildə kinoaktyor ştatına keçirilir. Ali kateqoriyalı kinoaktyor vəzifəsində təqaüdə çıxana kimi – 1995-ci ilə qədər çalışan Bahadur Əliyevi “Babək”, “Dərviş Parisi partladır”, “Evlənmək istəyirəm”, “Özgə ömür” filmlərində də görürük. Bu rollar yenə epizodik olsa da, hər birini böyük həvəslə, baş qəhrəman şövqü ilə oynayıb. Çünki o özünü bütünlüklə kino sənətinə həsr etmiş, həyatının mənasını bu sənətdə tapmışdı... 2002-ci ilin 16 sentyabrınadək, yəni son rolunu dublsuz ifa edənədək də belə yaşadı...
Həmidə
Mədəniyyət.- 2023.- 24
fevral.- S.6.