“Yetir
doğma yurda bu mahnıları...”
Bizim Müşfiqimiz
kimi məzarı bilinməyən şair. Tanınmış tatar şairi Musa Cəlilin adı çəkiləndə, yaddaqalan
poetik nümunələri
ilə yanaşı,
o həm də belə xatırlanır.
Musa Mustafa oğlu Cəlilov
(Musa Cəlil) 15 fevral
1906-cı ildə Rusiyanın
Orenburq vilayəti Şarlık rayonunun Mostafa kəndində dünyaya göz açıb. İbtidai təhsilini mollaxanada
alır. Üç
il Orenburqdakı
“Hüseyniyyə” mədrəsəsində
təhsilini davam etdirir. Erkən çağlardan poeziyaya maraq göstərir. “Xoşbəxtlik” adlı
ilk şeiri 1919-cu ildə
“Qızıl ulduz” qəzetində dərc olunur. 1925-ci ildə şeirlərindən
ibarət “Biz gedirik” adlı ilk kitabı işıq üzü görür. O, bir müddət sonra Kazan şəhərinə gedir.
“Tatarıstan” qəzetində işə
düzəlir. İşləyə-işləyə fəhlə fakültəsinə
yazılır. Sonra Moskva
Dövlət Universitetinin
Ədəbiyyat fakültəsinə
qəbul olunur. 1931-ci ildə təhsilini
müvəffəqiyyətlə başa vurur. Həmin ərəfədə “Ordenli
milyonlar”, “Şeirlər
və poemalar” adlı kitabları çapdan çıxır.
Bu, şairin geniş
və zəngin yaradıcılıq potensialını
göstərir. O, həmçinin
A.Puşkin, N.Nekrasov, T.Şevçenko və başqalarının şeirlərini
ana dilinə tərcümə edir.
Araşdırmalarda qeyd edilir ki,
tatar xalqının mədəni həyatının
elə bir sahəsi yoxdur ki, orada Musa Cəlilin parlaq izi olmasın. O, tatar poeziyasının inkişafında
müstəsna rol oynayıb, uşaq pyesləri qələmə
alıb, opera teatrının
yaradılmasında xidmətlər
göstərib. “Poçtalyon”, “Direktor və günəş” adlı poemaları oxucuların marağına
səbəb olub.
“Altınçeç” (“Qızılsaçlı”) adlı
libretto ilə tatar milli operasının yaradılmasında yaxından
iştirak edir. Ardınca “Eldar” poema-librettosunu ərsəyə gətirir.
Tatarıstan Yazıçılar İttifaqına
rəhbər təyin
edilən Musa Cəlil
gənclərin yaradıcılıq
sahəsində inkişafı
üçün böyük
səy göstərir,
rəssam, bəstəkar
və aktyorların püxtələşməsi üçün
əlindən gələni
əsirgəmir.
Musa Cəlil 1935-ci ildə
Moskva Dövlət Universitetində açılan
Tatar opera studiyasına dəvət
alır. Studiya 1938-ci ildə Tatarıstana
köçürüləndə o da Kazana qayıdır.
Studiyanın ədəbi hissə
müdiri vəzifəsində
işini davam etdirir. Şair 1939-cu ildə SSRİ Yazıçılar İttifaqı
Tatarıstan şöbəsinin
katibi seçilir.
Lakin II Dünya müharibəsi onun da həyat
yolunu dəyişir.
1941-ci ilin yayında
“Otvaqa” (“İgidlik”) cəbhə qəzetində
hərbi müxbir kimi fəaliyyətə başlayır. 1942-ci ildə Voloxov cəbhəsində ağır
yaralanır və əsir düşür.
Ağır işgəncələrə məruz qalan, taleyi ilə barışmayan şair ruzigarın acı yellərindən kömək
umur. Əhvalından
vətənin də xəbər tutmasını
istəyir:
Əs, ey yad ölkənin
acı rüzgarı,
Yollan düzənliklə,
dağla, meşəylə.
Yetir doğma yurda bu mahnıları,
Onu əhvalımdan
xəbərdar eylə.
1945-ci ilin may ayının əvvəllərində sovet
əsgərləri vuruşa-vuruşa
Moabit həbsxanasının
həyətinə girir.
Döyüşçülərdən biri rus dilində yazılan bir kağız tapır. Əsgər vərəqi qaldırır
və əli ilə hamarlayır. Sonra kağız parçasını oxuyur:
“Mən tatar şairi Musa Cəliləm.
Moabit həbsxanasında yatıram.
Yəqin
ki, faşistlər məni güllələyəcək.
Xahişim budur ki, bu qeydləri oxuyan şəxs ruslar Berlini azad etdikdən sonra bu barədə
Moskvaya və Kazana xəbər versin. Həm də Fadeyevə, Qladkova, Korneyçuka və başqa yazıçılara mənim
salamımı yetirsin...”. M.Cəlilin məktubu Yazıçılar
İttifaqının sədri
Fadeyevə göndərilir.
Məktub bir müddət sonra SSRİ Yazıçılar
İttifaqının sədri
Aleksandr Fadeyevə təqdim edilir.
II Dünya müharibəsi başa çatdıqdan sonra əsirlikdə faşizmə qarşı mübarizə aparan digər əsgərlər kimi, Musa Cəlilin də həyatı araşdırılır. Şairin antifaşist fəaliyyəti məlum olsa da, nəzərə alınmır. Əsir düşərkən özünü öldürmədiyi, almanlarla əməkdaşlıq etdiyi bildirilir və ən qatı cinayətkar elan edilir. Doğma vətənində ailəsi həbs edilərək sürgün olunur...
Aradan illər keçdikdən sonra belçikalı antifaşist Andre Timmermans şairin Moabitdə cib dəftərçəsinə yazdığı 115 şeirini Brüsseldəki SSRİ konsulluğuna təhvil verir. Şairin antifaşist təşkilatın üzvü olduğunu, buna görə də edam edildiyini (1944) bildirir. Həmin cib dəftərçəsi konsulluq tərəfindən SSRİ Xarici İşlər Nazirliyinə göndərilir. Stalinin ölümündən sonra Musa Cəlilin işi bir daha araşdırılır. Şairə ölümündən sonra, 1956-cı ildə Sovet İttifaqı Qəhrəmanı adı verilir. Əsərləri yenidən mətbuat səhifələrində yer alır. “Moabit dəftəri” silsiləsi müxtəlif dillərə tərcümə edilir. Adı, xatirəsi əbədiləşdirilir...
Özünün yazdığı kimi:
Mən ölməyəcəyəm, yox, nəğmələrim
Bu dünya durduqca məşəltək yanar.
Zəfərlərlə ölən bir qəhrəmana
“Öldü” söyləməyə kimin haqqı var?!
Savalan Fərəcov
Mədəniyyət.- 2023.- 24
fevral.- S.6.